“Biz görürük, Qarabağa, Xankəndiyə və Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan digər yerlərə gələnlərin sayı gedənlərin sayı ilə böyük fərq təşkil edir. Daha çox insan oradan gedir. Biz bunu izləyirik. Bir şeyi də izləyirik ki, gedən maşınların 91 faizi, - bax, 91 faiz deməklə, o cümlədən mən bildirirəm ki, biz bunu nə dərəcədə dəqiqliklə bilirik, - yoxlanılmır. Oradan çıxan maşınların cəmi 46 faizi yoxlanılmır. Yəni, bu, nəyi göstərir? Onu göstərir ki, Rusiya sülhməramlı qüvvələri çalışırlar, giriş sərbəst olsun, çıxışda isə müəyyən problemlər olsun. Yəni, o maşını dayandırırlar, sorğu-suala tuturlar və sair. Yəni, istəyirlər ki, insanlar oradan getməsinlər. Bu isə təsadüfən ola bilməz. Bu dərəcədə fərq ola bilməz".
Teleqraf.com xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib.
Azərbaycan tərəfinin maşınların da, insanların da sayını bildiyini vurğulayan Prezident bu halın qəbuledilən olmadığını diqqətə çatdırıb:
"Bizdə olan məlumata görə, müharibə dövründə oradan çıxmış əhalinin 38 mini İkinci Qarabağ müharibəsindən sonra qayıdıbdır və qayıdanlardan 11 mini oranı həmişəlik tərk edib. Dəqiqləşdirilmiş məlumata görə, indi Rusiya sülhməramlılarının nəzarətində olan ərazidə 27 min insan yaşayır. Bax, bu iki məsələ istisna olmaqla, bütövlükdə, yenə də deyirəm, onların funksiyasını mən müsbət qiymətləndirirəm. Ciddi insidentlər olmamışdır. İnsidentlər Ermənistan-Azərbaycan sərhədində baş verib, yəni, o zonada ciddi insidentlər olmayıb”, - dövlət başçısı vurğulayıb.