29 Sentyabr 2023 21:48
14 313
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Razi bəy, ABŞ və bir çox Qərb dövlətləri hazırkı mərhələdə Qarabağda beynəlxalq müşahidəçilərin monitorinq aparması ilə bağlı təkliflər səsləndirir. Ərazilər Ermənistan tərəfindən işğalda saxlanılan zaman bu cür təşəbbüslər səslənmirdi... Sizcə, indiki halda buna nə dərəcədə ehtiyac var?

- ABŞ, Fransa, Almaniya və bəzi Qərb dövlətləri Azərbaycana xüsusi bir missiyanın göndərilməsini tələb edir. Məqsədləri hazırda Qarabağda yaşayan ermənilərin giriş və çıxışını, hazırkı vəziyyəti öyrənib bunun bağlı beynəlxalq ictimaiyyətə məlumat verməkdir. Əslində bu, çox haqsız bir tələb və yanaşmadır. Onların bu cür münasibəti Azərbaycanla həmin ölkələrin bundan sonrakı əməkdaşlığına, proseslərin gedişində qarşılıqlı inama ciddi şübhələr yaradacaq. Azərbaycan bundan sonra həmin ölkələrlə daha ehtiyyatlı davranacaq. Təbii ki, onların beynəlxalq aləmdə həyata keçirdikləri layihələrə, antiterror əməliyyatlarına Azərbaycan da tamamilə başqa prizmadan yanaşmalı olacaq.

- Azərbaycana qarşı fərqli yanaşmaların sərgilənməsi nədən qaynaqlanır?

- Dünya ictimaiyyətinin gözü önündə, beynəlxalq mətbuatın izlədiyi bir proses baş verdi. Azərbaycan Qarabağda lokal antiterror əməliyyatları həyata keçirdi. Bu zaman heç bir mülki vətəndaşa, obyektə zərər vurulmadı. Hazırda Laçın sərhəd-buraxılış məntəqəsi açıqdır. Erməni əsilli sakinlər heç bir təzyiq olmadan könüllü olaraq öz xoşları ilə çıxıb gedir. Onları öldürən, qovan yoxdur. Hətta Azərbaycan tərəfi gedən ermənilərə yardım edir. Onlara tibb yardım göstərilir, azyaşlılara şirniyyat paylanır. Sadəcə olaraq azad şəkildə özləri Azərbaycan ərazisindən çıxıb gedir.

- Gedişlə bağlı əsasən hansı arqumentlər gətirilir?

- Onlar Azərbaycan pasportu almaq istəmir. Bəziləri isə burada azərbaycanlılara qarşı çoxlu cinayətlərdə iştirak edib. Separatizmə dəstək verməklə yanaşı əllərinə silah götürüb Azərbaycana qarşı vuruşublar. Hətta Azərbaycan tərəfi könüllü şəkildə peşmançılıq yaşayanlara da amnistiya olacağını bəyan edib. Amma bütün bunlara baxmayaraq, xain-xəbis separatçılar onları kütləvi şəkildə ərazidən çıxmağa təşviq edir.

- Sizcə, ermənilərin kütləvi şəkildə köçü ilə bağlı görünütlərin arxasında hansı məqsədlər durur?

- Ermənistan rəhbərliyi bununla “etnik” təmizləmə ab-havası yaratmağa çalışır. Amma fakt odur ki, onları heç kəs buradan qovub çıxartmır. Azərbaycan Prezidenti elan edib ki, biz Qarabağ erməniləri ilə dinc şəkildə yaşamaq istəyirik. Sadəcə olaraq onların Azərbaycan pasportu almaları tələb edilir. Qondarma rejimdə yaşadıqlarından qat-qat üstün şəkildə Azərbaycanda yaşayacaqlarına təminat verilir.

- Bundan sonrakı proseslərdə nələr baş verə bilər?

- Azərbaycanda Qırmızı Xaç Komitəsi var. Ağdam-Xankəndi, Laçın-Xankəndi yolu açıqdır. Gorusdan Füzuli istiqamətində olan yol da açıqdır ki, buradan da istənilən köməklik göstərilə bilər. Əlavə olaraq rus sülhməramlılarının vertolyotları da erməni əsilli sakinlərə xidmət etmiş oldu. Bütün bunlara isə Azərbaycan şərait yaradıb. Hətta Xankəndidəki yanğından sonra xəsarət alanların daşınması üçün Ermənistandan gələn helekopterlərin uçuşuna da icazə verilib. Məhz bu faktlara görə, beynəlxalq birlik Azərbaycana sağol deməlidir. Amma bunun əksinə beynəlxalq birlik hazırda çox haqsız hərəkətlərə yol verir.

- Hazırda Qarabağda beynəlxalq missiyanın fəaliyyətinə nə dərəcədə ehtiyac var?

- Azərbaycan tərəfi ölkəmizdə BMT-nin əlaqələndirici rezidentinin olduğunu bildirib. Həmin bu qurumun təmsilçiləri Qarabağda proseslərə nəzər sala bilər. ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini vəzifəsini icra edən Yuri Kim və USAID-in (ABŞ Beynəlxalq İnkişaf Agentliyi) rəhbəri Samanta Pauer, Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono Azərbaycana gəldi. Onların nəzərinə bu məsələlər çatdırılıb. Ona görə də, bu məsələlərdə müəyyən bir kommunikasiyanın yaranması da mümkün görünür. Ola bilsin ki, BMT nümayəndəsi ilə birlikdə ərazidəki vəziyyətlə tanış olmaq mümkün olsun. Əslində onlar gəlib Qarabağda 30 ildən artıq öz mövcudluğunu saxlamış separatizm yuvasının yaratdığı şəraitlə tanış ola bilərlər. Kiçik bir əraziyə bu qədər silah-sursatın necə yığılması yəqin ki, onlar üçün heç də təəccüblü olmaz. Ona görə də, hansısa bir beynəlxalq missiyanın ərazidə limitli bir şəkildə baş çəkməsinə icazə verilməsi real görünür. Amma burada böyük bir missiyadan söhbət gedə bilməz.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər