25 Sentyabr 2023 20:36
557
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tarixi Azərbaycan torpağı olan Qarabağa ermənilərin çar Rusiyası zamanında köçürüldüyü dövrdən etibarən xalqımıza qarşı başlamış düşmənçilik siyasəti 200 ildən çox davam edib. Ermənilər məskunlaşdıqları dövrdən etibarən Azərbaycan toponimlərini dəyişməyə başlayıb, münbit əraziləri ələ keçirməyə çalışıb və əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırıblar. İfrat millətçilik üzərində qurulmuş Daşnaksutyun siyasəti azərbaycanlılara qarşı amansızlıqla yadda qalıb. Rusiya inqilablarının yaratdığı şəraitdən sui-istifadə edərək erməni qəsbkarları 1905-1907-ci və 1918-ci illərdə yüz minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirib. 1918-1920-ci illər isə xalqımızın yaddaşında erməni silahlı quldur dəstələrinin xüsusi qəddarlığı qalıb. Həmin illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on minlərlə dinc azərbaycanlı əhali soyqırımına məruz qalıb. Azərbaycanlılar yaşadıqları yerlərdən qovulub, onlara işgəncələr verilib, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edilib.

Bunu Teleqraf.com-a Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.

O qeyd edib ki, 1948-1956-cı illərdə Ermənistandakı öz tarixi dədə-baba torpaqlarından 150 minə yaxın azərbaycanlı zorla deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilib: “1987-ci ildən başlayaraq daha 300 minə yaxın azərbaycanlı öz doğma yurdundan qovulub, bununla da Ermənistan monoetnik dövlətə çevrilib. 1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının “dənizdən dənizə Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnib. Amma çox təəsüf ki, azərbaycanlıların soyqırımı siyasətinə hüquqi-siyasi qiymət verilməmişdi. Ermənilərin tarixi ərazilərimizdə azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı siyasətinə ilk dəfə Ümummilli Lider Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verilib. Ulu Öndərin 1998-ci il 26 mart tarixində imzaladığı Fərman ilə 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü elan edilib”.

Millət vəkili Ermənistan 90-cı illərin əvvələrində Azərbaycanda yaranmış xaos və hərcmərclikdən istifadə edərək ərazilərimizin 20%-ni işğal etdiyini bildirib: “İşğal zamanı ermənilər tərəfindən yaşayış məntəqələri dağıdılıb, dinc əhali amansızcasına qətlə yetirilib. Başlıbel, Ağdaban və Baqanis-Ayrım kəndlərində törədilmiş vəhşiliklər erməni faşizminin əsl simasını göstərən insanlıq cinayətləridir. Dinc azərbaycanlılara qarşı törədilən qətliamlar içərisində Xocalı soyqırımı xüsusi qəddarlığı ilə seçilir. Amma çox təəsüf ki, keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün 1992-ci il 24 mart tarixində təsis olunmuş ATƏM-in (indiki ATƏT) Minsk Qrupu fəaliyyətinin 29 ili ərzində məsələnin həllinə yox, dondurulmasına çalışıb və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qalıb. İşğalçıya, İşğala məruz qalmış tərəfə eyni münasibət bəslənilib. Beynəlxalq qətnamələr kağız üzərində qalıb. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il icra olunmayıb. Azərbaycan isə daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirib və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışıb. Ermənistanın işğal siyasətinin nəticəsi olaraq 30 il ərzində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur olub. Torpaqlarımızın işğalı azərbaycanlıları doğma yurd-yuvalarından didərgin salmaqla yanaşı, ölkəmizin iqtisadiyyatına və mədəni irsinə də ağır zərbə vurulub. Ermənistan bu müddət ərzində işğal altında saxladığı Azərbaycan ərazilərini acınacaqlı vəziyyətə salıb, şəhər və kəndlərdə infrastrukturu tamamilə məhv edib. İşğal zamanı Azərbaycanın misilsiz mədəniyyət abidələri sıradan çıxarılıb”.

Professor bütün bunlara baxmayaraq Azərbaycan xalqının işğalla heç zaman barışmadığını bildirib: “2016-cı il aprel ayında Lələtəpə və 2020-ci il iyul ayında Tovuz döyüşləri zamanı Azərbaycan bu işğalla barışmayacağını nümayiş etdirdi. Lakin Ermənistan bu döyüşlərdən də nəticə çıxarmadı. Ermənistan bundan sonra da Azərbaycana qarşı diversiyaları-təxribat əməllərini davam etdirib. Sözsüz ki, Azərbaycan xalqının səbir kasasını dolduran son damla və erməni hərbi təxribatı 2020-ci il 27 sentyabr tarixində baş verdi. Həmin gün atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə yanaşı Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə başladı. Nəticədə, hərbi qulluqçularla yanaşı dinc sakinlər arasında ölən və yaralananlar oldu. Düşmənin hərbi təxribatının qarşısını almaq və erməni təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bütün cəbhə boyu əks-hücuma keçmək haqqında əmri verdi. Bununlada şanlı Qələbəmizlə bitmiş 44 günlük Vətən müharibəsi başlamış oldu. Məhz Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Anım Günü ölkədə gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması, ölkə vətəndaşlarının birliyinin daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Çünki tarixi qələbə salnaməsinin ilk günü məhz 27-i sentyabrdan başlayıb. Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə 27 sentyabrda bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş verən Birinci Qarabağ Müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri işğaldan azad etməyə başladı. Vətən Müharibəsi Azərbaycanın tarixi qələbəsi ilə yekunlaşdı. Azərbaycanın mədəniyyət paytaxtı hesab edilən Şuşa şəhəri Şanlı Azərbaycan Ordusu tərəfindən azad edildikdən dərhal sonra, noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya prezidenti üçtərəfli Bəyanat imzaladılar. Bu sənəd Ermənistanın kapitulyasiya aktı idi. 44 günlük müharibə Azərbaycan torpaqlarının uzun müddət davam edən işğalına son qoydu. Azərbaycan müharibəni hərbi-siyasi yollarla həll etdi. Hərbi müstəvidə əldə edilən qələbənin siyasi müstəvidə davam etdirilməsi nəticəsində 44 günlük Vətən müharibəsindən sonrakı 20 gün ərzində 3 rayon – noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın Azərbaycana təhvil verildi. 2022-ci avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdı”.

