Erməni tərəfi çalışır ki, hər dəfə dövriyyəyə müxtəlif yalan məlumatlar ötürsün. Onlar iddia edirdilər ki guya ötən günlərdə Azərbaycan tərəfi ilə hansısa bir görüş olub. Amma buna da inanmaq olmaz. Sadəcə olaraq indi Azərbaycan əsgərinin dayandığı yerdən onlarla təmassız ötüşmək mümkün deyil. Belə olan halda hətta qarşılıqlı təmas da mümkündür.
Bunu Teleqraf.com-a hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.
Polkovnik erməni tərəfinin guya rusların təşkilatçılığı ilə Azərbaycan nümayəndələri ilə görüş iddiasına da aydınlıq gətirib:
“Əslinə qalsa Azərbaycan tərəfi bunu qəbul etmir. Çünki hələlik belə bir görüşün olması Azərbaycan tərəfindən təsdiq eidlməyib”.
Hərbi ekspertin fikrincə, Azərbaycan Ordusunun Zabux-Cağazur kəndi ətrafındakı yüksəkliklərə nəzarət etməsi erməniləri bir çox imkanlardan məhrum edib:
“Çünki bu yoldan onlar gediş-gəliş üçün istifadə edirdilər. Eyni zamanda orada strateji əhəmiyyətli yüksəklik mövcuddur. Artıq bu yüksəklikdə Azərbaycan Ordusu mühəndis-istehkam işləri aparıb. Məhz bu strateji mövqedən vizual olaraq ərazidən keçən istənilən hərbi-mülki texnikanı müşahidə etmək mümkündür. Beləliklə də həmin maşınları saxlamaq, yoxlamaq imkanları dəyərləndirilir. Ona görə də, ermənilər hay-küy salıblar. Hətta ilk olaraq hədə dilində danışmağa çalışdılar. Azərbaycan tərəfindən isə Komando hərbi hissəsinin qrup rəhbəri səviyyəsində onlara lazımi cavab verilib”.
Üzeyir Cəfərovun fikrincə, Azərbaycanın gördüyü bu tədbirlərdən sonra nə əsas, nə də köməkçi yollardan erməni tərəfi istifadə edə bilməyəcək:
“Xankəndi-Xəlfəli-Şuşa-Laçın-Mirzələr yolu artıq tam nəzarətdədir. Eyni zamanda ötən günlərdə girişdə nəzarət-buraxılış məntəqəsinin yaradılması işi yekunlaşmalı idi. Ola bilsin ki, bu günlərdə belə bir məlumat olacaq. Bundan sonra orada yaradılan dayaq nöqtələrinin də saxlanmasına da ehtiyac qalmayacaq. Dövlət Sərhəd Xidməti, Müdafiə Nazirliyi ilə birlikdə həmin yola və əraziyə nəzarəti möhkəmləndirəcək”.