25 Dekabr 2021 14:30
1 067
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Tofiq müəllim, Türkiyə Ermənistan münasibətlərinin yaxın dönəm üçün formalaşacağına inam nə dərəcədə böyükdür?

- Türkiyə və Azərbaycan siyasətinin məqsədi dəyişməz olaraq qalır. Söhbət ondan gedir ki, bir öz siyasətimizdə hansısa bir mərhələdə güc amilindən istifadə edirdik. İndi isə “yumşaq güc” adlanan bir üslüb tətbiq edilir. Türkiyə və Azərbaycan indiki reallıqda məhz bu üslubdan istifadə edir. Sözsüz ki, sərhədlərin açılması Türkiyənin Ermənistana aid məsələləri qəbul edilməsi anlamına da gəlmir. Bunlar da bəlli məsələlərdir. Həmçinin Ermənistanın Türkiyəyə qarşı ərazi iddiaları, qondarma soyqırım mövzusu, Qarabağ aid erməni siyasəti kimi məsələlər hələ də ortadadır. Onsuz da Türkiyə məqsədlərinə nail olmaq üçün öz siyasətini davam etdirəcək. Amma üslub baxımından yumşaq güc faktoru ilə buna nail olmaq istəyi var.

- Erməni tərəfindən Türkiyə ilə münasibətlərin tənzimlənməsi üçün Jerard Lebardiyanın təyinatı gözlənsə də, Ruben Rubinyanın üzərində seçim edilməsi ilə bağlı fərqli fikirlər var. Fərd amili burada nə dərəcədə təsirlidir?

- Real danışıqlar ərəfəsində bu cür məsələlərin olması bir qaydadır. Hansısa maksimal mövqe bəyan olunur. Amma Azərbaycan-Türkiyə tandemini birlikdə götürsək burada Ermənistanın heç bir potensialı qalmır. O sözsüz ki, buna tab gətirə bilməz. Bu ermənilərin siyasi davranışının bir formasıdır. Çünki onlar nə qədər çox istəsələr də az alacaqlar. Buna praktiki baxmaq lazımdır. Münasibətlər üçün kimin təyin edilməsinin heç bir fərqi yoxdur. Əslində Türkiyə ilə sərhədlərin açılması hansısa siyasi və iqtisadi əlaqələrin qurulması erməni tərəfinə daha çox lazımdır. Məhz reallıq da bu məsələləri zamanla öz yerinə qoyacaq.

- Bəs, J.Lebardiyan adı üzərində erməni tərəfinin israrı nə ilə bağlıdır?

- Mən J.Lebardiyanı şəxsən tanıyıram, evində də olmuşam. Ondan çox şeyi soruşmuşam. O millətçi olaraq hətta 14 yaşından Livanda daşnakların məktəbinə erməni uşaqlarının getməsindən danışırdı. R.Rubenyanı isə tanımıram. Amm J.Lebardyan reallığı görə bilir. O, yaxşı başa düşür ki, Ermənistanın bir dövlət olaraq gələcəyi öz qonşuları ilə normal münasibətlərin formalaşmasından asılıdır. Bunun alternativi də yoxdur. Çünki artıq erməni tərəfinin düşmənçilik üçün heç bir gücü qalmayıb. Çıxış yolu ancaq normal münasibətlərdən keçir. Proseslərin gedişi isə onu göstərir ki, Ermənistan sonda mütləq uduzmalı olacaq.

- 6 aya Türkiyə-Ermənistan münasibətlərində dönüşün olacağı proqnozları səslənir. Bu dərəcədə real yanaşmadır?

- Ermənistanın iqtisadi, demokrafik, və coğrafi vəziyyəti diktə edir ki, o qonşularla normal münasibətlər qursun. Ermənistan bunları etməsə, onların gələcəyi yoxdur. Proqnozlara görə indi Ermənistanda 1,5 milyona yaxın əhali qalıb. Belə olan halda onların hansısa bir təhlükə yaratması ehtimalı sıfıra bərabərdir. Əksinə isə Ermənistanla sərhədlərin 100 ildə bundan sonra bağlı qalmasının Türkiyə üçün heç bir təsiri yoxdur. Ona görə də, Türkiyə ilə əlaqələr qurmaq ilk növbədə Ermənistanın özünə laızmdır.

- Türk ekspertlərin də bu məsələ ilə bağlı müxtəlif fikirləri var...

- Diplomatiyanın məqsədi ondan ibarətdir ki, kimin yanlış mövqeyi varsa, mümkün təmaslarda buna düzəlişlər etsin. Guman etmirəm ki, Türkiyənin məqsədi dəyişəcək. Çünki Ermənistanın bu “nazını” kimsə qəbul edən deyil. Bu təbii ki, olmaycaq. Sadəcə olaraq mümkün təmaslardan qaçmaq ya da bu imkandan istifadə etməmək əksinə siyasi ziyan gətirə bilər. Türkiyə də məhz bu cür addım ataraq Ermənistanı masa arxasında danışıqlara çağırır. Ona görə də, nəticələri gözləmək daha yaxşı olar. Türkiyə diplomatiyasının əsrlərlə formalaşmış ənənəsi var. Onlar da lazımı şəkildə bu prosesləri icra edəcəklər. Burada Azərbaycanın maraqları da yüksək səviyyədə qorunacaq.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər