Son illər dünya müxtəlif böhranlı vəziyyətlərlə üzləşib. 2008-ci ildən başlayan ümumdünya maliyyə-iqtisadi böhranı artıq özünün dördüncü - daha çətin bir mərhələsinə qədəm qoyub. İsti və soyuq müharibələr bir-birini əvəz edir. Müxtəlif regionlarda təbii, hümanitar fəlakətlər insanları ağır vəziyyətdə qoyur. Son iki ildə isə koronavirus pandemiyası bütün ölkələri, millətləri sınağa çəkib. Belə bir çətin dönəmdə hər bir xalqın gözü özünün liderinə dikilir.
Bunu Teleqraf.com-a Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev deyib.
O qeyd edib ki, hansı ölkələrdə lider güclüdürsə, lider-xalq birliyi möhkəmdirsə, uğurlu siyasət aparılırsa, o dövlətlər böhranları çox asanlıqla dəf edir və az itki ilə prosesdən çıxır:
“Koronavirus pandemiyası dövründə biz bunu açıq şəkildə müşahidə etdik. Azərbaycan Prezidenti İlham Əliyev öz xalqının Lideri olmaqla bərabər bir dünya dövlətinin başçısı kimi özünün vaxtında və düzgün olaraq verdiyi qərarları ilə bütün bəşəriyyətin bu bəladan az itki ilə çıxmasında tarixi rol oynadı və mühüm töhfələr verdi. Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT-nin üç dəfə koronavirus pandemiyasına həsr olunmuş sessiyaları, konfransları keçirilib. Vaksin millətçiliyinə və qeyri-bərabər bölgüsünə qarşı da dövlətimizin başçısının iradəsi mühüm önəm kəsb edib”.
Musa Quliyevə görə, hazırda Rusiya-Ukrayna arasında baş verən müharibə getdikcə dərinləşir:
“Dünya sanki III Dünya müharibəsi ərəfəsindədir. Cərəyan edən hadisələr məhz belə bir görüntü formalaşdırır. Bütün bunlar isə məhz bu amili bir daha önə çıxarır ki, milli maraqları qorumaq iqtidarında olmayan lideri olanda ölkə böyük qüvvələrin poliqonuna çevrilir. Azərbaycan bu gün təhlükəsizlik adasıdır. Dövlətimiz və xalqımız Prezident İlham Əliyevin məharətlə, qətiyyətlə həyata keçirdiyi siyasətin nəticəsində xarici təhlükələrdən və müdaxilələrdən qorunur. Ölkəmiz sabit inkişaf yolundadır”.
Komitə sədri hesab edir ki, qədirbilən xalqımız bu reallığı görür və yüksək qiymətləndirir:
“Amma təəsüf ki, bu reallığı görmək istəməyən, ancaq müəyyən dairələrin maraqlarına xidmət edən qüvvələr hələ də qalmaqdadır. Azərbaycan xalqı bu bədxaxlara hər zaman olduğu və tariximizin ən vacib məqamlarında öz yerini göstərdiyi kimi istənilən zəruri məqamda da layiq olduqları cavab verəcək”.