23 Fevral 2022 18:45
445
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 23-də Moldova parlamentinin sədri İqor Qrosunun rəhbərlik etdiyi nümayəndə heyəti işğaldan azad olunmuş Füzuli və Şuşa şəhərlərinə səfər edib.

Qonaqları Milli Məclisin sədr müavini Adil Əliyev, Moldova ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Sabir Hacıyev və digər rəsmi şəxslər müşayiət ediblər.

Səfər çərçivəsində nümayəndə heyətinə Füzulidə ermənilər tərəfindən törədilmiş dağıntılar, dini-mədəni abidələrin yerlə-yeksan edilməsi, həmçinin rayon işğaldan azad edildikdən sonra Azərbaycan dövləti tərəfindən burada aparılan yenidənqurma işləri, həyata keçirilən layihələr barədə məlumat verilib.

Moldova parlamentinin nümayəndə heyəti Füzulidən sonra Şuşaya səfər edib. Qonaqlar əvvəlcə Şuşa qala divarları ilə tanış olublar. Onlara məlumat verilib ki, Qarabağ xanı Pənahəli xan tərəfindən inşa edilən qala uzun müddət şəhəri xarici müdaxilələrdən qoruyub, alınmazlıq simvolu olub. İşğal dövründə qala divarları erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra qalada təmir-bərpa işləri aparılıb. Sonra moldovalı qonaqlar Yuxarı Gövhərağa və Aşağı Gövhərağa məscidlərində, Cıdır düzündə olublar, Molla Pənah Vaqifin məqbərəsini ziyarət ediblər. Qonaqlara məlumat verilib ki, digər tarixi abidələrimiz kimi, bu abidələr də erməni vandalizminə məruz qalıb.

Lakin Azərbaycan dövləti onları tam bərpa edib. Moldovalı parlamentarilərin Şuşaya səfəri Azərbaycanın Xalq artisti Bülbülün Şuşa şəhərindəki ev-muzeyinin ziyarət olunması ilə yekunlaşıb. Muzeyin fəaliyyəti və tarixi barədə qonaqlara məlumat verilib. Bununla da Moldova parlamentinin sədri İqor Qrosunun rəhbərlik etdiyi Moldova parlament nümayəndə heyətinin Füzuli və Şuşaya səfəri başa çatıb.


Müəllif: Nemət Hüseynli

Oxşar xəbərlər