14 İyul 2021 09:23
2 193
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Üçtərəfli anlaşmaların əldə edilməsindən sonra da Ermənistanın Qarabağ və sərhəd istiqamətlərində atəşkəsi pozması onu göstərir ki, İrəvan Azərbaycanla sülh danışıqlarına getmək məsələsində səmimi deyil. Güman edirəm ki, Paşinyan yaxın perspektivdə də imkanlarının ona verdiyi reallıqlar şəraitində manevrlər etməyə çalışacaq. Paşinyanın əsas istəyi Qərblə bağlıdır. Çünki Rusiya indiki məqamda nə Ermənistanın ondan istədiyi kreditləri, nə də yüksək texnologiyaları ona vermək iqtidarındadır”.

Politoloq Elşən Manafovun Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Xarici ölkələrin bir sıra nümayəndələrindən fərqli olaraq, Fransa, ABŞ və Rusiyanın Azərbaycandakı səfirləri Şuşaya getməkdən imtina etdilər. Necə olur ki, geosiyasətdə bir-birinə zidd mövqedə dayanmış bu dövlətlər Qarabağ məsələsində gəldikdə eyni nöqtədən çıxış edirlər?

- 46 ölkənin səfiri və nümayəndəsi Azərbaycan prezidentinin dəvəti ilə Şuşaya getdi. Münaqişənin nizamlanması ilə məşğul olan ölkələrin səfirlərinin bu səfərdən müxtəlif adlar altında imtina etmələri Azərbaycan cəmiyyətində suallar doğurur. Səfirlər bununla bağlı ünvanlanmış suallara diplomatik etiket qaydaları çərçivəsində cavab veriblər. ABŞ və Fransa səfirliklərinin cavabı bu oldu ki, onlar səfirlərin iş qrafikini açıqlamırlar. Belə ehtimal yaradırlar ki, səfirlər ya həmin gün Bakıda olmayıblar, ya da qrafikə görə Azərbaycan tərəfinin bu dəvətini yerinə yetirə bilməyiblər.

Rusiyaya gəldikdə, o, digər iki ölkədən fərqli olaraq, həm də bu münaqişənin həllində moderator kimi çıxış etdi. Məhz Rusiyanın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında iki anlaşma əldə edilib. Bu razılaşmalar Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasını, sülh müqaviləsinin imzalanmasını, bölgədə nəqliyyat xətlərinin açılmasını nəzərdə tutur. Belə anlaşılır ki, hər üç ölkənin səfiri bu məsələdə yekdil mövqedən çıxış edir. Amma mən güman etmirəm ki, onlar arasında bununla bağlı yekdil bir mövqe var. Rusiya vaxtilə tərəflər arasında moderatorluq edib anlaşma əldə olunduqdan sonra bölgəyə öz sülhməramlılarını göndərdəndə bunlar ABŞ və Fransa ilə razılaşdırılmamışdı. Rusiya ABŞ və Fransanı fakt qarşısında qoydu. Təbii ki, bütün bunlar Fransa və ABŞ-da narazılıq doğurdu və bu müqavilələrin şərtlərinə yenidən baxılmasına cəhdlər etdilər. Hətta Azərbaycana da mesajlar ünvanladılar. Bütün bunlar onu göstərir ki, hər üç dövlətin bu eyni mövqedən çıxış etməsi mümkün deyil.

- Bəs səfirlərin bu davranışlarını necə izah etmək olar?

- Bu, sadəcə bölgədəki yeni geosiyasi reallıqlardan irəli gəlir. Hesab edirəm ki, Rusiya Azərbaycanla ikitərəfli münasibətlərin əhəmiyyətini bilir. Putin son çıxışında da bildirdi ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin genişlənməsində maraqlı deyil, bölgədə sabitlik və təhlükəsizliyin təmin olunması üçün əlindən gələni edəcək. Bu onu göstərir ki, Rusiya üçtərəfli anlaşmaların yerinə yetirilməsində maraqlı tərəfdir. Buna görə də düşünürəm ki, Paşinyanın qərbpərəst olmasına baxmayaraq, Rusiya bu və digər formada Paşinyanın seçkilərdə qalib gəlməsindən məmnundur. Paşinyan anlayır ki, Rusiyanın bitərəf mövqedə durması Ermənistanın müharibədəki məğlubiyyətinin səbəblərindən biri oldu. Təbii ki, Ermənistanın məğlubiyyətinin əsas səbəbi, Azərbaycan dövlətinin bu müharibədə bütün parametrlər üzrə üstün mövqedə olması idi. Azərbaycan Ordusu Ermənistanla müqayisə edilməyəcək qədər güclüdür. Pakistan və Türkiyədən verilən dəstək də qələbəmizdə ciddi rol oynadı.

Dediyim kimi, Rusiya və KTMT-nin digər üzv dövlətləri bu müharibədə Ermənistana heç bir dəstək vermədilər. Bu da anlaşılandır, çünki Paşinyanın beynəlxalq hüquq normalarına zidd davranışları göz qabağında idi. Bütün bu amillər Ermənistanın məğlubiyyətinə səbəb oldu. Səfirlərə gəldikdə, ayrı-ayrı güclər arasında bölgədə gedən geosiyasi mübarizə yeni müstəviyə keçir. Nəzərə alsaq ki, Zəngəzur dəhlizi də Rusiya hərbi qüvvələrinin nəzarəti altında işləyəcək, bu da Fransa və ABŞ-ı məmnun etmir. Buna görə də güman etmirəm ki, Minsk qrupunda təmsil olunan dövlətlər birgə mövqe nümayiş etdirirlər.

ABŞ səfirinin son açıqlamasında belə anlaşılır ki, Vaşinqton bundan sonra da ATƏT-in Minsk qrupu çərçivəsində Moskva ilə əməkdaşlıq etməyə hazırdır. Digər iki ölkə də bunda maraqlıdır. Baş verənlər onu göstərir ki, hər üç dövlət “Dağlıq Qarabağ məsələsinin hüquqi həlli” ilə bağlı hansısa əlverişli fürsət və məqam gözləyirlər. Azərbaycan Prezidenti isə dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağın statusundan söhbət gedə bilməz. Rusiya Prezidentinin açıqlamasında da bu məqama diqqət çəkildi ki, indiki məqamda Dağlıq Qarabağın hüquqi statusu ilə bağlı danışıqlara lüzum görülmür. Bu açıqlamada “indiki məqam” vurğusu ona işarədir ki, Rusiya uzaq perspektivdə status məsələsindən imtina etmək fikrində deyil. Ümumiyyətlə, “Dağlıq Qarabağ məsələsi” bölgədə müstəqil siyasət yürüdən Azərbaycan və onun hakimiyyətinə qarşı təzyiq vasitələrini saxlamaq üçün adıçəkilən dövlətlər tərəfindən düşünülmüş geosiyasi layihədir. Güman edirəm ki, hər üç dövlət yaxın perspektivdə bu layihədən imtina etməyəcək.

- Fransa, Rusiya və ABŞ-ı anladıq, bəs Qırğızıstan, Özbəkistan və Türkmənistan səfirləri niyə kənarda qaldılar?

- Bu, təəssüf doğurur. Çünki Qırğızıstan və Özbəkistan Türk Şurasında təmsil olunurlar. Qənaətimə görə, adıçəkilən dövlətlərin bu qərarları bölgədə Taliban tərəfindən bu ölkələr üçün yaradılan təhlükələrlə bağlıdır. NATO qüvvələri Əfqanıstandan çıxdıqdan sonra bu ölkənin 85 faizinə nəzarət taliblərin əlinə keçib. Düzdür, taliblər Moskvada bəyan etdilər ki, onların Rusiya ərazilərinə iddiaları yoxdur. Amma bu o demək deyil ki, Talibanın Mərkəzi Asiyadakı MDB ölkələrinin ərazilərinə iddiaları yoxdur. 1995-ci ildə qurulan Talibanın proqramından aşkar şəkildə qeyd olunur ki, təşkilatın əsas məqsədi, Pakistan və Əfqanıstan da daxil olmaqla, Mərkəzi Asiyadakı quru yollara nəzarəti ələ keçirməkdir. Bu baxımdan düşünürəm ki, Özbəkistan və Qırğızıstan, xüsusən də Tacikistan və Türkmənistan Taliban tərəfindən onlar üçün yaradılan təhlükəni nəzərə alırlar. Buna görə də, indiki məqamda KTMT daxilində Rusiya ilə hərbi əməkdaşlığa xüsusi zərurət və ehtiyac var.

Vəziyyətin gərginləşdiyi bu dövrdə Rusiyanın adıçəkilən dövlətlərə təsir və təzyiq imkanları artacaq. Baş verənləri nəzərə alaraq onu deyə bilərəm ki, “Rus NATO-su”nda təmsil olunan bu dövlətlər bu məsələdə Rusiya ilə eyni mövqedən çıxış etdilər.

- Ermənistan Baş naziri Nikol Paşinyan öz köməkçisi Qagik İsaxanyanı niyə Qarabağa göndərdi? Bu, nəbz yoxlanışıdır, yoxsa Azərbaycanla yeni anlaşma üçün hazırlıq gedir?

- Üçtərəfli anlaşmaların əldə edilməsindən sonra da, Ermənistanın Qarabağ və sərhəd istiqamətlərində atəşkəsi pozması onu göstərir ki, İrəvan Azərbaycanla sülh danışıqlarında getmək məsələsində səmimi deyil. Güman edirəm ki, Paşinyan yaxın perspektivdə də imkanlarının ona verdiyi reallıqlar şəraitində manevrlər etməyə çalışacaq. Paşinyanın əsas istəyi Qərblə bağlıdır. Çünki Rusiya indiki məqamda nə Ermənistanın ondan istədiyi kreditləri, nə də yüksək texnologiyaları ona vermək iqtidarındadır. Lakin Rusiyanın Ermənistana təzyiq imkanları bəllidir. Ermənistan iqtisadiyyatı və dəmir yollarının Rusiyadan asılılığı, üstəgəl bu ölkədəki rus hərbi bazalarının mövcudluğu Paşinyanı ən azı yaxın perspektivdə Rusiya reallığı ilə hesablaşmaq məcburiyyətində qoyacaq.
Paşinyan yeni reallıqların yaranacağına ümid edir. Həmsədr ölkələrin səfirlərinin nümayiş etdirdikləri mövqe də göstərir ki, prinsip etibarilə belə - yeni reallıqların yaranması istisna deyil. Amma yaxın gələcəkdə Rusiyanın təsir və təzyiqi ilə Ermənistanı bölgədə nəqliyyat və kommunikasiya xətlərinin açılmasına razı salmaq mümkün olacaqsa, bu, bölgədə sözün əsl mənasında sülh və sabitliyin formalaşmasına öz töhfəsini vermiş olacaq. Əgər Ermənistan bu xətlərin açılması ilə bağlı üzərinə götürdüyü öhdəliklərə əməl etməyəcəksə, İrəvanın mövqeyindəki dekonstruktivlik qalacaq. Yəqin ki, münasib şəraitin yaranacağı təqdirdə, Paşinyan iqtidarı həmin situasiyadan istifadə edərək, münaqişə ilə bağlı məsələlərə yeni reallıqlar gətirmək istəyəcək. Ermənistan ümid edir ki, Ukrayna ətrafında yaranmış vəziyyətə görə Rusiyaya tətbiq edilən beynəlxalq sanksiyalar Cənubi Qafqazda İrəvanın xeyrinə ola biləcək şərait yarada bilər. Amma bunun perspektivdə baş tutacağını düşünmürəm. Rusiyanın NATO-nun Cənubi Qafqazda fəallaşmasına imkan verəcəyini düşünmürəm. Hər halda baş verənlər Ermənistana Qarabağ məsələsini yeni reallar müstəvisinə gətirməsinə imkan verməyəcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər