Dünyanın siyasi tarixinə nəzər saldıqda xalqların taleyinə, bəşəriyyətin gələcəyinə təsir edən həlledici faktorlar sırasında lider amilinin rolu xüsusi olaraq diqqəti cəlb edir. Tarixi təcrübə göstərir ki, tarixi-siyasi, coğrafi şəraitdən, siyasi sistemin xüsusiyyətlərindən asılı olmayaraq, liderlik fenomeni milli dövlətin formalaşmasında və inkişafında aparıcı rola malikdir. Lider yalnız tərəfdarlarını, xalqı arxasınca aparan rəhbər deyil, o həm də tarix yazan, tarixin yazdığı və tarixin gedişatına həlledici təsir göstərən şəxsiyyətdir. Bu kontekstdə ayrı-ayrı xalqların və dövlətlərin timsalında müxtəlif nümunələr mövcuddur. Bir əsrdə iki dəfə istiqlaliyyət qazanmış Azərbaycanın bütöv və müstəqil dövlət kimi mövcudluğu, dinamik inkişafı bilavasitə liderlik amili ilə bağlıdır. Müstəqilliyin ilk illərində hakimiyyətdə olan təcrübəsiz, səriştəsiz, antimilli qrupların milli maraqlara zidd fəaliyyəti nəticəsində xaos və anarxiya meydanına çevrilən Azərbaycanı böyük dövlət xadimi, xalqımızın Ümummilli Lideri Heydər Əliyev tənəzzüldən xilas edərək tərəqqi yoluna çıxardı. Ona görə də, Ulu Öndər Azərbaycan dövlətçiliyinin xilaskarı, müasir müstəqil Azərbaycanın banisidir.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
O qeyd edib ki, Heydər Əliyev siyasətinin davamçısı, hər bir azərbaycanlının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kursun nəticəsində isə müasir müstəqil Azərbaycan möhtəşəm nailiyyətlər qazanaraq yeni zirvələr fəth edib, öz adını tarixə XXI əsrin ən uğurlu dövlətlərindən biri kimi yazıb: “Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ötən 20 ildə qarşıya qoyulmuş bütün hədəflərə çatıb. İndi isə ölkəmiz daha böyük hədəflərə doğru əmin addımlarla irəliləyir. Dünyada siyasi, iqtisadi böhran və katakilizmlərin hökm sürdüyü, yeni münaqişə və müharibə ocaqlarının əmələ gəldiyi, uzunmüddətli müharibələrin davam etdiyi bir vaxtda Azərbaycanda hökm sürən iqtisadi, siyasi sabitlik bütün dünyaya nümunədir. Əlbəttə bu sabitliyin mərkəzində cənab İlham Əliyev fenomeni və onun uzaqgörən, müdrik siyasəti dayanır”.
Deputat bildirib ki, Prezident İlham Əliyevin dövlət siyasəti milli həmrəylik mühitinin toxunulmazlığını təmin edir: “Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” şüarı xalqın qalib ruhunun güzgüsüdür. İqtisadi böhranlara, beynəlxalq təzyiqlərə və pandemiyanın yaratdığı çətinliklərə rəğmən dövlət başçısı xalqa arxalanaraq Azərbaycanı inkişafa doğru aparır. İqtisadi böhranlara, beynəlxalq təzyiqlərə və pandemiyanın yaratdığı çətinliklərə rəğmən dövlət başçısının nümayiş etdirdiyi yüksək peşəkarlıq və xalqa arxalanma siyasəti Azərbaycanda yaşanan ümumxalq birliyin səbəbidir. Sonuncu prezident və parlament seçkilərindən sonra ölkəmizdə başlanan islahatlar yeni mərhələyə qədəm qoydu və bu gün də bu mütərəqqi proses Prezident İlham Əliyevin rəhbərliyi altında əzmlə davam etdirilir”.
Millət vəkili ölkəmizdə siyasi partiyalar arazında uğurlu dialoq mühitinin formalaşmasına diqqət çəkib: “Son dörd il ərzində siyasi partiyalar tərəfindən imzalanmış 9 birgə bəyanat və 3 müraciət uğurlu siyasi dialoqun və xalq-dövlət birliyinin təzahürüdür. Siyasi partiyaların Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətləri imzalaması həmrəylik mühitinin inkişafı ilə yanaşı, dayanaqlı demokratik ənənələrin formalaşmasına xidmət edən mütərəqqi təcrübədir. Partiyaların həmrəyliyi ölkəmizdə mövcud siyasi potensialın yalnız dövlətin inkişafına və milli maraqlara xidmət etdiyini göstərir. Siyasi dialoqu və əməkdaşlıq mühitini təşviq edən Prezident İlham Əliyev hər zaman qeyd etmişdir ki, “Ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz. Ümumi məsələlər Qarabağ məsələsidir. Ümumi məsələlər siyasi partiyaların fəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqların bərqərar olmasıdır, ölkəmizin güclənməsidir. Bu gün bu siyasi dialoq aparılır. Mən bunu çox təqdir edirəm. Hesab edirəm ki, ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var.” İqtidar-müxalifət münasibətlərinin sağlam təməllər üzərində inkişaf etdirilməsi Prezident İlham Əliyevin dövlət siyasətini xarakterizə edən əsas göstəricilərdən biridir. Prezident İlham Əliyevin tapşırığı əsasında üzvlərinin sayından, ölkə ərazisini əhatə vəziyyətindən, siyasi çəkisindən və hər hansı digər amildən asılı olmayaraq ölkədəki bütün siyasi partiya rəhbərləri ilə davamlı şəkildə keçirilən görüşlər demokratik ənənələrin dərinləşməsinə xidmət edən təcrübədir”.
Tamam Cəfərova vurğulayıb ki, cənab Prezident İlham Əliyevin siyasi liderliyi, uzaqgörənliyi və qətiyyəti nəticəsində ölkəmizin qazandığı uğurlar Azərbaycanı regional və beynəlxalq səviyyədə güclü dövlətə çevirib: “Bu gün Azərbaycan beynəlxalq səviyyədə diktə edən tərəf kimi şərtləri müəyyən edir. Dünyanın güc mərkəzi olan dövlətlər Azərbaycanla hesablaşır. Bütün bu qazanılan uğurların mərkəzində Prezident İlham Əliyevin Liderliyi, şəxsiyyəti və siyasi bacarıqları dayanır. Cənab İlham Əliyev fenomeni ilə Azərbaycan uğurdan-uğura doğru daha da güclənərək irəliləyir”.