22 Noyabr 2022 09:20
928
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Sədrəddin Soltan Teleqraf.com-a müsahibə verib.

Onunla müsahibəni təqdim edirik.

- İranda rejim əleyhinə iki aydır davam edən kütləvi nümayişlər artıq başqa müstəviyə keçir. Etirazçılarla təhlükəsizlik qüvvələri arasında silahlı qarşıdurmaların başladığı haqda xəbərlər gəlir. Sizcə, proseslərin bu müstəviyə keçməsi necə nəticələnə bilər?

- İrandakı etirazlar dinc aksiyalardır. Amma PKK-çıların Kürdüstan əyalətində silahla prosesə müdaxiləsi vəziyyəti bir qədər dəyişir. Bu, Tehran hakimiyyətinə fürsət verir ki, aksiyaları silahlı toqquşma kimi də qələmə versin. Əslində, ölkənin bütün bölgələrində, xüsusən Güney Azərbaycandakı aksiyalar dincdir və Tehran hakimiyyəti bu aksiyaları yatırmaq üçün silahdan istifadə edir. Ümumilikdə isə aksiyalar dincdir. Amma Tehran hakimiyyətinin davranışı aksiyaların perspektivdə vətəndaş müharibəsi və ya silahlı qarşıdurmaya çevrilməsinə rəvac verə, yaxud buna şərait yarada bilər.

Noyabrın 19-da İranın ali rəhbəri Xameneyi İsfahandakı çıxışında bəyan etdi ki, bu aksiyaları yığışdırmaq lazımdır. Etirazçıları da “iğtişaş törədən”, “qarşıdurma yaradan” və s. kimi qələmə verdi və bəyan etdi ki, aksiyalar xalq tərəfindən dəstəklənmir. Ehtimal etmək olar ki, Tehran hakimiyyəti bundan sonra aksiyaları yatırmaq üçün güc tətbiqini daha da artıracaq. Güc tətbiqi isə əks təsir verə bilər. Belə bir addım hakimiyyət üçün ciddi nəticələr doğura bilər. Bu halda aksiyaların silahlı qarşıdurma müstəvisinə keçməsi, İranda vətəndaş müharibəsi üçün zəmin yarada bilər.

Bir məsələ də hakimiyyət daxilində parçalanma ilə bağlıdır. Ən əsası ölkədə hər şeyə nəzarət edən İran İslamı İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəhbərliyi daxilində parçalanma baş verməyənə qədər ölkədə hadisələr səngiməyəcək. Məlumdur ki, ABŞ SEPAH-ı terror təşkilatı kimi tanıyır. Bu müstəvidə də təşkilata qarşı sanksiya tətbiq olunub. Hələ ki, durum belədir və İrandakı hadisələrin perspektivi yaxşı görünmür.

İndi Tehran hakimiyyəti ölkədə hansı vəziyyəti elan etməsindən asılı olmayaraq, İran cəmiyyəti və İran İslam Respublikası əvvəlki olmayacaq. Baş verənlər İran hakimiyyətinin öz vətəndaşlarına münasibətində onların istəklərinə doğru yeni addımlar atmasına səbəb ola biləcək və buna təkan verəcək.

- Etirazlar xeyli müddətdir davam etsə də, hələ də ortada bir lider yoxdur. Bu nə ilə əlaqəli ola bilər?

- İran elə bir ölkədir ki, belə hadisələrin mərkəzində duranlar üzə çıxmırlar. Eyni zamanda, vəziyyət hələ o yerə gəlib çatmayıb. Vəziyyət gəlib o şəklə çatanda hərəkatın liderləri və ya onu idarə edənlər də üzə çıxacaq. İndi baş verənləri idarə edən real liderlər hesab edirlər ki, hələlik üzə çıxmağın vaxtı deyil. Görünür, bu mərhələnin yetişməsini gözləyirlər.

- Sizcə, İran daxilindəki hansı qüvvələr bu prosesin arxasında dura bilər?

- İlk növbədə, İran xalqı. Təbii ki, belə bir prosesi heç vaxt mətbəxdə bozbaş bişirən qadın təşkil edə bilməz. Bütün ictimai-siyasi və mədəni hadisələri ictimai-siyasi və mədəni fəallar yaradır. Bütün seçkilərdə, siyasi partiyalarda və qeyri-hökumət təşkilatlarında (QHT) cəmiyyətin fəal təbəqəsi təmsil olunur. Eləcə də bu hadisələrdə İran xalqının azadlıq və ədalət istəklərini, Güney Azərbaycan türklərinin milli hökumət tələblərini də ancaq cəmiyyətin fəal təbəqələri dilə gətirirlər. Fəal təbəqənin istəyi budursa, həm də onlar seçicidirlərsə, İran hakimiyyəti onların səslərinə səs verməlidir, səs verməyə də borcludur.

İranda bu məsələ ilə məşğul olan bir qüvvə deyil. Çoxlu sayda qüvvələr var. İranda təkcə bir siyasi təşkilat yoxdur, artıq yeni qüvvələr də yaranır. Görürük ki, bu hadisələrin əsas hərəkətverici qüvvəsi 1990-cı illərin sonu – 2000-ci illərin əvvəllərində dünyaya gəlmiş gənclərdir. Yəni bu hərəkatın əsas qüvvəsi gənclərdən ibarətdir. Onların hansı təşkilatlarının olduğunu elan edəndə biləcəyik. Amma indi onu deyə bilərik ki, bu hərəkatın aparıcı və hərəkətverici qüvvəsi gənclikdir. Bəlkə də o partiyanın adı da elə “Gənclik”dir.


Müəllif: Mənsur Rəğbətoğlu