9 Noyabr 2022 15:46
505
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət bayrağı Azərbaycan vətəndaşlarının milli həmrəyliyinin, vahid məfkurə ətrafında sıx birləşməsinin başlıca simvollarından biridir. Bayraq milli identikliyin təzahür formasıdır. Ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının əsas göstəricisidir. Özünütəsdiq simvolu olan bayraq hər bir Azərbaycan vətəndaşı üçün qürur və güvənc yeridir. Artıq iki ildir ki, üçrəngli bayrağımız işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda dalğalanır. Bu, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı üçün fəxr və qürur mənbəyidir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

O qeyd edib ki, istiqlal ideologiyamızın üç təməl prinsipi dövlət bayrağımızda öz əksini tapıb:

“Dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, müasirlik və islamçılıq” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir. Bu mənada Prezident İlham Əliyev tərəfindən 2009-cu il 17 noyabrında imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkəmizdə Dövlət bayrağı günü kimi qeyd edilməsi tarixi varisliyə verilən ən yüksək qiymət hesab edilir.

Azərbaycan xalqı bu əlamətdar günü iki ildir ki, tam fərqli miqyasda, Zəfər Bayramı ilə bərabər qeyd edir. Ölkə başçısı 2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimində vurğulamışdı: "Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli Dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarımızda qaldırılacaqdır”.

Prezident həmişə olduğu kimi, verdiyi vədi yerinə yetirdi. 44 günlük Vətən müharibəsində əldə olunan qələbə nəticəsində işğaldan azad edilən torpaqlarda Azərbaycan bayrağı ucaldıldı. İki ildir ki, bayrağımız qalib dövlətin bayrağı olaraq qürurla dalğalanır. Ulu öndər Heydər Əliyev hələ o zaman demişdi: "Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir. Kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir".

Millət vəkili hesab edir kii, ümummilli lider Heydər Əliyevin bizə ərməğan qoyduğu müasir müstəqil Azərbaycanda onun siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin milli ideallara bağlılığı həm də üçrəngli bayrağımıza münasibətdə açıq-aydın görünür: “Azərbaycan xalqının milli qürur, mənlik və özünütəsdiq simvolu olan üçrəngli bayrağımız bütöv və müstəqil Azərbaycanın hər bir güşəsində fəxrlə dalğalanır. Çünki ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının əsas göstəricisidir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər