2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanat ilk növbədə Azərbaycanın öz məqsədlərinə çatması üçün vacib bir mərhələ idi. Bu sənədin icrası nəticəsində Azərbaycan əsgəri Beyləqana yaxın mövqelərdə deyil, Ermənistanla sərhəddə dayanır. Bu, təbii ki, hələ şərti sərhəd hesab edilir. Hazırda isə Azərbaycanın üçrəngli bayrağı Şuşada, Kəlbəcərdə, Qubadlıda və digər ərazilərimizdə dalğalanır. Bu baxımdan Azərbaycanın indiki vəziyyəti iki il öncə 27 sentyabr tarixi ilə müqayisə edilə bilməz.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.
Onun sözlərinə görə, indi mövqelərimiz olduqca güclənib: "Təbii ki, bəzi məsələlər həll edilməyib. Çünki ümid var idi ki, Ermənistan bu cür məğlubiyyətdən, kapitulyasiya sənədinə imza atdıqdan sonra 10 noyabr 2020-ci ildə imzalanan bəyanatın bütün bəndlərini icra edəcək. 10 noyabr üçtərəfli bəyanat imzalanan vaxt əminlik var idi ki, Rusiya tərəfi bu razılaşmanın təminatçısıdır. Amma sonradan gördük ki, razılaşmanın bir çox bəndlərinin icrası təmin edilsə də, bəzilərinin həlli qalıb. Bu baxımdan indi vəziyyət elədir ki, biz öz məqsədlərimizə daha çox yaxınlaşmışıq. Dövlətimiz bunun üçün çox əsaslı mövqelər yaradıb, güc və potensialımız var".
"Bu yol ermənilər üçün yeni itkilərə gətirib çıxaracaq"
Prezident İlham Əliyevin Şuşada Ermənistan və ona qahmar çıxmağa çalışan tərəflərə verdiyi açıq mesajlara toxunan ekspert vurğulayıb ki, ölkə başçısının mövqeyi konseptual məsələlərə hesablanmışdı: "Burada bir çox məsələlərə Azərbaycanın mövqeyi baxımından aydınlıq gətirildi. Daha doğrusu ayrı-ayrı yerlərdə səslənən fikirlərə çox dolğun və dəqiq cavab verildi. Şuşada dövlət başçısı tərəfindən səslənən mesajlar çoxdur. Sözsüz ki, bunun hamısının xüsusi əhəmiyyəti var. Burada diqqətçəkən bir məqam odur ki, Prezident erməni xalqına da müraciət etdi. Bu da ondan ibarətdir ki, indi erməni xalqı seçim qarşısındadır. Onların hansı yolu seçəcəkləri bəlli deyil. Konfrantasiya, revanşizm yolu seçiləcəksə, dövlət başçısının da dediyi kimi Azərbaycan buna layiqli cavab verməyə hazırdır. Həmçinin bu qarşıdurmada hansısa bir tərəfdarlarla Azərbaycana təzyiq etmək də mümkün olmayacaq. Çünki erməni tərəfi bu yolu seçmiş olsa, Azərbaycan sözsüz ki, buna adekvat cavab verəcək. Amma Ermənistan cəmiyyəti nəhayət düşünməlidir ki, bu yol onlar üçün yeni itkilərə gətirib çıxaracaq. Burada digər yol sülhdən keçir. Sülh yolu seçilsə, itkilərdən, qarşıdurmadan xilas olub gələcəyə baxmaq mümkündür. Ölkə başçısı tərəfindən Şuşada səslənən məqamlardan biri o oldu ki, bəziləri Ermənistanın xoşuna gəlmək üçün hansısa bəyanatlar verir. Əslində bu bəyanatlar heç də Ermənistanın maraqlarına görə edilmir. Xarici oyunçular burada öz maraqlarını güdür. Bunun isə qurbanı erməni xalqı olacaq. Bu baxımdan ölkə başçısının verdiyi mesajlar qarşı tərəf üçün çox vacibdir".
"Bunlar gələcək sülh sazişinin əsasını təşkil edən prinsiplərdir"
Soçi görüşlərindən sonra yenidən ABŞ-ın vasitəçiliyi ilə bağlı gözləntilərə gəlincə, sabiq nazir hesab edir ki, Vaşinqton prosesi çox vacib bir meydandır: "Bu, Azərbaycanın yenidən öz mövqelərini bəyan etmək üçün yaxşı bir platformadır. Bu mövqe isə Azərbaycanın təklif etdiyi 5 prinsipdən ibarətdir ki, bunlar gələcək sülh sazişinin əsasını təşkil edən prinsiplərdir. Amma Ermənistanın siyasəti eyni zamanda digər bir mövzuya da diqqət yetirilməsini tələb edir. Bunun hansı sənəddə öz əksini tapacağı hələlik bilinmir. Qəbul edilən öhdəliklərin icrası mütləq təmin edilməlidir. Əgər burada qarşılıqlı olaraq ərazi bütövlüyü, suverenliyin və bir-birinin daxili işlərinə qarışmamaqla bağlı bəyanat verilsə də, bu, başqa bir suallar yaradır. Çünki burada Ermənistanın praktiki addımları ilə bağlı məsələlər açıq qalır".
"Terrorçu Arutyunyana maaşı İrəvan verir"
Tofiq Zülfüqarov qeyd edib ki, Ermənistan dövlət səviyyəsində öz büdcəsi və digər yollarla Qarabağda hələ də qalmaqda olan qondarma rejimin separatçılarına dəstək verir: "Bununla bağlı Ermənistanın dövlət büdcəsində xüsusi bir maddə yer alıb. Gələn il üçün də bu məsələ Ermənistanın dövlət büdcəsində öz əksini tapıb. Qarabağda hələ də qalmaqda olan qanunsuz silahlılara Ermənistan dövlət büdcəsindən pullar ayrılır. Terrorçu Araik Arutyunyana maaşı İrəvan verir. Faktiki Ermənistan Azərbaycan ərazisində ona qarşı çıxan qondarma ünsürlərə maliyyə ayırır. Bu isə üçtərəfli bəyanatın müddəalarının kobud şəkildə pozulmasıdır. Ona görə də götürülən öhdəliklərə Ermənistanın əməl edəcəyi bəyan edilsə də, onun dövlət büdcəsindən ayrılacaq həmin yardımlar məsələsinin də birdəfəlik həlli vacibdir. Ermənistan hələ ki köhnə siyasətini təzə şəraitdə davam etdirməyə cəhd edir. Beləliklə, ortaya çox ciddi məsələlər çıxır. Vasitəçilər Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıyan bəyanata imza atmasına nail ola bilməyiblər. Ermənilər də hər cür vasitə ilə bu məsələdən qaçır. Belə olan halda əldə edilən razılaşmanın müddəalarının icrası vəziyəti ortaya çıxanda da problemlər yaranacaq. Ona görə də Vaşinqtonda tərəflər arasında aparılan danışıqların, fikir mübadiləsinin olması çox vacibdir. Çünki ABŞ tərəfi real mövqeləri və addımları daha yaxşı görəcək. Onlar bir daha şahidi olacaqlar Ermənistan sülhə hazır deyil".
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "İctimai və dövlət maraqlarının müdafiəsi" istiqaməti üzrə hazırlanıb.