3 İyun 2022 14:12
1 352
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un suallarını ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- ABŞ Prezidenti Co Baydenin ard-arda iki dəfə azərbaycanlı həmkarı İlham Əliyevə məktub göndərməsi diqqət çəkdi və müzakirələrə səbəb oldu. Hər iki məktubda cənab Bayden Azərbaycanın ABŞ üçün önəmini vurğuladı. O, əvvəlki məktubunda əlaqələrin daha da dərinləşdirilməsinə ümidini dilə gətirdi. Sizcə, ABŞ-Azərbaycan münasibətlərinin daha da irəli aparılması üçün nə kimi addımlar atıla bilər?

- Prezident Baydenin Prezident Əliyevə məktubunda qeyd edildiyi kimi, ABŞ-Azərbaycan əlaqələri artıq güclüdür. Əlaqələri gücləndirmək üçün böyük addımların atılmalı olduğunu düşünmürəm. Fikrimcə, Azərbaycan və ABŞ hazırda etdiklərini davam etdirməlidir. Bu da təbii ki, ABŞ-ın Azərbaycanın enerji mənbələrinin – neft, qaz və boru kəmərlərinin, eyni zamanda bərpa oluna bilən enerjinin inkişafına və Avropa və qlobal bazarlara çıxışına güclü dəstək verməsidir.

Hesab edirəm ki, ABŞ və Azərbaycanın təhlükəsizlik məsələlərində əməkdaşlığı davam etdirməsi də çox vacibdir. Onların Əfqanıstan və İraqla bağlı əla təcrübələri var. Mən keçmiş həmsədr kimi deyə bilərəm ki, Qarabağda da belə bir təcrübə mövcuddur. Düşünürəm ki, biz illər boyu xoş niyyətlə danışıqlar apardıq, Azərbaycan və Ermənistan rəhbərlərinə 2009-cu ilin yanvarında qeyri-rəsmi olaraq Madrid prinsipləri adlanan formatla münaqişənin həlli çərçivəsi ilə razılaşmağa kömək edə bildik.

Bu, son nəticədə ikinci Dağlıq Qarabağ müharibəsindən sonra Azərbaycanın əvvəllər işğal olunmuş bütün rayonlarının qaytarılması və Qarabağda qalacaq bütün ermənilərin təhlükəsizliyini təmin edən razılaşma ilə eynidir.

- Avropa Birliyinin Azərbaycan-Ermənistan sülh danışıqlarındakı fəallığından gözləntiniz necədir? Artıq Brüsseldə keçirilən görüş effekt verməyə başlayıb, Azərbaycan və Ermənistan nümayəndələri vasitəçi olmadan sərhəd məsələsini müzakirə etdilər. Prosesdən bundan sonrakı gözləntiniz necədir?

- Hesab edirəm ki, Avropa İttifaqı çox yaxşı iş görür. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Azərbaycan və Ermənistanın faktiki sülh müqaviləsinin başlanğıcına doğru irəliləməsi və həm də gərginliyin azaldılması və sərhədin demarkasiyası ilə bağlı kömək edir. Bu danışıqlar bir az vaxt aparacaq.

Minsk qrupunun həmsədri kimi mən həmişə düşünmüşəm ki, Avropa İttifaqının bir deyil, bir çox üzv dövlətlərinin birliyi olması əla olardı. Fikrimcə, İkinci Qarabağ müharibəsində Fransanın açıq şəkildə Ermənistanın tərəfini saxlamasından sonra onun anlamlı və obyektiv vasitəçi rolu oynaması çox çətindir. Bu səbəbdən Avropa İttifaqının işə qarışması yaxşı haldır. Onlar impuls yaradır və ümid edirəm ki, iki tərəf tezliklə razılığa gələcək.

Bilirəm ki, prezident Əliyev sülh sazişinə sadiqdir və əminəm ki, baş nazir Paşinyan da bu qərardadır. Lakin o, təbii ki, Ermənistan küçələrində etiraz edənlərin ciddi müqaviməti ilə üzləşir. Amma mən hesab edirəm ki, Paşinyan getdikcə daha da güclənir, çünki biz onun siyasi hərəkatının Ermənistanda keçən iyun parlament seçkilərində qələbəsini gördük.

- ABŞ və Avropa Birliyinin birdən-birə Azərbaycana və ya Cənubi Qafqaza bu qədər marağının və buradakı problemlərin həllində fəallığının artması nə ilə bağlı ola bilər?

- Aİ və ABŞ-ın Azərbaycana marağının birdən-birə artdığını düşünmürəm. Azərbaycana illərdir böyük maraq var. Ancaq aydın olan odur ki, daha çox Azərbaycan təbii qazının Aİ-yə üzv dövlətlərə daha sürətli çatdırılmasında yenidən maraq yaranıb və bu, açıq-aydın ona görədir ki, Aİ Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Rusiya qazından istifadəni dayandırmaq istəyir.

- Ermənistanda müxalifət bir aydan çoxdur baş nazir Nikol Paşinyan əleyhinə mitinq keçirir. Müxalifər Paşinyanın istefa verməsini tələb edirlər. Sizcə, Ermənistan baş naziri bu müqavimətə tab gətirib hakimiyyətini qoruya biləcəkmi?

- Qeyd etdiyim kimi, bəli, İrəvanın küçələrində baş nazir Paşinyana qarşı hər zaman etirazlar olur. Lakin o, indiyə qədər dözüb və danışıqları davam etdirir. Onun siyasi hərəkatı keçən il Ermənistanda keçirilən seçkilərdə qalib gəlib, ona görə də məncə, o, daha da güclənəcək. Lakin hazırda çətin bir dövrlə üzləşib.

- Bayden Ukraynaya müasir raket və yaylım atəş sistemlərinin veriləcəyini bildirib. Ukraynanın hücum silahları ilə təmin edilməsi müharibənin gedişinə necə təsir göstərəcək? Ukrayna Rusiya ərazisinə zərbə endirə bilərmi?

- ABŞ və müttəfiqlərinin Ukraynaya verdiyi silahlar Ukraynanın cəsur əsgərlərinə olduqca effektiv döyüşməyə və hətta döyüş meydanında rus hərbçilərini alçaltmağa imkan verdi. Bu, təkcə prezident Putin üçün yox, həm də onun öz hərbçiləri üçün də ağrılı oldu. Ona görə də ABŞ və onun müttəfiqləri tərəfindən verilən silahlar böyük təsir göstərir.

ABŞ-ın təmin edəcəyi yeni raketlər daha da çox iş görəcək. Onlar Ukrayna vətəndaşlarını qorxudan və onların şəhərlərini yerlə-yeksan edən rus artilleriyasını məhv edə biləcək. Bu raketlərlə artilleriya ya məhv ediləcək, ya da geri çəkilməli olacaq. Aydındır, ABŞ və Ukrayna razılığa gəliblər ki, Ukrayna bu silahların heç biri ilə Rusiya ərazisini vura bilməyəcək.

- Rusiyanın Moldovaya müdaxiləsi və Gürcüstanın Cənubi Osetiya bölgəsinin federasiyaya ilhaqı da gündəmdədir. Rusiya bu avantüraya gedəcəkmi?

- İnanıram ki, Rusiya Ukraynada dayandırılmasa, Ukrayna ərazisini tutub saxlaya bilsə, Kiyev və Odessaya doğru irəliləməkdə davam etsə, bundan sonra Moldova və Gürcüstana üz tutacaq. Ancaq Rusiya Ukraynada uğur qazana bilməyəcək, ona görə də Moldova və Gürcüstanın təhlükəsiz olduğunu düşünürəm.

- NATO-ya üzv olmaq istəyən Finlandiya və İsveç Türkiyə vetosu ilə üzləşib. Sizcə, Skandinaviya ölkələri alyansa qoşulmaq üçün Türkiyənin şərtlərini qəbul edəcəklərmi?

- Bir tərəfdə Finlandiya və İsveç, digər tərəfdən Türkiyə hazırda iki dövlətin NATO-ya daxil olmaq istəkləri ilə bağlı fəal danışıqlar aparır. Türkiyə uzun müddətdir ki, NATO-nun genişlənməsinin güclü tərəfdarıdır. Ankarada yüksək vəzifəli məmurlarla apardığım məsləhətləşmələrə əsaslanaraq əminliklə deyə bilərəm ki, Türkiyə hökuməti Finlandiya və İsveçin NATO-ya üzv olmasını istəyir.

İsveç və Finlandiyanın nəhayət Türkiyənin istəklərini, xüsusilə də İsveçin PKK və onun qolu YPG-dən olan terrorçuları müdafiə etməsi və dəstəkləməsi ilə bağlı şikayətlərini dinlədiyinə inanıram.

Təbii ki, Türkiyəni də 2016-cı ilin iyulunda ölkədə dövlət çevrilişinə görə məsuliyyət daşıyan həmin qruplaşmaların və qondarma Fətullahçı Terror Təşkilatının üzvlərinin varlığı və ekstradisiya edilməməsi narahat edir. Məncə, İsveç və Finlandiya üçün ekstradisiya tələblərinə müsbət cavab vermək çətindir, lakin danışıqlar gedir və biz gedişatı görəcəyik.

Fikrimcə, hamı bunun uğurlu olmasının tərəfdarıdır, çünki Ankara Stokholm və Helsinkinin NATO-ya üzv olmasını istəyir.


Müəllif: Mirvari Əzizova