Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Fikrət bəy, Ermənistandan göndərilən konvoyların Azərbaycanla sərhəddə dayanması fonunda Xankəndidə separatçıların təhriki ilə Laçın postuna yürüş keçirəcəkləri deyilir. Sizcə, qarşı tərəfin gərginliyi pik həddə çatdırmaqda məqsədi nədir?
- Proseslərin gedişi onu göstərir ki, erməni tərəfi müəyyən təxribatlara əl atmaq istəyir. Çünki onların mürəkkəb vəziyyətə düşməsi özlərinin günahıdır. Amma indiki vəziyyətdə özlərini guya blokadada olan millət kimi təqdim etmək istəyirlər. Xüsusi ilə Qarabağda yaşayan etnik ermənilərə yardım etmək istəyən ölkə kimi Ermənistan bu cür addımlar atır. Burada əsas məqsəd dünya ictimaiyyətinin diqqətini daha çox cəlb etməkdir. İddia edirlər ki, Azərbaycan tərəfi Ermənistana onların Qarabağ ermənilərinə yardımına problem yaradır. Onlar belə bir görüntü formalaşdırmağa çalışır. Amma buna adekvat olaraq Azərbaycan öz mövqeyini dünyaya bəyan edib. Dövlət başçısı da açıq şəkildə bildirdi ki, Qarabağda yaşayan ermənilərə humanitar yüklərin çatdırılması üçün Ağdam-Xankəndi yolu mövcuddur. Qarşı tərəfin elə ciddi humanitar problemləri varsa, özlərinin dedikləri kim aclarından ölürlərsə, gərək bu kimi təkliflərə müsbət yanaşsın. Amma fakt odur ki, onlar beton maneələrlə Ağdam-Xankəndi yolunu bağlayır ki, bundan istifadə edilməsin. Belə olan halda blokadadan danışmaq, kimisə günahkar çıxarmaq mənasızdır. Sözsüz ki, erməni tərəfinin 20-dən artıq maşını yardım adı altında Azərbaycan sərhədinə cəlb etməsi əsl təxribatdır. Faktiki olaraq onların əsas məqsədi kömək etmək, yardım göstərmək deyil. Məqsədləri Azərbaycana ideoloji, siyasi müstəvidə zərbə vurmaqdır. Bununla da dünya ictimaiyyətinə guya Azərbaycanın onlara müəyyən problemlər yaratması ilə bağlı yalan informasiyaları ötürmək istəyirlər.
- Necə düşünürsünüz gərgin vəziyyət nə vaxta qədər davam edəcək?
- Ermənistanın humanitar yardım adı altındakı təxribatı uzun müddət zaman ala bilməz. Çünki onlar həqiqətən də həmin maşınlarda zəruri ərzaq ehtiyacları gətirirsə, bu məhsulların uzun müddət o şəraitdə qalması mümkün deyil. Eyni zamanda Azərbaycan iradə nümayiş etdirirsə, bu o deməkdir ki, həmin yüklərin Laçın postundan keçməsi mümkün olmayacaq. Azərbaycanla razılaşdırılmış şəkildə bu kimi yardımları təmin etmək olar. Hətta onlar bu gün Rusiyadan da dəstək ala bilmirlər. Rusiya XİN sözçüsü Mariya Zaxarova açıq şəkildə Nikol Paşinyanı və İrəvan hakimiyyətini tənqid etdi. Rusiya açıq şəkildə dedi ki, onlar bu məsələləri Azərbaycanla razılaşdıra bilər. Burada Rusiyaya müraciətin mənasız olduğu Ermənistana izah edildi. Ona görə də, bu vəziyyət uzun çəkməyəcək. Təbii ki, Azərbaycanın mövqeyi indi hər kəs üçün tam aydındır.
- Yevlaxda Qarabağ erməni icması ilə Azərbaycan hökuməti arasında görüşün olacağı ilə bağlı informasiyalar var. Bu görüşün indiki halda gərginliyin aradan qaldırılmasına, reinteqrasiya prosesinə təsirini necə dəyərləndirirsiniz?
- Azərbaycan tərəfi bu məsələdə üstün mövqədir. Çünki Qarabağın erməni icması ilə Azərbaycandan kənar bir yerdə görüş təklif edilmişdi. Sözsüz ki bu qəbuledilən deyil. Çünki Azərbaycan Qarabağ məsələsini daxili işi hesab etdiyi üçün bunu kənardan müzakirə etmək niyyətində deyil. Hətta Azərbaycan rus sülhməramlıların qərargahında da erməni icması ilə görüşmək istəmir. Burada üçüncü tərəfə ehtiyac yoxdur. İkitərəfli dialoq daha effektiv ola bilər. Təbii ki, tərəflər arasında Yevlaxda görüş olacaqsa, bu Azərbaycanın diplomatik uğurudur. Amma burada bütün məsələlərin həll olunacağına inanmaq olmaz. Ardıcıl şəkildə qarşı tərəf sülhə məcbur edilməlidir. Reinteqrasiya prosesi sülh, dialoq yolu ilə aparılmalıdır.
- İndiki şəraitdə Qarabağın erməni icmasının reinteqrasiya prosesinə kimlər mane olur?
- Fakt odur ki, separatçı rejim Qarabağda yaşayan ermənilərə açıq şəkildə hədə-qorxu gəlir. Onları sıxışdırır, imkan vermir ki, Azərbaycanla dialoqa getsinlər. Amma bütün hallarda bu dialoq olmalıdır. Burada görüş zamanı hansısa bir siyasi məsələlərin müzakirə edilməməsi ilə bağlı səslənən fikirlər var. Daha çox mədəniyyət, sosial problemlərin müzakirəsinin aparılması önə çəkilir. Bu cəfəng yanaşmalardır. Dialoq, danışıqlar zamanı bütün məsələlər müzakirə olunacaq. Həmin məsələlər müzakirə olunmayacaqsa, görüşün nəticəsi olmayacaq. Uduzan tərəf isə yenə onlar olacaq. Qarşı tərəf sözsüz ki, bunu yaxşı başa düşür. Sadəcə olaraq onlar böyük qorxu içindədir Görüşlər və dialoq ardıcıl, sistemli şəkildə aparılmalıdır. Azərbaycanın təklifləri onları qane etməlidir. Bu təşəbbüslər onları maraqlandırmalıdır. Çünki söhbət hümanitar, dini, multikultral məsələlərdən gedir. Eyni zamanda onların Azərbaycanın tərkibində normal digər vətəndaşlar kimi yaşaması məsələsi həll olunmalıdır. Təbii ki, Azərbaycan bunları ardıcıl şəkildə edir.