Deputat vurğulayıb ki, 90-cı illərin əvvəllərində Azərbaycandakı hərcmərclikdən istifadə edərək Ermənistan hərbi birləşmələrinin 4 il ərzində tədricən işğal etdiyi və 30 ilə yaxın dövr ərzində işğalda saxlayaraq ərazisində güclü hərbi istehkamlar, maneələr, müdafiə xətləri qurduğu tarixi torpaqlarımız 44 gün ərzində azad edildi. Bu sözsüz ki, Azərbaycan xalqının yaddaşında şanlı tarixdir. Milli həmrəyliyimizin təcəssümü olan bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Düşmən torpaqlarımızdan qovuldu, ədalət və beynəlxalq hüquq bərpa olundu. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaq. Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını bu gün də uğurla davam etdirir. Aparılan uğurlu siyasət nəticəsində Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar ordu quruculuğu sahəsində məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir. Ordumuz şəhidlərin qisasını döyüş meydanında aldı. Bu Qələbəni xalqımıza bəxş edən qəhrəman əsgər və zabitlərimiz qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, şücaəti, fədakarlığı artıq dastana çevrilib. Çünki Vətən müharibəsi nəticəsində Ermənistanın işğalçılıq siyasətinə, erməni faşizminə son qoyuldu. 44 günlük Vətən müharibəsi həmçinin bütün dünyaya Türkiyə-Azərbaycan birliyini bir daha göstərdi. 44 gün ərzində Azərbaycana ən böyük dəstək verən ölkə qardaş Türkiyə oldu. Qardaş Türkiyə və qardaş türk xalqı müharibənin ilk saatlarından Azərbaycanla həmrəylik nümayiş etdirdi”.

Şura sədri vurğulayıb ki, həmçinin revanşizm və faşist ideologiyasının əsrinə çevrilən Ermənistan 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsində hələ də qanunsuz silahlı birləşmələr saxlayır, qondarma separatçı-xunta rejiminə dəstək verirdi: “Bu da sözsüz ki, sülhə başlıca əngəl olmaqla yanaşı ciddi təhlükə mənbəyi idi. Məhz 2023-cü il sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki qanunsuz birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxmış və mülki şəxslər həlak olub. Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak oldu və yaralandı. Bu acı reallıq Ermənistanın işğalçı, terror, ərazi iddialarını davam etdirmək niyyətinin göstəricisi idi. Azərbaycan dövləti özünün suveren və beynəlxalq birlik tərəfindən tanınan ərazisində bu cür qanunsuz silahlıların olmasını sözsüz ki, qəbul edə bilməzdi. Bu baxımdan da Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Qalib, güclü Ordumuz qanunsuz silahlılara və separatçılara qarşı lokal xarakterli antiterror tədbirləri həyata keçirməyə başladı. Bu tədbirlər təhlükəsizliyin təmin edilməsinə xidmət edirdi. Cəmi 24 saat davam edən antiterror tədbirləri separatçıların təslim olub, ağ bayraq qaldırması, silah-sursatı təhvil verməsi və Azərbaycanın şərtlərini qəbul etməsi ilə başa çatdı. Bunun nəticəsində Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da müvafiq şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olundu. Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyması təslim olması Azərbaycanın növbəti Qələbəsinin təntənəsi idi”.

Eldar Quliyev 44 günlük müharibədə əldə edilən tarixi qələbədən sonra şəhid və qazilərin, müharibə iştirakçılarının misilsiz xidmətlərinin dövlətimiz tərəfindən ən yüksək səviyyədə qiymətləndirildiyini bildirdi: “Əldə edilən tarixi zəfər münasibəti ilə orden və medallar təsis edildi. Yeni medal və ordenlərin Qələbənin əbədiləşdirilməsi və müharibə iştirakçılara Ali diqqətin təcəssümü idi. Eyni zamanda Vətən müharibəsi şəhidləri və qazilərinin bütün ehtiyacları dövlətimiz tərəfindən ən yüksək səviyyədə təmin olunur. Bununla yanaşı şəhidlərin xatirəsini əbədiləşdirmək üçün bütün lazımi tədbirlər görülür. Bakıda Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyi inşa olunacaq. Sözsüz ki, Vətən müharibəsində xalqımızın milli birliyin və Vətən uğrunda savaşın rəmzi - “Dəmir yumruq” hamı üçün bir güc simvoluna çevrilmişdi”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər