10 Oktyabr 2023 09:05
18 050
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin münaqişənin bitmədiyini, sülhməramlıların tələb olunan vaxtdan artıq Qarabağda qala biləcəyini deyir. Həmçinin söyləyir ki, “qarabağlı ermənilərin hüquq və təhlükəsizliyi məsələsi” sülh müqaviləsində əks olunmalıdır. Münaqişə bitib, Bakı isə Qarabağın sülh müqaviləsində yer almayacağını bildirib. Belə olan halda Rusiyanın bu mesajı hansı niyyətlərindən xəbər verir?

- Xarici İşlər Nazirliyi Qaluzinə cavab verməlidir. Necə yəni məsələ bitməyib? Qaluzinin rəhbəri – Vladimir Putinin özü deyib ki, məsələ bitib. Görünür, bu, Qaluzinin şəxsi fikri deyil, bizə Kremlin mesajlarını göndərir, nəbzimizi yoxlayır. Bakıdan ona cavab verilməlidir ki, artıq məsələ bitib, rus hərbi kontingentinin Qarabağda vaxtından çox qalmasına ehtiyac yoxdur, vaxtı bitəndə və ya daha tez ərazimizi tərk etməlidir. Zatən, hadisələr buna doğru gedir, sülhməramlıların postlarının sayı azalır.

Qaluzin sadəcə Kremlin mesajını bizə çatdırır ki, bəlkə ilişib qala bildilər. Biz buna yol verə bilmərik. Yenə də Qarabağ məsələsini ortaya atırlar, Putinin özü də etiraf edib ki, belə bir şey yoxdur. Amma Putinin etirafına baxmayaraq, görünür, Rusiyanın daha alt siyasi qatlarında Qarabağda qalmaqla bağlı müəyyən planlar cızılır. Qaluzin də onların fikirlərini bizə çatdırır.

Dediyim kimi, Qaluzinin bu fikirləri cavabsız qalmamalıdır. Biz Rusiyanın qarşısında mövqeyimizi ortaya qoymalıyıq ki, Qarabağda separatizmi bitirmişik, separatçılar tərksilah olunub, ayırıcı xətlərə ehtiyac qalmayıb. Bu kontekstdə Rusiya sülhməramlılarının postları bağlanır. Yəni onların burada qalmasına heç bir zərurət yoxdur.

Düzdür, Qaluzinin dəhlizlə (Zəngəzur) bağlı fikrini pozitiv qiymətləndirmək olar, amma hərbi kontingentlə əlaqədar və “məsələ bitməyib” kimi fikirlərini cavabsız qoymaq olmaz.

- Rusiya yenidən regionu qarışdıra bilərmi?

-Bunun üçün alətləri o qədər də çox deyil. Əvvəllər separatçılar vasitəsilə qarışdırırdı. İndi nə separatçılar var, nə də əllərində silah. Ermənistan üzərindən buna cəhd edə bilərlər, amma Rusiyanın orada da problemləri var. Çünki Paşinyan Qərbə doğru irəliləməyə çalışır. Yəni əlində elə bir alət yoxdur. Yalnız açıqlamalar vasitəsilə suyu bulandırmağa çalışa bilərlər.

Qarabağ tamamilə Azərbaycan ordusunun nəzarətindədir, separatçı qalmayıb. Az sayda mülki erməni qalıb, onlar da Azərbaycan pasportları ilə təmin olunur. Yəni Rusiyanın Qarabağ üzərindən təzyiq aləti qalmayıb.

Dediyim kimi, Ermənistan üzərindən cəhdlər etməyə çalışa bilər, amma İrəvan da Kremllə yolları ayırmağa çalışır.

- Prezident İlham Əliyev Ermənistan Baş naziri Nikol Paşinyana Gürcüstanda görüş təklifi verdi. Sizcə, sülh müqaviləsi Tiflisdə imzalana bilərmi? Yaxud mümkün Tiflis danışıqları Vaşinqton, Brüssel və Moskva proseslərindən nə kimi fərqli ola bilər?

- İndi ideal variant Gürcüstanın vasitəçiliyidir, illərdir bunu deyirəm. Çünki Gürcüstan region ölkəsidir, yəni obyektiv olaraq sülhdə maraqlıdır. Azərbaycanın strateji tərəfdaşıdır, Ermənistanla da yaxşı münasibətləri var. Prezident İlham Əliyev bir daha xatırlatdı ki, Azərbaycanın Gürcüstanın vasitəçiliyinə tərəfdardır. Sülh müqaviləsinin imzalanması üçün ən münbit məkan elə Tiflisdir.

Hesab edirəm ki, sülh danışıqları Tiflisdə davam edərsə və saziş də orada imzalanarsa, Vaşinqton, Brüssel və Moskva da buna etiraz edə bilməyəcək.

Danışıqların Tiflisdə davam etdirilməsinə yeganə əngəl Paşinyanın mövqeyidir. İlham Əliyev də, Paşinyan da tez-tez Gürcüstana səfər edirlər. Amma İlham Əliyev Gürcüstanın vasitəçiliyindən danışarkən, Paşinyan buna fikir bildirə bilmir. Halbuki Gürcüstandan da Paşinyana belə bir təklif verilib.

Gürcüstanın vasitəçiliyinin baş tutması üçün Paşinyanın mövqeyində dəyişiklik olmalıdır. Əslində, Gürcüstanın vasitəçiliyi Azərbaycanla yanaşı, Ermənistanın da xeyrinədir.

- Bəs Paşinyan niyə Tiflis təklifinə yaxın durmur?

- Paşinyan ona görə yaxın durmur ki, Tiflisdə Fransa olmayacaq. Ermənistan indi Fransanın yedəyindən yapışıb ki, Azərbaycana təzyiq etsin və sair.

İkincisi, Gürcüstanın Ermənistanla yaxşı münasibətləri olsa da, Azərbaycanın strateji tərəfdaşıdır, bütün məsələlərdə ərazi bütövlüyü prinsipindən çıxış edir. Bu da Paşinyanı narahat edə bilər. Amma iş burasındadır ki, Qarabağ məsələsi bitib. Yəni ərazi bütövlüyü məsələsini uzatmağın mənası yoxdur.

Hesab edirəm ki, Paşinyan bir müddətdən sonra Gürcüstan variantı ilə razılaşacaq. Amma indi Fransanın onu indiki durumdan çıxaracağını düşünür. Fransa və beynəlxalq birliyi başı isə indi Yaxın Şərqə qarışıb. Bu gün Yaxın Şərqdə baş verənlər Cənubi Qafqazı arxa plana atıb. Bu, bizim üçün də faydalıdır ki, beynəxalq aləm ümumiyyətlə bizi unutsun.

- İsraildən söz düşmüşkən, oradakı son gəlişmələrlə bağlı belə bir fikir var ki, gərginlik regional dəhlizlərə nəzarət uğrunda mübarizədə partlayış verib. Buna misal olaraq, bir müddət əvvəl Dehlidə razılaşdırılmış Hindistan-Yaxın Şərq-Avropa dəhlizi göstərilir. Siz necə düşünürsünüz?

- Bu fikirlə mən də tanışam. Əvvəla onu deyim ki, işin içində İran var. HƏMAS liderləri İsrailə hücumdan dərhal sonra İrana təşəkkür etdilər. Bu, hiyləgər gedişdir. HƏMAS bununla İsrailə mesaj göndərir ki, işin arxasında İran var.

HƏMAS qarşıdurmanın miqyasının genişlənməsinə çalışır, çünki anlayır ki, İsrailin intiqamı ağır olacaq. Buna görə də, İsrailə başqa istiqamətlərdən də zərbələrin vurulmasına çalışırlar. İndi HƏMAS İranın da adını qəsdən çəkir ki, onun da işin içində olduğu bilinsin. İranın “Hizbullah” və HƏMAS-a silah-sursat verdiyi kimsəyə sirr deyil, amma Tehranda bunu heç vaxt etiraf etməyiblər. HƏMAS bu açıqlama ilə savaşın iştirakçılarının sayını artırmağa çalışır.

