28 Mart 2023 15:57
2 481
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti, ictimaiyyəti dəfələrlə bildirirdi ki, rus sülhməramlıları üçtərəfli Bəyanatdan irəli gələn öhdəlikləri icra etmir. Ona görə də, bu məsələ ilə bağlı ciddi ölçü götürülməli idi. Nəhayət ki, bu bəyanatlar praktiki olaraq əmələ keçdi. Artıq Ordumuz ermənilərin istifadə etdiyi qanunsuz yolları nəzarətə götürüb. Sözsüz ki, bu kimi addımlar bundan sonra da davam etməlidir.

Bunu Teleqraf.com-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

Komitə sədri hesab edir ki, Ermənistandan Qarabağa silah-sursat, hərbi yüklərin daşınmasına son qoyulmalıdır:

“Eyni zamanda hələ də ərazidə qalmaqda olan qanunsuz silahlı birləşmələr bölgədən çıxarılmalıdır. Rus sülhməramlıları bu məsələləri nəhayət ki, həll etməlidir. Fakt odur ki, ərazidə olan bütün qanunsuzluqlar sülhməramlıların gözü önündə baş verir. Amma nədənsə, Rusiya bu məsələdə üzərinə düşən öhdəliyi icra etmir”.

Millət vəkilinə görə, bu günlərdə Ermənistan konstitusiya məhkəməsi Beynəlxalq Cinayət Məhkəməsinin statusunun tanınması ilə bağlı qərar çıxardı:

“Bununla da Vladimir Putin Ermənistana səfər edərsə, onun həbsi ilə bağlı BCM-nin qərarı icra ediləcək. Rusiyanın müttəfiqi olan Ermənistanın davranışı ortadadır. Sözsüz ki, müttəfiqi olan ölkədən Rusiyaya qarşı bundan artıq xəyanət ola bilməz. Ermənistan bundan sonra daha nə etməlidir ki, Rusiya ondan müttəfiq olmayacağını nəhayət görə bilsin?”.

Ziyafət Əsgərovun fikrincə, Rusiya ona görə Ermənistandan imtina edə bilmir ki, Avropa Birliyi, ABŞ dərhal gəlib bu ölkədə mövqe tutucaq:

“Bununla da Rusiyanın 102-ci hərbi bazası Ermənistandan çıxarılacaq. Sözsüz ki, bu da Rusiya üçün sərfəli deyil. Ona görə də, Rusiya Ermənistanın xəyanətlərinə göz yumur. Amma bütün bunlara baxmayaraq Azərbaycan öz suverenliyi, ərazi bütövlüyü ilə bağlı qəttiyyətli mövqeyini ortaya qoyub”.


Müəllif: Tapdıq Qurbanlı