22 Oktyabr 2022 09:17
1 404
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın sərhədimizdə keçirdiyi təlimlər anti-Azərbaycan xarakteri daşıyır. Molla rejimi bununla Azərbaycana qarşı əzələ nümayiş etdirməyə çalışır. Əslində bu təlimlər göstərdi ki, İran ordusu qeyri-peşəkar, müasir dövrün hərbi standartlarından çox geridə qalıb. Uzun illər tətbiq olunmuş sanksiyalar səbəbindən İran ordusunun texnoloji baxımdan 1970-ci illər səviyyəsində olduğunu indi hər kəs görür.

Bunu Teleqraf.com-a politoloq Qabil Hüseynli deyib.

O qeyd edib ki, İranın ağır texnikası, köhnə tankları indi heç nəyə yaramır:

“Çünki təlimlər zamanı hədəfləri bu silahlar düzgün müəyyənləşdirə bilmir. Bir qayda olaraq İran təlimlərdə öz texnikasını hədəf götürür. Həmçinin İranın ciddi cəhdlə təriflədiyi dronlar Ukrayna ordusu tərəfindən asanlıqla məhv edilir. Bununla yanaşı, bu gün İran Ukrayna şəhərlərinin, mülki əhalisinin hədəf götürülməsində birbaşa iştirak edir. Riyakarcasına inkar etməsinə baxmayaraq, molla rejimi dronlarını, mütəxəssislərini Ukraynaya qarşı hərbi əməliyyatlarda iştiraka cəlb edib”.

Politoloq hesab edir ki, İranın əzələ nümayişi bu gün heç kimi, o cümlədən də Azərbaycanı qəti narahat etmir:

“Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla mətbuata birgə bəyanatında bildirib ki, Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli bir amildir. Bu, sülh, sabitlik amilidir. Eyni zamanda, əgər kimsə yenə də bizə qarşı ədalətsiz hərəkət etmək istəsə, əlbəttə ki, bu amili ciddi nəzərə almalıdır. İran bu mesajdan ciddi nəticə çıxartmalı və hansı qüvvə ilə üz-üzə gəlmək istədiyini anlamalıdır. İran anlamalıdır ki, Azərbaycanın atdığı addımlar, o cümlədən də Zəngəzur dəhlizinin reallaşdırılması heç kimə qarşı yönəlməyib. Əksinə, bu bölgənin inkişafına əsaslı töhfə vermək məqsədi güdür”.

Qabil Hüseynliyə görə, İran öz ənənəsinə sadiq qalaraq ermənipərəst və anti-Azərbaycan siyasətini davam etdirir:

“Təsadüfi deyil ki, Türkiyə Prezidenti R.T.Ərdoğanın Azərbaycana səfəri zamanı İranın xarici işlər naziri Əmir Abdullahian da İrəvana səfər etdi. İran bütün dövrlərdə Ermənistanın yanında olduğunu, onun maraqlarını müdafiə etdiyini öz əməli ilə təsdiq edib. Azərbaycan torpaqları işğal altında olduğu dövrdə İran Ermənistanla siyasi, iqtisadi-ticarət, humanitar əlaqələrini inkişaf etdirib, birgə layihələr həyata keçirilib. Eyni zamanda 30 illik işğal dövründə İran həmin ərazilərdə Azərbaycan xalqına məxsus milli mədəni irsin dağıdılmasına, məscidlərin uçurulması və təhqir olunmasına göz yumub. İrəvanda, Şuşada məscidləri bərpa etməklə Ermənistanın "humanist" simasını qoruyub saxlamağa çalışıb. İran şirkətləri Azərbaycanın işğal edilmiş ərazilərində qarət və talançılıq prosesində yaxından iştirak ediblər”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər