1 Noyabr 2022 11:07
672
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 31-də Rusiyanın Soçi şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında iki saatdan artıq davam edən görüşün nəticəsi olaraq birgə Bəyanat qəbul edilib. Bu görüşdən əvvəl və hətta görüş günü Ermənistanın və onun havadarlarının ictimai, siyasi, hərbi müstəvidə, hətta müxtəlif ölkələrin mediasında planlı şəkildə təxribatlar hazırlamışdı. Amma bütün bunlara baxmayaraq Azərbaycan Soçi görüşündə də qətiyyətlə bu təxribatların qarşısını aldı. Soçidə keçirilən üçtərəfli görüş və qəbul olunan Bəyanat bir daha göstərdi ki, Azərbaycan vəziyyətə tam nəzarət edir. Ermənistan isə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir.

Bunu Teleqraf.com-a Milli Məclisin Ailə,qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.

Professor hesab edir ki, Azərbaycan Prezidenti Rusiya Prezidentinə ikitərəfli görüş zamanı iki mühüm məsələni çatdırıb:

“İlk növbədə Ermənistanla münasibətlərin normallaşmasına dair Azərbaycan tərəfindən 5 əsas prinsipin irəli sürülməsidir. dövlət başçısı bildirib: "Bunlar beynəlxalq hüququn fundamental prinsipləridir və mənim fikrimcə, bu əsasda normallaşmaya nail olmaq mümkündür”. İkinci məsələ isə Qarabağ münaqişəsinin artıq tarixdə qalması ilə bağlıdır. Prezident İlham Əliyev bir daha qeyd etdi ki, Qarabağ münaqişəsi iki il bundan əvvəl həll edilib, bu baxımdan burada praktiki olaraq müzakirə edilməli məsələ yoxdur”.

Millət vəkili bildirib ki, Soçi gürüşünün nəticəsi olaraq qəbul edilən Bəyanatda Qarabağ və orada yaşayan erməni əsilli əhalinin “statusu” ilə balğı heç bir söz yoxdur:

“Bu, Azərbaycanın öz ərazi bütövlüyünü bir daha təsdiq etməsidir. Eyni zamanda, Qarabağla bağlı bütün məsələlər və fəaliyyətlər Azərbaycanın daxili işidir. Üçtərəfli Bəyanatdan sonra Rusiya Prezidentinin “Bu gün biz birgə Bəyanatı razılaşdırdıq. Açıq deməliyəm, hər şeyi razılaşdırmaq mümkün olmadı. Əvvəlcədən mütəxəssislər səviyyəsində işlənmiş mətndən bəzi hissələri çıxarmalı olduq” deməsi bir daha göstərir ki, qarşı tərəf bütün imkanlardan istifadə edərək hansısa istəklərinə nail olmağa çalışıb. Amma Azərbacan Prezidentinin qətiyyətli və dəyişməz mövqeyi bu dəfə də Ermənistanın istəklərini gözündə qoydu. Artıq Ermənistan və onun havadarları, revanşist qüvvələr anlamalıdır ki, Azərbaycan dövləti, Ordusu yeni reallıq yaradıb. Azərbaycan Ermənistanın 30 ilə yaxın davam edən işğalçılıq siyasətinə son qoyub, öz tarixi torpaqlarını azad edib, suveren hüquqlarını, ərazi bütövlüyünü bərpa edib. Onlar bunu anlamalı və hazırkı vəziyyətə uyğun davranmalıdırlar. Bu gün Ermənistan dərk etməlidir ki, onun düşdüyü bu vəziyyətdən yeganə xilas yolu Azərbaycanın irəli sürdüyü şərtlər əsasında sülh müqaviləsini imzalamaqdır”.

Hicran Hüseynovaya görə, mürəkkəb vəziyyətə, gərginliyə və edilən təzyiqlərə baxmayaraq, Soçi görüşündə Azərbaycan öz dövlət maraqlarını yüksək səviyyədə qorudu:

“Ölkə başçısı İlham Əliyevin təklif etdiyi 5 təməl prinsip əsasında sülh müqaviləsinin imzalanması üçün yeni imkanlar yarandı”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər