8 Noyabr 2021 17:04
579
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir il əvvəl müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Ordumuzun gücü, Xalqımızın birliyi, iradə və əzmkarlığı Azərbaycan xalqına böyük qələbə bəxş etdi. Bu tarixi zəfərə, əldə etdiyimiz böyük qələbəmizə görə şəhidlərimizə, qazilərimizə borcluyuq. Təsadüfi deyil ki, müharibə dövrünün şüarı – “öldü var, döndü yoxdu” idi. Ona görə də, 44 günlük Vətən müharibəsi milli iradə, milli ruh, milli ləyaqət təntənəsidir. 44 gün ərzində Azərbaycan Ordusu bir addım belə geri çəkilmədi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin də söylədiyi kimi, “bu tarixi qələbə təkcə torpaqların geri qaytarılması deyil, ilk növbədə milli ləyaqətimizin bərpa olunması deməkdir”.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

O qeyd edib ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etməyə həmişə hazır olub: “Xalqımız 30 il idi ki, bu tarixi anı gözləyirdi. Bir il əvvəl Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında düşmən təxribatlarına qarşı əks-hücum əməliyyatına başladı. Otuz illik işğala 44 gündə son qoyuldu. Bir il əvvəl baş verən müharibə Azərbaycan xalqı üçün, bütövlükdə region üçün həlledici oldu. Biz “Dəmir yumruq” əməliyyatının bütün mərhələlərini uğurla başa vurduq. Müharibənin hər bir mərhələsi uğurla şərtlənirdi. Azərbaycan bütün təzyiqlərə rəğmən bu savaşda təkbaşına mübarizə apardı və qalib gəldi. Bu, eyni zamanda dünyada separatizmə, bölücülüyə qarşı tarixi qələbə kimi də qiymətləndirilə bilər. Çünki münaqişənin nizamlanması məqsədilə 24 mart 1992-ci ildə təsis olunmuş ATƏT-in Minsk Qrupu 29 il ərzində məsələnin həllinə yox, dondurulmasına çalışdı. Bu yanaşma illər ərzində sülh danışıqlarının nəticəsiz davam etməsinə səbəb oldu. Açıq şəkildə işğalçı ilə işğala məruz qalmış tərəf arasında fərq qoyulmadı. Beynəlxalq qətnamələr kağız üzərində qaldı. Halbuki Azərbaycan daim öz məsuliyyətini dərk edən ölkə kimi beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirdi, münaqişənin danışıqlar vasitəsilə həllinə çalışdı. Dünyanın ən nüfuzlu təşkilatı olan BMT də işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirdi. Əvəzində tərəfləri sülhə çağıran bəyanatlar səsləndirməklə işini bitmiş hesab etdi. Nəticə etibarilə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahli qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qaldı. Ən dəhşətlisi isə budur ki, beynəlxalq miqyasda sərgilənən riyakarlıq işğalçını daha da azğınlaşdırırdı, erməni təxribatlarının miqyası genişlənirdi”.

Millət vəkilinə görə, beynəlxalq ictimaiyyət də, Ermənistan da dərk edirdi ki, Azərbaycan heç bir halda işğalla, təslimçi sülhlə barışmayacaq: “2016-cı il Aprel döyüşləri, 2020-ci il iyul ayında Tovuz döyüşləri bunu bir daha təsdiqləyirdi. Lakin düşmən nəticə çıxarmaq istəmirdi, ikili standartlardan çıxış edən havadarlarına güvənirdi. 44 günlük müharibə isə həm ermənilərə, həm də onun havadarlarına dərs oldu. Bir daha təsdiqləndi ki, Azərbaycanın gücü hərbi potensialla yanaşı, milli həmrəylikdə və peşəkar rəhbərlikdədir. Azərbaycan öz haqqını və tarixi ədaləti bərpa etməklə bölgədə yeni reallıqlar yarandı. Bu gün Azərbaycan Ermənistan rəhbərliyinə şans verir ki, noyabrın 10-da imzalanmış Bəyanatın bütün müddəalarını yerinə yetirsin və özünü məsuliyyətlə aparsın. Zəngəzur dəhlizi Ermənistanın normallaşma əlaqələrinə başlaması üçün əsas şərtdir”.

Könül Nurullayeva hesab edir ki, Azərbaycanın 44 gündə əldə etdiyi qələbə nəticəsində regionun yeni siyasi və iqtisadi mənzərəsi formalaşıb: “Münaqişənin həlli eyni zamanda, regionun təhlükəsizliyini və kommersiya cəlbediciliyini təmin edən strateji faktordur. Sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsi Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın region iqtisadiyyatının ümumi arxitekturasının müəyyən edilməsində rolunu və statusunu möhkəmləndirəcək. Dövlət sərhədlərini bərpa etməklə Azərbaycan xalqı son bir əsrdə hərbi və diplomatik sahədə ən böyük zəfərə nail olub. Artıq “Dağlıq Qarabağ” adlı inzibati ərazi mövcud deyil. Heç bir qüvvə problemi yenidən bərpa etmək, Azərbaycana öz iradəsini qəbul etdirmək iqtidarında deyil. Əsas reallıqlardan biri də budur ki, Azərbaycan bölgədə, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərində gündəliyi formalaşdıran tərəfdir. Bu gün beynəlxalq aləm də Azərbaycanın qələbəsini qəbul edir. Biz bundan sonra əbədi olaraq qalib ölkə, müzəffər xalq kimi yaşayacağıq”.


Müəllif: Tapdıq Qurbanlı