Ötən ilin oktyabrında Füzuli Beynəlxalq Hava Limanının açılışında da qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak etdi. Bu il Zəngilanın erməni işğalından azad edilməsinin ikinci il dönümündə Zəngilan Beynəlxalq Hava Limanının açılması mühüm tarixi əhəmiyyətə malik idi. Bu əlamətdar gündə qardaş ölkə liderinin açılışda iştirakı isə olduqca böyük bir önəm kəsb edir. Həmin hadisədən bir gün öncə isə Prezidenti İlham Əliyevin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarına səfəri baş tutmuşdu. Məhz bu açılışda da bir daha vurğulandı ki, Qarabağa, Zəngəzura Böyük Qayıdış başlayıb və azərbaycanlılar öz ata-baba yurdlarında əbədi yaşayacaqlar.
Bunu Teleqraf.com-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.
Millət vəkili hesab edir ki, burada verilmiş olan digər mühüm mesaj Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu ehtiva edir:
“Eyni zamanda Azərbaycan da öz növbəsində hər an qardaş Türkiyə ilə bərabərdir. Zəngilan erməni işğalı dövründə yerlə-yeksan edilən rayonlarımızdan biridir. Rayonun bütün kəndləri, dini, tarixi, mədəni abidələri tamamilə məhv edilib, barbarlığa məruz qalıb. Düşmən vandallığı bu bölgəmizdə də misli görünməzdir. Bu mənada iki qardaş ölkə tərəfindən Zəngilanda açılan mühüm obyeklər, istifadəyə verilən müəssisələr, DOST Aqroparkı və digər zəruri infrastrukturun formalaşması bir daha göstərdi ki, biz Qarabağı, Şərqi Zəngəzuru yenidən qururuq. Qardaş Türkiyənin də dəstəyi ilə burada böyük həcmdə işlər görülür ki, çox qısa zamanda burada yenidən həyat öz axarına düşsün”.
Komitə sədri diqqətə çatdırıb ki, 2024-ci ildə ölkə başçısının qeyd etdiyi kimi Laçında növbəti hava limanının açılışı nəzərdə tutulur:
“Azad edilmiş bütün bölgələrimizdə bərpa-quruculuq işləri artıq proqram xarakterli olmaqla regionun tezliklə dirçəldilməsinə xidmət edir. Bu, bölgələrimizdə keçmiş məcburi köçkünlərin öz yurd-yuvasına yenidən qayıdıb xoşbəxt, firavan yaşaması üçün çox qısa zamanda böyük miqyaslı işlər aparılır”.
Ziyafət Əsgərov bildirib ki, Zəngilanda Azərbaycanda ilk dəfə olaraq Ağıllı kənd konsepsiyasına uyğun olaraq qurulan Ağalıda olan dövlət başçısı burada sakinlərə çox səmimi söhbət apardı, məktəblilərlə görüşdü:
“Bu, sözsüz ki, çox qürurverici bir hadisə idi. Oradakı məktəblilər heç vaxt Zəngilanı görməyib. Heç onlarIn valideynlərinin əksəriyyəti də bəlkə Ağalıda olmayıblar. Amma bu gün onlar öz ata-baba yurdlarında rahat, təhlükəsiz, dövlətin ən qısa zamanda müasir standartlara uyğun qurub-yaratdığı evlərdə yaşayırlar. Bu Azərbaycan dövlətinin qüdrəti, öz torpaqlarına olan münasibətinin əyani təzühürü və Prezident İlham Əliyevin qətiyyətinin təcəssümüdür”.