20 Sentyabr 2021 20:54
1 126
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İranın Araz çayı boyunca hərbi təlimlər keçirməsi sözsüz ki, Azərbaycana mesajdır. Nəzərə almaq lazımdır ki, Azərbaycan öz ərazisindən Ermənistana və Qarabağa daşınan İran yükləri ilə bağlı çox ciddi addım atdı. Üstəlik Xəzər dənizində Türkiyə ilə birlikdə hərbi təlimlər keçirdi. Həmin təlimlərə İran Xarici İşlər Nazirliyinin sözçüsü etiraz etmişdi. Həmçinin Laçında bizim türklərlə birlikdə təlimlərimiz oldu. Bakıda Türkiyə və Pakistan xüsusi təyinatlı qüvvələr Azərbaycanla birgə təlimlər keçirdi. Görünən budur ki, bu məsələlər İran üçün çox həssasdır. Ehtimal edirəm ki, indi İran güc nümayişi etdirməklə bizə siqnal göndərirlər. Amma bu siqnalın hər hansı bir effekti olmayacaq”.

Bunu Teleqraf.com-a hərbi ekspert Azad İsazadə İranın Azərbaycanla sərhəd hissədə hərbi təlimlərə başlamasının səbəblərini şərh edərkən deyib.

Azad İsazadə əlavə edib ki, Azərbaycan öz yolu ilə gedir, İranla heç bir işi yoxdur:

“Biz onu istəyirik ki, İran bizim işimizə qarışmasın. Biz öz işimizi görürük, İrana hər hansı təhlükə yaratmırıq, belə bir niyyətimiz və istəyimiz də yoxdur. Real baxanda Azərbaycan heç Ermənistanla da müharibənin başlamasını istəmirdi. Amma Ermənistan davranışları ilə bizi buna məcbur etdi. Bütün hallarda indi Azərbaycanın kifayət qədər işi-gücü var. Biz Qarabağı bərpa etmək, ora əhalini qaytarmaq, infrastruktur yaratmaq haqqında düşünürük. Azərbaycan sadəcə istəyir ki, heç kəs ona mane olmasın, imkan versin ki, öz problemlərini həll etsin. Bəli, İran bu işdə Azərbaycana kömək etmək istəmir, bəzi hallarda buna mane olur. Məsələn, Qarabağa neft satmaqla. Bunun üçün əsas yoxdur”.


Müəllif: Nemət

Oxşar xəbərlər