İranın məqsədi nədir? İran İsrailin regionda rolunun artmasından narahatdır. Məsələn, İsrail Azərbaycanla tərəfdaşdır, ərəb ölkələri ilə əlaqələrini normallaşdırmağa çalışır. Hətta İsrailin Səudiyyə Ərəbistanı ilə normallaşma danışıqları son mərhələyə qədəm qoymuşdu, diplomatik münasibətlər qurulurdu. Bu da İranın maraqlarına cavab vermirdi.

Digər bir məsələ də sizin dediyiniz kimi, dəhlizlə bağlıdır. G-20-nin Hindistan toplantısında Çinə alternativ dəhliz gündəmə gətirildi. İran Yaxın Şərqi qarışdırmaqla bu layihənin üstündən xətt çəkməyə çalışır. Çünki bu xətt İrandan yan keçir.

İsrail ətrafında baş verənlərə gələn reaksiyalar müxtəlifdir. Dünya iki yerə bölünüb: ABŞ və Avropa birmənalı şəkildə İsraili dəstəkləyərkən, Türkiyə, Rusiya, Çin fərqli mövqedən çıxış edirlər, hətta “Fələstinə müstəqillik” ideyasını vurğulayırlar, HƏMAS-a qarşı birbaşa açıqlama yoxdur.

Çin bir müddət Fələstinlə İsrail arasında əlaqə qurmağa çalışdı. Amma Çinin son gəlişmələrlə bağlı mövqeyi Amerikanı narazı saldı. Rusiyanın mövqeyi də birmənalı görünür, Türkiyənin özünün də vaxtilə HƏMAS-la təmasları olub.

Hadisələrin Cənubi Qafqaza təsirinə gəlincə, İsrail Azərbaycanın tərəfdaşıdır. HƏMAS-ın İsrailə terror hücumunu qınayırıq. Azərbaycan-İsrail parlamentlərarası dostluq qrupunun də bəyanatı var. Əlbəttə, müəyyən beynəlxalq təşkilatlar çərçivəsində Fələstinə dəstək bəyanatları vermişik, amma biz İsraillə strateji tərəfdaşlığı davam etdiririk. Ola bilsin ki, İran-İsrail gərginliyi artdıqca, Tehrandan Azərbaycan əleyhinə açıqlamalarda da artım müşahidə edilsin.

- İsrail və ya Yaxın Şərqdəki gərginlik təhlükəsiz dəhliz kimi Azərbaycandan da keçən Orta Dəhlizin önəmini artıracaqmı? Eləcə də bu kontekstdə Zəngəzur dəhlizinin...

- Bəli, bu dəhlizlərin önəmi artır. Amma bu dəhliz İrandan yan keçdiyi üçün oradan müəyyən təxribatların olacağını istisna etmirəm. Düzdür, İranın Cənubi Qafqazda Yaxın Şərqdə olduğu qədər alətləri yoxdur, orada HƏMAS, “Hizbullah” kimi alətləri var, burada isə elə vasitələri yoxdur, amma Zəngəzur dəhlizinin əleyhinə çıxır.

İndi İrandan keçən marşrutlar Azərbaycanla müzakirə olunur. Bütün hallarda isə Orta Dəhliz hamı üçün faydalıdır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Gürcüstanda olarkən bu məsələ də müzakirə edildi. Gürcüstan da bunda çox maraqlıdır. Çünki bununla Gürcüstan limanları genişlənəcək, Bakı-Tiflis-Qars dəmir yolu ilə daşımalar artacaq.

Bəli, Yaxın Şərqdə davam edən gərginlik fonunda Azərbaycan və buradan keçən beynəlxalq nəqliyyat xətlərinin potensialı artır. Bu layihələrin həyata keçirilməsi üçün danışıqlar intensivləşməlidir. Ermənistanın Zəngəzur dəhlizinə mane olmasına gəlincə, buna baxmayaraq, bu xəttin potensialının və rolunun artdığını görürük.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər