Ermənilər regionda aborigen olmadıqları, gəlmə, yad olduqları üçün indi Ermənistan adlandırılan ərazidəki toponimlər də qondarmadır, tarixi, etno-mədəni kökləri yoxdur. Bundan ötrü çox da uzağa getmək lazım deyil. Qafqaz hərbi dairəsinin topoqrafika şöbəsinin 1903-cü il tarixli xəritəsinə baxmaq kifayətdir.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı, professor Musa Qasımlı deyib.
O bildirib ki, yerli, aborigen əhali olan azərbaycanlıların Ermənistanda olan yaşayış yerlərinin adlarının dəyişdirilməsi aşağıdakı sxem üzrə həyata keçirilib:
“Xaricdən erməniləri gətirib yerləşdiriblər, böhranlı anlarda azərbaycanlıları sıxışdırıb, yaşayış yerlərindən qovaraq həmin məntəqələri ələ keçiriblər, daha sonra rəsmi qərarlarla adları dəyişdiriblər. Digər üsullardan da istifadə olunub”.
Professor qeyd edib ki, yaşayış yerlərinin adlarının dəyişdirilməsi Ermənistan SSR-nin qərarları əsasında həyata keçirilib:
“XX əsrin 30-cu illərinin əvvəllərində bu proses müvəqqəti olaraq dayandırılıb. Lakin 1935-ci il 3 yanvar tarixli fərmanla 29 rayonda azərbagcanlılara məxsus 72 yaşayış məntəqəsinin adı dəyişdirilib. 1930-1939-cu ildə 100-ə, 1940-cı ildə isə 30-a yaxın yaşayış yerinin adı Ermənistan SSR qanunverici orqanının qərarları ilə dəyişdirilib və erməniləşdirilib. 1945-ci ildən sonra da bu proses davam etdirilib”.
Musa Qasımlı xatırladıb ki, 1960-1969-cu illərdə azərbaycanlılara məxsus 70-dək yaşayış yerinin adı dəyişdirilib:
“Sonuncu belə qərar XX əsrin 90-cı illərində qəbul edilib. 1991-ci il aprelin 9-da Ermənistan Respublikası Ali Soveti Rəyasət Heyətinin fərmanına əsasən azərbaycanlılara məxsus sonuncu 94 kəndin adı dəyişdirilib və Ermənistan erməniləşdirilib. Ermənilər bu faktları inkar edə bilməzlər, Ermənistanın qanunverici orqanının rəsmi sənədlərinə baxmaları kifayətdir”.