3 Dekabr 2023 16:36
566
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın xarici siyasətində qarşılıqlı maraqlara hörmət prinsipi mühüm əhəmiyyət kəsb edir. Bunun nəticəsidir ki, istər regional, istərsə də daha geniş coğrafiyada Azərbaycan etibarlı tərəfdaş kimi nüfuzunu günü-gündən artırır. Prezident İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət nəticəsində Azərbaycanın Avropa ölkələri, Türk dünyası ilə olduğu kimi, ərəb dövlətləri ilə münasibətləri də yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu mənada, Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətlər xüsusi əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri əlaqələrin yeni müstəvidə inkişafına vacib təkan kimi dəyərləndirilir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

“BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28 çərçivəsində təşkil olunan Dünya İqlim Fəaliyyəti Sammitində iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərində səfərdə olan Prezident İlham Əliyev Dubay şəhərində Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşü ölkələrimiz arasında dostluq və qarşılıqlı əməkdaşlıq baxımından olduqca mühüm əhəmiyyət kəsb edir”- deyə o qeyd edib.

Deputat bildirib ki, ölkələrimiz arasında münasibətlər dostluq və qarşılıqlı etimad zəminində inkişaf edir: “Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələr əsasən beynəlxalq təşkilatlar, xüsusilə də BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində inkişaf edib. BƏƏ Azərbaycanın müstəqilliyini 1991-ci ilin dekabrın 26-da tanısa da, diplomatik əlaqələrin inkişafı, iki ölkə arasında münasibətlərin dostluq zəminində yüksək trayektoriya qazanması 1993-cü ildən, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonraya təsadüf edir. Hazırkı mərhələdə Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında əməkdaşlığın inkişafında enerji sektorunun xüsusi rolu var. Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycan enerji resurslarının şaxələndirilməsi, eləcə də yaşıl enerji sahəsində önəmli təchizatçıya çevrilmə istiqamətində mühüm addımlar atır. Bu gün Azərbaycanın imkanları nəinki öz enerji tələbatlarını təmin etməyə, alternativ enerjinin ixracına belə şərait yaradır. Azərbaycanın 44 günlük Vətən müharibəsində işğaldan azad etdiyi ərazilər də bərpa olunan enerji mənbələri ilə kifayət qədər zəngin diyardır”.

Millət vəkili Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşündə bir çox məsələlər ətrafında fikir mübadiləsi aparıldığını söyləyib: “Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin sərmayəsi ilə 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının təsis edilməsinin əhəmiyyətindən bəhs olunub. Bu xüsusda stansiyanın açılış mərasimində Birləşmiş Ərəb Əmirliklərinin 4 nazirinin iştirakı ölkələrimiz arasında qardaşlığın bariz nümunəsi kimi qiymətləndirilib. Eyni zamanda Birləşmiş Ərəb Əmirliklərindən olan tərəfdaşlarla imzalanmış sazişlərə uyğun olaraq bərpaolunan enerjinin 10 qiqavata çatdırılacağı proqnozlaşdırılır ki, bu da əlaqələrin daha da sıxlaşmasına başlıca zəmin yaradır”.

Tamam Cəfərova hesab edir ki, Azərbaycanla BƏƏ arasında bərpaolunan enerji məsələsindəki əməkdaşlıq münasibətlərin inkişafında yeni mərhələdir: “Bu baxımdan da ölkələrimiz arasında yaradılmış birgə investisiya fondunun əhəmiyyətini xüsusilə qeyd etməliyik. Həmçinin iqtisadi-ticari əlaqələr və qarşılıqlı sərmayə sahəsində əməkdaşlığın inkişafına mühüm töhfə verəcək. Azərbaycan Prezidenti tərəfindən Birləşmiş Ərəb Əmirliklərinin prezidentinin ölkəmizə səfərə dəvət edilməsi də xüsusi önə malikdir. Həmin dəvətin məmnunluqla qarşılanması ölkələrimiz arasında dinamik inkişaf edən əməkdaşlıq və dostluq münasibətlərinin xarakterini göstərir”.


Müəllif: Tapdıq Qurbanlı