Politoloq, professor Qabil Hüseynli Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Türkiyə və dünya gündəminin əsas mövzularından biri qardaş ölkədə keçiriləcək prezident seçkisidir. Cümhur İttifaqının namizədi, hazırkı Prezident Rəcəb Tayyib Ərdoğana güclü beynəlxalq təzyiqlər fonunda keçiriləcək seçkidən gözləntiniz necədir?
- Zənnimcə, bu gün Türkiyədə Ərdoğanı məğlub edə biləcək siyasətçi yoxdur. Üstəgəl, Ərdoğan həm baş nazir olarkən, həm də prezident olduğu müddətdə Türkiyə böyük zirvələri fəth edib. Bu dövrdə Türkiyə adına çox ciddi sıçrayışlar olub. Ötən illərdə Türkiyənin xarici ticarət dövriyyəsi, ümum daxili məhsul bir neçə dəfə artıb, əhalinin maddi güzəranı xeyli yaxşılaşıb.
Düzdür, son üç ildə həm koronavirus, həm də qlobal iqtisadi böhran səbəblərindən Türkiyədə də infilyasiya yüksəlib, müəyyən iqtisadi problemlər meydana çıxır, buna baxmayaraq, Ərdoğan və onun komandası bütün bu məsələlərin həlli ilə məşğuldur. Beləliklə, Türkiyə üzləşdiyi problemlərin öhdəsindən layiqincə gəlir.
Xarici təzyiqləri edənlər isə Türkiyəni sevənlər deyil, onlar qardaş ölkənin güclənməsindən, müstəqil siyasət aparmasından, türk dövlətləri içində öz nüfuzunu artırmasından və türk dünyasını səfərbər etməsindən narahat olanlardır. Türkiyənin indiki prezidentinin fəaliyyətləri, apardığı islahatlar və qardaş ölkənin dayandığı mövqe həmin gücləri ciddi şəkildə əndişələndirir. Bütün bu pozucu həmlələrə baxmayaraq, Ərdoğanın yaxınlaşan seçkilərdə mütləq qələbə qazanacağını deyə bilərəm.
Bir məsələyə də diqqət yetirmək lazımdır. Bu yaxınlarda Xoyda zəlzələ baş verdi, amma İranın mərkəzi hakimiyyəti oradakı soydaşlarımıza yardım etməyə tələsmədi. Soydaşlarımızı taleyin ümidinə buraxdılar, onların əzablarına biganə yanaşdılar. Yalnız səkkiz gün sonra Prezident Rəisi Xoya gəldi və yalançı vədlər verib geri qayıtdı.
Xoydan sonra Türkiyədə - Kahramanmaraşda da zəlzələ baş verdi. Zəlzələdən iki saat sonra Prezident Ərdoğan zəlzələni idarəetmə mərkəzində (AFAD) idi, yəni gedişatda dərhal özü nəzarət edirdi. Bu, Ərdoğanın nə qədər operativ, öz xalqını sevən və onun yanında olduğunu göstərir.
Zəlzələ əsasən kürdlərin daha çox yaşadıqları ərazilərdə baş verdi. Amma Ərdoğan Rəisidən fərqli olaraq, milli birlik prinsipindən çıxış edərək, heç bir ayrı-seçkilik etmədən Türkiyə vətəndaşlarının bu təbii fəlakətdən salamat və daha az itkilərlə çıxmaları üçün əlindən gələni əsirgəmir.
- Müxalifətin “Altılıq Masası” hələlik öz namizədini açıqlamasa da, onun Cümhuriyyət Xalq partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu olacağı istisna deyil. Uzun illərdir seçkilərdə iştirakdan qaçdığı üçün müzakirə mövzusu olan CHP lideri qatılacağı ilk seçkidə nə edə bilər?
- “Altılıq Masası”na qoşulan siyasi partiyaların ciddi gücü yoxdur. PKK terror təşkilatının siyasi qanadı HDP də onları dəstəkləyir. Amma bu da heç nəyi dəyişmir. “Masa”da olanlardan yalnız CHP müəyyən güc və nüfuza malikdir, həm parlamentdə xeyli sayda deputatı, həm də cəmiyyətdə müəyyən populyarlığı var.
Kılıçdaroğluna gəldikdə, yaşlı bir adamdır. Kılıçdaroğlu dövlət vəzifələrində işləməyib. Üstəgəl, Ərdoğanla müqayisədə bir çox zəif cəhətləri var. Xarizmatik lider deyil, partiyası ilə əlaqəli bir çox nöqsanlar və çatışmazlıqlar mövcuddur. CHP ilə bağlı bu məsələlər uzun müddətdir Türkiyədə ictimai müzakirə mövzularıdır. Bu baxımdan deyə bilərəm ki, CHP müxalifətin lideri olsa da, onun nümayəndəsi Ərdoğanla yarışa girmək iqtidarında deyil. İnanıram ki, Ərdoğan bu seçkidə asanlıqla qələbə qazanacaq.
- Seçkilər yaxınlaşdıqca ABŞ və bir sıra Qərb dövlətlərindən olan siyasətçilərdən “Ərdoğanı dayandırmaq lazımdır” kimi mesajların sayı da artır. Belə bir çağırışla çıxış edən ABŞ prezidentinin keçmiş müşaviri Con Bolton günlərdir türk mediasının gündəmindən düşmək bilmir. Sizcə, bu kimi çağırışlar Türkiyədə hansı gəlişmələrə yol açacaq?
- Əvvəla, onu deyim ki, ABŞ-dan gələn bu cür siyasi etiket və nəzakətdən kənar çağırışlar ciddi təəssüf doğurur. Xüsusən də ABŞ-ın NATO daxilində Türkiyənin müttəfiqi olduğunu nəzərə alanda. Hansısa ölkənin, xüsusən də öz müttəfiqinin daxili işlərinə qarışmaq qəbuledilməzdir. Zənnimcə, türk xalqı belə məsələlərə etirazla yanaşır. Əlbəttə, ABŞ və Avropa Birliyi güclü Türkiyə və onun güclü liderinin yenidən prezident seçilməsini istəmir. Bununla əlaqədar da müxtəlif təxribatlara əl atırlar.
Güman edirəm ki, bu təxribatların heç biri öz məqsədinə çatmayacaq. Onu da deyim kimi, Türkiyədə dolların məzənnəsinin tez-tez qalxıb-enməsi və dalğalı infilyasiya da Amerikanın təxribatlarının nəticəsində baş verir. Bütün bunlara baxmayaraq Türkiyə inkişaf edir.
Artıq Türkiyənin özünü ən müasir silahlarla təmin edən müstəqil hərbi sənaye kompleksi var. Qardaş ölkə öz döyüş təyyarələrini də istehsal etməyə başlayıb, türk dronlarının hansı səviyyədə olmasından isə əlavə söz açmağa ehtiyac yoxdur, bunu dost da, düşmən də görür.
Təbii ki, Türkiyənin bu uğurları onu istəməyən qüvvələri hərəkətə gətirir. Onlara zəif, ələbaxan və Amerikanın əmrində dayanan Türkiyə lazımdır, nəinki müstəqil siyasət yürüdən, türk dünyasını birləşdirən və türk dünyasını lider geosiyasi mərkəzlərdən birinə çevrilməsinə çalışan Türkiyə.
Zənnimcə, onların təxribatları öz məqsədlərinə çatmayacaq, seçkilər demokratik məcrada keçiriləcək və türk xalqı indiki Prezident Ərdoğana səs verəcək.