Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskva görüşü ilə bağlı gözləntilər fərqlidir. Bundan öncə Vaşinqtonda nazirlər səviyyəsində bu tip görüş baş tutmuşdu. Görünən odur ki, Moskva ilə Vaşinqton arasında bu məsələ ətrafında bir rəqabət gedir.
Bunu Teleqraf.com-a Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa deyib.
O qeyd edib ki, Moskva özünün bu prosesdən kənarda olmadığını göstərmək üçün eyni addımları atır: “Ona görə də, burada hansı təşəbbüsün, görüşün daha effektli olacağını söyləmək çətindir. Hər halda ABŞ və Rusiyanın Qarabağ məsələsi ilə bağlı tutduğu mövqeyində müəyyən irəliləyişlərin olması müsbət haldır. Eyni zamanda hər iki tərəfin burada təşəbbüsləri dəstəkləməsi maraqlıdır”.
Fazil Mustafa hesab edir ki, Azərbaycan tərəfi bu tip formatlarda görüşlərdən imtina etmir: “Ölkəmizin haqlı mövqeyinin təbliği baxımından bunlar olduqca önəmli platformalardır. Bu baxımdan da ölkəmiz haqlı tərəf olduğuna görə, Brüssel, Vaşinton və Moskvada öz mövqeyini qətiyyətlə irəli sürür. Sözsüz ki, bu istiqamətdə də ardıcıl mövqe ortaya qoyulacaq”.