Politoloq Cümşüd Nuriyev Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Rusiya xüsusi təyinatlıları günlərdir Ermənistanda təlim keçirir. Sizcə, bu hərbi məşqlər kimə yönəlib, rus xüsusi təyinatlılarının təlimdə vurduqları şərti düşmən kimdir?
- Rusiya artıq bir dövlət kimi ağlını itirib. Bu təlimlərdə iki məqsəd var. Həm ermənilərə mesaj verirlər ki, sizin yanınızdayıq, istənilən vaxt sizi qoruyacağıq. Bura KTMT və Qarabağla əlaqəli məsələlər daxildir. Eyni zamanda, bunu Ermənistanı təxribata çəkmək üçün bir aksiya kimi də qiymətləndirmək olar. İkinci bir məqsəd də Azərbaycanla bağlıdır. Bununla həm də Azərbaycana mesaj verirlər ki, sizin müasir ordunuz var, amma bizim də xüsusi təyinatlılarımız güclüdür. Əgər onların xüsusi təyinatlıları “güclü”dürsə, niyə aylardır Baxmutu (Ukrayna) ələ keçirə bilmirlər? Ukraynada ən çox ölən elə Rusiya xüsusi təyinatlılarıdır.
Belə ucuz sensasiyalara qaçmaq Rusiyaya şərəf gətirmir.
- İrəvanda isə Ermənistanın Beynəlxalq Cinayətlər Məhkəməsinə qoşulması və bu fonda Rusiya lideri Vladimir Putinin bu ölkəyə gələcəyi təqdirdə həbs edilməsi məsələsi müzakirə olunur. Rusiya Ermənistana xəbərdarlıq edib və BCM-ə qoşulmasını “qəbuledilməz” adlandırıb. Belə olan təqdirdə İrəvan hansı yolu seçəcək?
- Ermənistan hələ də bir dövlət kimi formalaşmayıb, Paşinyan da peşəkar siyasətçi deyil. Guya bu yolla Putinə təzyiq göstərmək istəyirlər, amma əks effekt verir. Birincisi, Rusiya Ermənistandan belə xəyanət gözləmirdi. İkincisi, artıq Ermənistan əllərindən sürüşüb çıxır. Bilirlər ki, Putin İrəvana gəlməyəcək, gəlsə də kimsə onu həbs edə bilməz. Bu çərçivədə Ermənistana təzyiq olunur ki, Rusiya ilə bağlı mövqeyini dəyişsin.
Rusiya əvvəldən bilməli idi ki, gec-tez ermənilər onu da satacaq. Dəfələrlə Azərbaycan mediasında bu haqda yazılıb, deyilib. Putinin bel bağladığı Ermənistan idi, amma onu da satdılar. Əslində, bu, Rusiyaya vurulmuş bir şapalaqdır, özü də tərs şapalaq. Çünki KTMT, MDB və Avrasiya Birliyində bir yerdədirlər, strateji tərəfdaş və hərbi müttəfiqdirlər. Görünən budur ki, Ermənistan üçün bunun fərqi yoxdur, hansı resept verilirsə, buna uyğun hərəkət edir. Bu baxımdan, qərarın Rusiya tərəfindən aqressiv qarşılanması da anlaşılandır. Bir sözlə, Ermənistanın mövqeyi göründü.
- Rusiya “özünə qarşı addım atdığı iddiası” ilə Azərbaycan, Ukrayna, Gürcüstan və Moldovanın ərazilərini işğal etdi. Halbuki bu iddia əsassız idi. Bəs indi sürətlə ondan uzaqlaşan Ermənistanı niyə cəzalandırmır, üstəgəl, onun nazı ilə oynayır?
- Bu, Rusiyada güclü erməni diasporunun, onların hakimiyyətdə gücünün olması ilə əlaqəlidir. Putinin ətrafında da kifayət qədər erməni yerləşdirilib. İndi Putin və onun ətrafında imkan vermirlər ki, Ermənistana qarşı da belə davransınlar. Amma bu, həm də Rusiyanın zəifliyinə dəlalət edir. Ermənistana qarşı addım atmaması Kremli həm öz vətəndaşlarının, həm də dünyanın gözündən salır. Belə hallarda Rusiya cəmiyyətində Kremlə inam azalır. Kənarda da belə təəssürat yaradırlar ki, Ermənistan Rusiyanı istədiyi kimi idarə edir. Üç milyonluq bir dövlətin 150 milyonluq bir dövləti idarə etməsi, biabırçılıqdır. Bu, Rusiyanın çöküşünün başlanğıcıdır, bunu yenə də ermənilər elədi.
- Qarabağdakı son gəlişmə haqda fikriniz necədir? Hadisələr bundan sonra hansı yöndə cərəyan edə bilər?
- Azərbaycan ordusu dövlətimizin mövqeyini qorudu, qoruyur. Bu, ötən il baş tutan uğurlu Fərrux əməliyyatının davamıdır. Ermənilər uzun müddətdir təxribatla məşğul idi, Azərbaycan da dözdü-dözdü, sonda bu addımı atdı. Bu, həm Azərbaycan ordusu və dövlətinin mövqeyini ortaya qoydu, həm də bir mesaj oldu. Bu o deməkdir ki, Azərbaycan uyğun bildiyi məqamda orada antiterror əməliyyatı keçirəcək. Bu da onun üçün bir məşq idi. Azərbaycan ordusu strateji yüksəkliklərə nəzarəti bərpa etməklə, qanunsuz daşınmaların həyata keçirildiyi yolları bağlamaqla həm də Rusiya sülhməramlılarına mesaj verdi ki, vəzifənizi icra edin, edə bilmirsinizsə, biz edərik. Azərbaycan ordusu vaxtilə ATƏT və BMT Təhlükəsizlik Şurasına da belə bir mesaj vermişdi. İndi bu mesaj Rusiya ilə yanaşı, Ermənistana ünvanlandı.
Ermənistanın ağlı olsa, bundan nəticə çıxarar. Dövlət o vaxt güclü olur ki, xalq yanında olur və xalqın istəyini də dövlət icra edir. Hazırda Azərbaycan dövləti xalqın istəklərini həyata keçirdiyinə görə çox güclüdür.
- Son gəlişmələr Avropa Birliyini, xüsusən də ABŞ-ı fəallaşdırıb. Bəs Qərb bu prosesdə hansı yolu tuta bilər?
- Əslində, ABŞ-ın fəallaşması daha çox Cənubi Qafqazda münaqişənin dondurulmasına xidmət edir. ABŞ-ın Cənubi Qafqazda yürütdüyü siyasət uğursuzluğa düçar oldu. Paşinyanı hakimiyyətə gətirdilər ki, onun əli ilə nələrisə etsinlər. Amma umduqları olmadı. Ona görə də ABŞ indi bu taktikanı seçib. Amma bu taktika da ABŞ-a heç bir uğur gətirməyəcək.