Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Tofiq müəllim, baş verənlər fonunda Qərbin vasitəçilik missiyası etimadını itirdi. Belə olan halda Brüssel formatının da başa çatdığı qənaətini bölüşmək olarmı?
- Brüssel, Moskva, Vaşinqton proseslərinə aid Azərbaycanın yanaşmaları, meyarları var. Əgər təklif olunan gündəm məsələlərilə bağlı müzakirəyə çıxarılan mövzular Azərbaycanı qane etmirsə, bu və ya digər platformadan imtina etməkdə haqlıdır. Çünki bu platformalar vasitəçi kimi deyil, xoş niyyətli yanaşmalar kimi qəbul edilib. Onlar sadəcə olaraq danışıqlar üçün yer verir, kofeyə qonaq edir və s. Əgər onlar hansısa gündəm üçün təkliflər verirlərsə, bu, artıq vasitəçiliyə cəhddir. Azərbaycan bunu qəbul və ya imtina edə bilər. Misal üçün Qranadada müzakirələr heç də Azərbaycanı qaneə etmədi. Azərbaycan bunun əksinə digər mövzuları aktual hesab edirdi.
- Bunlar hansı mövzulardır?
- Azərbaycana qarşı işğal, təcavüz olub və bunun siyasi, mənəvi, maddi məsuliyyəti Ermənistan üzərindədir. Faktiki olaraq bu məsuliyyət indiki erməni siyasi elitasının üzərinə düşür. Çünki indi həmin vasitəçilər elə təkliflər edir ki, guya bu işlərdə Azərbaycan “günahkardır”. Reallıq odur ki, təcavüzkar Ermənistan bir ay öncəyə qədər silahlı qüvvələrini Azərbaycan ərazisində saxlamışdı. İndi də hay-küy salırlar ki, Qarabağdan “yüz min erməni qaçqın” düşüb. Bu, tamam absurd yanaşmadır. Orada olan erməni hərbçiləri və ailə üzvlərini kim hesaba alacaq? Onu aydınlaşdıran yoxdur? Onlar Ermənistanın dövlət büdcəsindən məvacib alan adamlardır. Sadəcə olaraq işğalçı qurumlar kimi Ermənistanın “miatsum” ideyasını təbliğ edirdilər. Məqsəd Qarabağı Ermənistana “birləşdirmək siyasətini” həyata keçirmək idi. Həmin separatçıların və Qarabağdan çıxanların 70 faizi Ermənistan büdcəsindən maaş alırdı.
- Belə olan halda onlara kim və nə adla qaçqın deyə bilər?
- Qarabağdan kimlər köçüb hamısı bəllidir. Faktiki olaraq Ermənistanın işğal siyasətini reallaşdıran adamlar ərazidən çıxıb. Geridə qalanlar isə Azərbaycan ərazilərini talan edənlər idi. 90-cı illərin statistikası ilə 750 min insanın yaşadığı bir ərazini, yaşayış məntəqəsini tam şəkildə söküb-dağıdıb, İrana və başqa yerlərə satanlar kimlər idi? Bunu aydınlaşdırmaq lazımdır.
- Ermənistan üçün Qərb platformasındakı danışıqlar nə dərəcədə effektivdir?
- Erməni tərəfi bununla bağlı təklif verməlidir. Onlar Qərb platformasında aparılan danışıqlardan nə istədiklərini açıqlamalıdır. Əks halda Azərbaycan öz haqqlarını beynəlxalq məhkəmədə həll edəcək.
- Sizcə, bu reallıqlar fonunda hansı əsasla Azərbaycan beynəlxalq məhkəmələrlə hədələnir?
- Bunlar absurd yanaşmalardır. Bununla bağlı hər hansı presedent Azərbaycan üçün keçərli deyil. Olsa belə buna Azərbaycanın arqumentinin necə olacağı nəzərə alınmalıdır. Onlar bir suala cavab verməlidir. 90-cı illərdə nə baş verdiyi aydınlaşmalıdır. Münaqişənin birinci hissəsi o dövrdə baş verib. Azərbaycanın 90-cı illərdə 20 faiz ərazisinin işğal edilməsi, 1 milyon azərbaycanlının niyə qaçqın düşməsinə Ermənistan beynəlxalq məhkəmədə cavab verməlidir. Burada birtərəfli qaydada nələrsə olacaqsa, Azərbaycan bundan da imtina edəcək. Çünki Azərbaycan bütün məsələlərdə haqlıdır.
- Tehranda Rusiya xarici işlər nazirinin xəritələrlə bağlı verdiyi açıqlamanın danışıqların sonrakı gedişinə təsiri necə olacaq?
- Hazırda Rusiyanın problemləri çoxdur. Yaxşı olardı ki, Moskva öz işi ilə məşğul olsun. Görünən odur ki, ruslar üçün Qarabağ mövzusu aktual deyil.
- Zəngəzurla bağlı Azərbaycanın yanaşmalarını dəyişməsindən sonra Nikol Paşinyan Tbilisidə dəhlizin açılması ilə bağlı şərtlərin yumşadılmasından danışdı...
- Erməni tərəfi indi danışıqların davam etməsində maraqlıdır. Amma Azərbaycana sərf edən məsələlər olsa, buna baxa bilər.
- Anklavlarla bağlı məsələ açıq qalıb. Belə olan halda məsələnin necə həll olunacağı ətrafında mülahizələr çoxalır...
- Azərbaycanın hələ də Ermənistanın işğalında qalan kəndləri və Zəngəzur mövzusu aktualdır. Orconikidzenin (1917-ci il inqilabında yaxından iştirak edən Serqo Orconikidze Ermənistan və Gürcüstanda sovet hakimiyyətinin qurucularından olub) 1920-ci ildə verdiyi qərar Azərbaycan üçün qanuni sayılmır. Bu nəyə görə qanuni sayılmalıdır? Burada hansı məntiq var? 8 kənd də bu mövzuların içindədir. Ona görə də bu məsələlər digər mövzularla birlikdə həll ediləcək.