“Ukrayna bu müharibəni uduzur. Prezident Zelenski tələb edir ki, Putinlə görüşmək istəyir. Sanki Putinlə görüş onun arzusudur. Amma bu gün Zelenski Ukraynada heç nəyi idarə etmir. Üstəlik Rusiyanın Ukrayna qarşısında irəli sürdüyü tələblər var. Bu tələbləri Zelenski həll edə bilməyəcək. Buna görə sual edilir ki, Putin Zelenski ilə niyə görüşməlidir?”.
Bunu Teleqraf.com-a Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə deyib.
Rusiya ordusunun Ukraynada kifayət qədər itkilər verdiyinə gəldikdə Araz Əlizadə bildirib ki, müharibə itkisiz olmur: “Heç kəs demir ki, Rusiya Ukraynada itkilər vermir. Bəli verir, amma deyildiyi qədər də çox itkilərdən ibarət deyil”.
ASDP sədrinin sözlərinə görə, indi sanki Ukraynada toy-bayram əhvalı var: “Bu mənim yadıma 1967-ci ildə başlanan İsrail-Misir müharibəsini salır. Həmin vaxt Misirdə qələbəni toy-bayram edirdilər. Amma bir həftədən sonra aydın oldu ki, Misir ordusu artıq yoxdur, darmadağın edilib”.
Siyasətçi bildirir ki, ruslar Ukrayna şəhərlərini tam gücü ilə bombardman etmirlər: “Məqsəd dinc əhali arasında itkilərin çox olmamasıdır. Amma metodik olaraq Ukrayna ordusunu mühasirəyə alırlar və məhv etməyə çalışırlar. Bu səbəbdən də müharibə uzanır”.
Araz Əlizadə hesab etmir ki, bu müharibə ilə Ukrayna və rus xalqları arasında heç vaxt olmayacaq dərəcədə düşmənçiliyin əsası qoyulub və bunu düzəltmək yaxın 30 ildə mümkün olmayacaq: “Müharibə bitdikdən və Ukrayna məğlub olduqan sonra hər şey öz yerinə qayıdacaq. Buna qədər SSRİ zamanı ukrayna millətçilərinin-Bandera tərəfdarlarının cavabı verilib. Əgər Xuruşov gəlib onları azad etməsəydi, qatı millətçilərin hamısı həbsxanalarda öləcəkdi. Odur ki, hər şey qaydasına düşəcək, düşmənçilik də aradan qalxacaq”.