6 Noyabr 2023 20:35
439
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin Qazaxıstanın paytaxtı Astana şəhərində Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşündə iştirakı mühüm önəm kəsb edir. Bu görüşün “Türk əsri” adlandırılması qarşıya qoyulan hədəfin mahiyyətini nümayiş etdirir. Sözsüz ki, bu Zirvə Görüşü türkdilli dövlətlər arasında əlaqələrin və əməkdaşlığın daha da güclənməsinə xidmət edir. 14 il əvvəl Naxçıvanda yarandığı dövrdən Türk Dövlətləri Təşkilatı olduqca səmərəli fəaliyyət göstərərək, ölkələrimizin, xalqlarımızın birliyinin daha da möhkənlənməsi baxımından olduqca vacib bir yol keçib.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.

O qeyd edib ki, Azərbaycanın 44 günlük Vətən Müharibəsindəki tarixi qələbəsindən sonra regionda və qlobal miqyasda yeni bir reallıq yaranıb: “Geosiyasi vəziyyət, baş verən mürəkkəb proseslər Türk dövlətləri arasında əməkdaşlığın daha da sıxlaşmasını vacib edib. Bu istiqamətdə bütün sahələr üzrə strateji əhəmiyyətli sənədlərin qəbul olunması, bir sıra tədbirlərin görülməsi Türk dövlətləri arasında münasibətlərin inkişafına böyük töhfə verib. Bu bir reallıqdır ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin coğrafi mövqeyi olduqca starteji əhəmiyyətə malikdir. Mərkəzi Asiya, Xəzər hövzəsi, Cənubi Qafqaz, Qara dəniz, Bosfor və Dardanel boğazları, Aralıq dənizi, Avropa kimi vacib regionları əhatə edən türk dövlətləri məhz bu coğrafiyada aparıcı söz sahibi olmaq reallığını özündə ehtiva edir”.

Deputat bildirib ki, TDT-nin 10-cu yubiley Zirvə görüşündə Prezident İlham Əliyevin iştirakı və vermis olduğu mesaj olduqca vacib məqamları əhatə edib: “Ölkəmizin başçısı çıxışında Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında əməkdaşlığın vacib istiqamətlərinə toxunub. Dövlətimizin başçısı bildirib ki, bu gün dünyanın müxtəlif bölgələrində beynəlxalq hüquq normaları kobudcasına pozulur: “Müharibələr, qanlı münaqişələr alovlanır. Belə olan halda, ilk növbədə, ölkələrin müdafiə potensialı təhlükəsizliyin əsas zəmanətinə çevrilir. Hesab edirəm ki, üzv ölkələr arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə əməkdaşlıq daha da artmalıdır”. Sözsüz ki, verilən bu mesaj Türk birliyinə, türk dünyasının daha möhkəm və sıx əlaqələr qurmaq baxımından yeni bir çağırışdır. Çünki indiki reallıq məhz bunu zəruri edir. Türk Birliyinin yeni bir güc olması, onun dünyada gedən proseslərdə aparıcı faktor kimi çıxış etməsi bu həmrəyliyin zəruriliyini önə çəkir”.

Millət vəkili hesab edir ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələr hazırda münasibətlərinin yeni mərhələsini yaşayır: “Türk dövlətləri və TDT-yə üzv dövlətlər arasında tarixi, dini, mədəni bağlara əsaslanan, sınaqlarından çıxmış sarsılmaz əlaqələr mövcuddur. Prezident İlham Əliyev də Türk dövlətlərinin birliyinin, həmin ölkələrin qarşılıqlı fəaliyyətinin vacibliyini hər zaman önə çəkib. Ölkəmizin başçısı vurğulayıb ki, “Türk dünyası böyük bir ailədir. Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq. Xüsusilə qeyd etməliyik ki, Azərbaycanın haqq işində Türk Dövlətləri Təşkilatına üzv olan ölkələr sona qədər dəstək nümayiş etdiriblər. Özbəkistanın Azərbaycana hədiyyəsi olan Füzuli şəhərində fəaliyyət göstərən Mirzə Uluqbəy adına məktəb və Qazaxıstanın Azərbaycana hədiyyəsi olan Füzuli şəhərində inşa edilən yaradıcılıq mərkəzi bu ölkələr arasında dostluğun, qardaşlığın rəmzidir”.

Eldar Quliyev vurğulayıb ki, Zirvə görüşündə qardaş Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın vermis olduğu mesajlar da olduqca önəmli idi: “Çox hörmətli Rəcəb Tayyib Ərdoğanın Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirəcək nəqliyyat xəttinin açılmasının əhəmiyyətini bir daha vurğulaması vacib məqamları özündə birləşdirir. “Xəttin açılması həm bölgədəki bütün ölkələrin rifahına mühüm töhfə verəcək, həm də Türkiyəni dədə-baba yurdumuz olan Orta Asiya ilə birləşdirəcək. Bu prosesin uğurla başa çatması üçün biz Türk dünyası olaraq Azərbaycana dəstəyimizi davam etdirməliyik” – deyən qardaş Türkiyə prezidentinin bu mesajı Cənubi Qafqaz, türk dövlətləri üçün tarixi önəm kəsb edir. Sözsüz ki, bu gün türk xalqlarının birliyi naminə bütün türkdilli dövlətlər fəal iş aparır. Artıq bu addımların ciddi nəticələri var və yaxın gələcəkdə bu amillər digər hədəflərə çatmaq üçün mühüm rol oynayacaq. Qloballaşan dünyada türk faktoru önə çıxır. Astana Zirvə Görüşünün şüarının “Türk Əsri” adlandırılması da heç də təsadüfi deyil. Zirvə Görüşündə qəbul olunan Astana Bəyannaməsi və verilən digər ümumi qərarlar türk birliyinin hədəflərini özündə ehtiva edir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər