17 Mart 2023 18:19
795
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Avropa Parlamentinin 15 mart tarixində Azərbaycanla bağlı qəbul etdiyi qərar bu qurumun obyektivliyini şübhə altına alır və nüfuzuna ciddi xələl gətirir. Avropa Parlamenti və Avropa İttifaqı son illər sanki ermənilərin və onların lobbi təşkilatlarının sifarişlərini yerinə yetirən bir instituta çevrilib”.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Ramiz Alıyev Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qərəzli qətnaməyə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Azərbaycanda olan tolerantlıq, dini, siyasi, etnik dözümlülük dünyanın əksər dövlətlərində yoxdur: “Azərbaycana gələn xarici qonaqlar hər zaman buradakı mühitdən, onlara yaradılan şəraitdən razılıq ifadə ediblər. Azərbaycan çoxmillətli, çoxdinli ölkədir. Burada bütün dinlərin nümayəndələrinə, bütün xalqlara bərabər şərait yaradılıb. Amma Ermənistana nəzər saldıqda bunun tam əksini görürük. Monoetnik dövlət olan Ermənistan nə siyasi, nə də dini dözümlülük var. Azərbaycanda on minlərlə erməni yaşadığı halda Ermənistanda bir nəfər də olsun azərbaycanlıya rast gələ bilməzsiniz”.

Ramiz Alıyev qeyd etdi ki, hətta Avropa ölkələrində etiraz aksiyaları kobud şəkildə, qəddarcasına dağıdılır: “Fransada keçirilən aksiyaların necə zorakıcasına dağıdıldığının biz şahidi olmuşuq. Avropa ölkələrində müsəlmanların dini dəyərləri təhqir olunur. İslamın genişlənməsindən narahat olan radikallar Quranı yandırırlar, Peyğəmbərimizi təhqir edirlər. Müsəlmanların heysiyyatı ilə oynayan radikal qüvvələr cəzasız qalırlar, amma öz haqları uğurunda küçələrə çıxanlar təzyiqli su, güllə rezinlərlə cəzalandırılırlar”.

Avropanın əksər ölkəsinin müsəlman və türk ölkələrinə qarşı qərəzli mövqe sərgilədiyini diqqətə çatdıran politoloq 44 günlük Vətən Müharibəsində onların gerçək xarakterlərinin üzə çıxdığını diqqətə çatdırdı: “Heç kəsdə şübhə doğurmur ki, Azərbayacan əleyhinə qətnamə layihəsinin əsas təşəbbüskarları erməni lobbisinin təsiri altında olan, islamafobiya və türkfobiya xəstəliyinə yoluxmuş Fransa siyasətçiləridir. Fransa özünün neomüstəmləkiçilik siyasətini Qafqazda həyata keçirməyə çalışır. Onlar Azərbayan dövləti və onun rəhbərliyinin müstəqil xarici siyasət yürütməsini qəbul edə bilmirlər. Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycan Ermənistandan fərqli olaraq özünü Rusiyanın forpostu, əyaləti kimi aparmır. Ermənistan Rusiyanın təşəbbüsü ilə yaradılan KTMT-nin, Avrasiya İttifaqının, Gömrük İttifaqının üzvüdür. Ermənistanın sərhədlərini Rusiya ordusu qoruyur. Amma Azərbaycan dövlətinin iqtisadi, hərbi potensialı, dinamik inkişafı və təbii ki, qətiyyətli siyasi rəhbərli onun tam müstəqil bir ölkə olduğunu şərtləndirir. Belə olan halda Avropa Parlamentinin İrəvana dəstək verməsi və Azərbaycana qarşı qərəzli qətnaməni müzakirəyə çıxarması heç cür başadüşülən deyil. Azərbaycan dövləti atdıqları addımları beynəlxalq hüquq normaları çərçivəsində həyata keçirilir. Ermənilər 30 il ərzində Azərbaycanın ərazilərini işğalda saxladılar. Bütün evləri, tikililəri dağıtdılar, orana xarabaxanaya çevirdilər. Məscidlərdə donuz saxlayan ermənilərə ötən müddət ərzində güldən ağır söz deyilmədi, onların cinayətlərinə, vandal hərəkətlərinə göz yumuldu. Niyə Ermənistandan qovulmuş azərbaycanlıların öz yurd-yuvalarına qayıtmaları məsələsini qaldırmırlar? Bütün bu suallar açıq qalır”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər