30 Avqust 2021 14:05
746
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsinin bağlanması dövlətimizin qarşı tərəfə növbəti sərt xəbərdarlığı idi. Çünki son hadisələr göstərir ki, hansısa qüvvələr yaradılmış reallıqla razılaşmaq istəmir və yaxud da ki, ola bilsin fikirlərini gündəmə gətirmək istəyirlər. Amma bütün bunlara baxmayaraq, qlobal şəkildə məsələ həll olunub. Məsələnin həlli istiqamətində elə addımlar atılıb ki, bunu artıq heç kim dəyişdirə bilməz.

Bunu Teleqraf.com-a Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov deyib.

O qeyd edib ki, sərhəddəki erməni təxribatı müstəvisində Türkiyə, Rusiya prezidentlərinin də bəyanatları prosesin hansı səviyyədə olduğunu nümayiş etdirir:

“Həmçinin ötən gün Şuşada aparılan quruculuq işlər ilə cənab Prezidentin tanış olması, bundan öncə Kəlbəcərdən verilən mesajlar ona dələlət edir ki, bu reallığı dəyişdirmək mümkün deyil”.

Millət vəkili hesab edir ki, Ermənistan tərəfindən bu cür provakasiyaların olması da gözləniləndir:

“Ola bilsin, bundan sonra da belə xırda provakasiyalar davam etsin. Çünki Ermənistanın daxilində alt qatlarda olan qüvvələr açıq şəkildə sülh istəmir. Bu ölkədəki üst qatda olan qüvvələr isə sözdə bir mövqe, əməldə isə başqa niyyətlərini gündəmə gətirməyə çalışırlar. Amma buna baxmayaraq Moskvada bu günlərə davam edən üçtərəfli danışıqlar, Paşinyanın son bəyanatları tamam başqa bir mənzərəni ortaya qoyur”.

Səməd Seyidova görə, ermənilərin hansısa beynəlxalq təşkilatlarda tək qaldıqda, sərhəddəki provakasiyalarında, parlamentlərində insidentlər yarananda, beynəlxalq səviyyəli qonaq qəbul edəndə ritorikaları dəyişir:

“Bu isə ona dəlalət edir ki, ermənilər hələ də özlərinə haqq qazandırmaq üçün provakasiyalara əl atacaqlar. O cümlədən konfranslar təşkil edib hansısa fikirləri tirajlamağa çalışacaqlar. Amma reallıqda olan məsələ odur ki, problem həll edilib. Bunu hansısa bir formada dəyişdirmək mümkün deyil”.

Deputatın fikrincə, Azərbaycan tərəfi hazırda məsələlərə çox böyük təmkinlə yanaşır:

“Lazım olduğu məqamlarda isə dövlətimiz tərəfindən qəti və düzgün cavab verilir. Bu mənada Gorus-Qafan yolunun bağlanması əyani misaldır. Azərbaycanın atdığı bir addımla bütün Ermənistan dayandı. Bunu qarşısında isə Ermənistanın nəsə etmək imkanları məhduddur. Sadəcə olaraq bəzi məsələləri həll edəcəklərinə dair öhdəliklər götürdülər. Azərbaycan bir daha nümayiş etdirdi ki, hər kəs öz yerini bilsin”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər