26 Avqust 2022 17:51
1 917
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Cümşüd Nuriyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Cümşüd bəy, son dövr Azərbaycan-Ermənistan arasında diplomatik təmasların sayı artıb. Brüsseldə Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşü oldu. Ayın sonunda liderlərin Moskvada görüşü nəzərdə tutulur. Eyni zamanda Azərbaycan və Ermənistan baş nazirlərinin də Bişkekdə görüşünun olacağı proqnozlaşdırılır. Bu aktivlik proseslərin irəliləməsində nə dərəcədə təsirli görünür?

- Son zamanlar qeydə alınan diplomatik fəallıq gözlənilən idi. Prezident İlham Əliyev bunu planlaşdırmışdı. Bu müddət ərzində Ermənistanın yürütdüyü xarici siyasət bizə kifayət qədər bəllidir. Bunun hansı çalarla davam etməsi, hansı təxribatların ola bilməsi barədə Azərbaycan tərəfinin tam məlumatı var. Eyni zamanda proqnozlaşdırma apararkən bunların hamısı nəzərə alınmışdı. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla Brüsseldəki görüşündən sonra ümumi bir məsələ gündəliyə gəlsə də əsas danışıqlarda növbəti görüşlərin təşkil olunması proqnozlaşdırıla bilər. Artıq Xarici İşlər nazirləri səviyyəsində də görüşlər olub. Təbii ki, Hikmət Hacıyev ölkə başçısından səlahiyyət alaraq bu görüşlərə gedib. Qarabağ müharibəsindən keçən müddət ərzində Hikmət Hacıyevin kifayət qədər peşəkar olduğu göründü. Amma Armen Qriqoryan Hikmət Hacıyevlə müqayisədə zəif bir fiqurdur. Bu, etiraf olunmalıdır. Eyni zamanda Ermənistan hazırda çıxılmaz vəziyyətdədir. Bundan da Azərbaycan öz siyasi maraqları üçün yararlanır. Proqnozlaşdırılıb ki, bu ayın sonunda Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında Moskvada görüş olacaq. Ona qədər isə Azərbaycanın və Ermənistanın diplomatik heyəti bu və ya digər formada danışıqların təşkil olunması, necə həyata keçiriləcəyi haqqında razılaşmalar aparır.

- Necə düşünürsünüz bu dərəcədə aktiv və sıx təmasların real nəticəsinin olması gözlənilirmi?

- Tərəflər arasında ilkin çərçivə sənədləri hazırlana bilər. Hikmət Hacıyevin çıxışından başa düşmək olur ki, Ermənistan tərəfi hər üç məsələdə müsbət tendensiyanı qəbul edir. Xüsusilə də sülh müqaviləsinin hazırlanması məsələsi burada diqqət çəkir. Azərbaycan üçün önəmli məsələ Zəngəzur dəhlizi ilə bağlıdır. Artıq Azərbaycanla Rusiya arasında da bu məsələ ətrafında konkret razılıq var. Yeganə burada hay-küy salan İran tərəfidir. İranın isə mövqeyi əvvəlcədən bəlli idi. Bu dəfə də İranın İtaliyadakı keçmiş səfiri bu məsələ ilə bağlı mövqe bildirib. Yəni bu məsələdə İran öz xislətinə uyğun olaraq yenə də işə maneə olmaq istəyəcək. İran tərəfindən mümkün “hədə-qorxular”, “siyasi” təxribatlar törəlirdir. Ona görə də, Azərbaycan bu məsələləri kifayət asta və ustalıqla həyata keçirir.

- Üç prinsip dedikdə hansı məsələlər nəzərdə tutulur?

- İnanırıq ki, ən azı bu ilin axırına qədər üç müqavilədən biri mütləq imzalanacaq. İlk növbədə sülh sazişinin bir qədər gec imzalanması proqnozlaşdırıla bilər. İkinci məsələ sərhədlərin delimitasiya və demarkasiyasıdır. Bu da çox önəmlidir. Amma bu da həyata keçiriləcək. Üçüncü məsələ isə Zəngəzur dəhlizi ilə bağlıdır. Bununla bağlı ilkin razılaşma sənədinin əldə olunacağı gözlənilir. Artıq Azərbaycan Ordusu Laçındadır. Dövlət qurumları burada yerləşib. Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətimizə keçdi. Bu da Azərbaycan Prezidentinin siyasi müstəvidə ciddi bir qələbəsidir. Bununla böyük bir ərazi tamamilə rus sülhməramlılarının nəzarətindən çıxmış olur. Onların nəzarətinə keçən ərazidə isə elə bir strateji mövqe yoxdur. Əksinə bura Azərbaycan Ordusunun tam nəzarətindədir. Bütün bunların fonunda Ermənistanın razılaşmaya məcbur olması qaçılmazdır. Sözsüz ki, bütün müharibələrin sonu sülhlə bitir. 50-100 illik müharibələr belə sülhlə bitib. Bizdə bu müharibə 30 ildən bir az çox davam etdi. Bunun da mütləq ki, sülh sazişi ilə bitəcəyi mümkündür. Dövlət başçısının yürütdüyü siyasət uğurla nəticələnəcək.

- Türkiyə Ermənistan münasibətlərindəki real vəziyyəti necə şərh etmək olar? Tərəflər son partlayış və qəzalara görə bir-birinə başsağlığı mesajları ünvanlayıb. Amma danışıqların nəticəsi olaraq ortada tutarlı bir fakt yoxdur ...

- Şərq insanları, xüsusən də müsəlmanlar hər zaman hər şeyin çox sürətlə tez həll olunmasını istəyir. Tez həll edilən diplomatik məsələlərdə tərəflər çox ciddi səhvlər buraxır. Sözsüz ki, Türkiyə peşəkar komandası olan bir dövlətdir. Artıq Türkiyə türk və müsəlman dünyası, Yaxın, Orta Şərq liderliyindən dünya liderliyinə çevrilir. Yəni dünya dövlətləri bu gün Rəcəb Tayyib Ərdoğanı birmənalı şəkildə sözü bütöv, peşəkar bir dövlət başçısı kimi qəbul edir. Bu baxımdan da hazırda Türkiyə ilə Ermənistan arasında olan gərginlik səngiyib. İllərdir Qərbin təsiri ilə Ermənistan əhalisi Türkiyəyə qarşı nifrət ruhunda bəsləyirlər. Artıq dört-beş nəsil belə böyüdülüb. Ona görə də, birdən-birə onların Türkiyə ilə bağlı fikirlərinin dəyişməsi mümkünsüzdür. Azərbaycanla da bu sindrom mövcuddur və olacaq. Sözsüz azərbaycanlıların da ermənilərr münasibəti birdən-birə eyni olmayacaq və bu da təbiidir. Ona görədə Türkiyə-Ermənistan arasında olacaq istiləşmə yaxşı istiqamətdə gedir. Əradoğan da bəyan etdi ki, Türkiyədə yaşayan ermənilərlə yanaşı bir o sayda da erməni əsilli insan burada çalışır. Yəni, bu açıq bir mesaj idi ki, biz pislik istəmirik. Pislik istəsək ayaq altında qalarsınız. Eyni zamanda Ermənistan birmənalı şəkildə indiki halda Türkiyə-Rusiya münasibətlərini görür. Türkiyənin Ukrayna ilə bağlı rolunu da ortadadır. Ərdoğan indi də Putinlə Zelenskini görüşdürmək niyyətindədir ki, onları bir masada əyləşdirsin. Bu baxından iri dövlətlərin fonunda Ermənistan heç kimdir. Tükiyənin bir vilayəti qədər olmayan Ermənistan yəqin ki, bunu da anlayır. Amma Türkiyə öz qonşuları ilə sıfır problem məsələsini gündəmə gətirib. Bu baxımdan Ermənistanla da gərginliyin əvvəlki səviyyədə qalmasını istəmir. Ermənistanda da bunu baş düşənlər var. Qərbin hakimiyyətə gətirdiyi Ermənistan iqtidarı da bu ölkəni blokada vəziyyətindən xilas etmək istəyir. İran onsuz da blokada vəziyyətindədir. Belə olan halda Ermənistan Gürcüstan üzərindən hara çıxa biləcək? Yollar arzu olunan səviyyədə deyil. Azərbaycanla olan məsələlər isə göz önündədir. Yeganə qurtuluş Türkiyə ilə sərhədlərin açılmasıdır. Ermənistan da məhz bu yolu seçib. Bu uzun və ağrılı olacaq. Siyasətin də əsas məqsədi nəticədir. Türkiyənin əsas siyasətinin də nəticəsi çox uğurludur.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər