13 Noyabr 2023 20:36
387
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin noyabrın 9-da Özbəkistanın paytaxtı Daşkənd şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 16-cı Zirvə toplantısında iştirakı mühüm önəm kəsb edib. Dövlətimizin başçısı Zirvə görüşündə çıxışında vacib mesajlar verib. Bu gün Azərbaycanla Özbəkistan arasında strateji tərəfdaşlıq əlaqələri uğurla inkişaf edir. Ötən il Prezident İlham Əliyevin Özbəkistana bir dövlət səfəri və iki işgüzar səfəri baş tutub. Eyni zamanda Şavkat Miromonoviç Mirziyoyev yenidən Özbəkistan prezidenti seçildikdən sonra ilk dövlət səfərini Azərbaycana edib. Bu, iki ölkə arasında dostluq, qardaşlıq münasibətlərinin təzahürü hesab edilir. Azərbaycan həmçinin İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü kimi də təşkilatın işində fəal iştirak edir. Ölkəmiz ECO-nun Təmiz Enerji Mərkəzinin ev sahibi kimi rəsmi olaraq təsdiqlənib. Bununla yanaşı ölkəmiz özünün nəqliyyat və logistika infrastrukturunu ECO-nun üzv dövlətləri üçün açıq olduğunu bəyan edib.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.

O qeyd edib ki, Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilən ölkəmiz vacib qovşağa malikdir: “Azərbaycan münbit sərmayə iqliminə malik olan ölkələr sırasında xüsusi yer tutur. Neft və qaz ehtiyatları ilə zəngin olmasına baxmayaraq ölkəmiz bərpaolunan enerji sektorunun inkişafına da xüsusi diqqət yetirir. Bu amil Azərbaycanı yaxın gələcəkdə yaşıl və hidrogen enerjisinin ixracatçısına çevrilməsinin təmin edəcək. İşğaldan azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda 2021-2023-cü illər ərzində 170 meqavat gücündə hidroelektrik stansiyalar istifadəyə verilib ki, bu qarşıda duran hədəflərin xarakterini göstərir. Prezident İlham Əliyev Daşkənd Zirvə görüşündə Ermənistanın Azərbaycan ərazilərinin 20 faizə yaxınını 30 ilə yaxın işğal altında saxladığını diqqətə çatdırıb. Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı öz dədə-baba yurdlarından qovulub, qaçqın və məcburi köçkünə çevrilib. Uzun müddət bu ərazilərin azad edilməsi ilə bağlı danışıqılar heç bir nəticə verməyib. Azərbaycan 2020-ci ildə BMT Nizamnaməsindən irəli gələn legitim özünümüdafiə hüququndan istifadə edərək ərazilərini işğalda azad etməyə nail olub. Bununla da Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il ərzində kağız üzərində qalmış dörd qətnaməsini Azərbaycan özü təkbasşına təmin edib. Fakt odur ki, erməni vandalizmi nəticəsində işğal dövründə Azərbaycanın doqquz şəhəri və yüzlərlə kəndi yer üzündən silinib. Ərazidə İslam dininə məxsus mədəni və tarixi irs dağıdılıb və təhqir olunub. Erməni vandalları tarixi Azərbaycan ərazisində olan 67 məsciddən 65-i dağıdıb viran qoyub”.

Deputat bildirib ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin güc yolu ilə beynəlxalq hüquqa və BMT Nizamnaməsinə uyğun olaraq bərpa edildiyi Prezident İlham Əliyev tərəfindən Zirvə görüşünün iştirakçılarının diqqətinə çatdırılıb: “Sentyabrın 19-20-də keçirilmiş birgünlük antiterror tədbiri nəticəsində Azərbaycan Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğuna son qoydu. Bununla da ölkəmizin beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyi, konstitusiya quruluşu bərqərar edildi. Artıq Azərbaycan bölgədə sülh və əməkdaşlığı təşviq edir. Hər zaman beynəlxalq təşkilatların o cümlədən də İqtisadi Əməkdaşlıq Təşkilatının işinə böyük əhəmiyyət verən Azərbaycan bu istiqamətdə fəal iş aparır. Ulu Öndər Heydər Əliyev də ECO-nun fəaliyyətinə xüsusi önəm verib. Ümummilli Lider hələ 2002-ci ildə ECO-ya üzv ölkələrin İstanbulda keçirilmiş dövlət və hökumət başçılarının 7-ci Zirvə görüşündə təşkilatın daha səmərəli fəaliyyətinin təmin olunması məqsədilə Bakıda qurumun Tədqiqat Mərkəzinin yaradılması təklifini irəli sürüb. Məhz bunun fonunda hazırda təşkilat çərçivəsində əməkdaşlıq əlaqələri sabit qaydada şaxələnir. 2006-cı ildə ECO-nun ölkəmizdə IX Zirvə görüşündə Mərkəzin Bakı şəhərində təsis edilməsi təklifi Prezident İlham Əliyev tərəfindən yenidən irəli sürülüb və 2021-ci ilin martında təşkilatın Türkiyənin sədrliyi ilə videokonfrans vasitəsilə keçirilmiş XIV toplantısında Mərkəzin nizamnaməsi imzalanıb. Bununla yanaşı Azərbaycan ECO-nun fəaliyyətinə bu gün də vacib töhfə verir. Ölkəmiz bu təşkilatın bir sıra toplantılarına uğurla ev sahibliyi edib. Belə ki, təşkilatın 9-cu və 12-ci Zirvə toplantıları müvafiq olaraq 2006-cı və 2012-ci illərdə Bakıda reallaşıb. Bu il oktyabrın 10-da isə Şuşada İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclası keçirilib. Eyni zamanda, Şuşa şəhəri 2026-cı il üçün ECO-nun turizm paytaxtı elan edilib”.

Eldar Quliyev İran vasitəsilə Naxçıvana avtomobil və dəmir yolunun çəkilməsi barədə razılığın əhəmiyyətli təşəbbüs olduğunu bildirib: “Şimal-Cənub Nəqliyyat Dəhlizinin ötürücülük qabiliyyətinin daha da genişləndirilməsi üzərində fəal iş gedir. Azərbaycanın irəli sürdüyü 3+3 əməkdaşlıq formatı bu təşkilata üzv ölkələr arasında əlaqələrin daha da möhkəmlənməsinə, Şərqdən Qərbə yüklərin daha qısa zamanda və sərfəli qiymətə daşınmasına xidmət edəcək. Eyni zamanda Təşkilata üzv ölkələr Azərbaycanın haqq işinə daim dəstək göstərib. Türkiyə və Pakistanın Azərbaycana hərtərəfli dəstəyi özünü bütün dövrlərdə açıq şəkildə büruzə verib. Bu iki ölkənin Vətən müharibəsi dövründə Azərbaycana siyasi və mənəvi dəstəyi açıq və birmənalı olub. Həmçinin 2021-ci ildə Türkmənistanda keçirilmiş Zirvə Toplantısının sonunda qəbul edilən “Aşqabad fəaliyyət konsensusu” adlı yekun bəyannamə özündə Azərbaycanın maraqlarına birbaşa cavab verən müddəaları da ehtiva edir.

Qeyd edək ki, 1964-cü ildə Türkiyə, Pakistan və İran tərəfindən “Regional İnkişaf üçün Əməkdaşlıq” kimi yaradılan təşkilat 1985-ci ildə İqtisadi Əməkdaşlıq Təşkilatı kimi yenidən formalaşdırılıb. Azərbaycan quruma 1992-ci ildə daxil olub. Ötən müddətdə Azərbaycan təşkilatda fəal rolu ilə seçilib və üzv dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurub.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər