10 Yanvar 09:05
7 939
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə fəaliyyət göstərən “World Panorama” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ramiyə Məmmədova Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- ABŞ dövlət katibi Entoni Blinkenin Türkiyəyə səfərində Ankaraya F-16 qırıcılarının satışı da müzakirə edildi. Vaşinqton bu məsələni İsveçin NATO-ya üzvlüyü ilə əlaqələndirir. Əvvəllər isə Rusiyadan S-400 sistemlerinin alınmasını bəhanə edib imtina etmişdilər. Niyə ABŞ bu satışı gecikdirir və ya bunu istəmir?

- Əslində, bu məsələnin İsveç və S-400 məsələləri ilə heç bir əlaqəsi olmamalıdır, yoxdur. Sadəcə ABŞ bu məsələ üzərindən Türkiyəyə bəzi şərt və tələblərini qəbul etdirmək üçün manipulyasiya edir. Türkiyə də bunları qəbul etmədiyi üçün zaman-zaman Vaşinqtonun satışla bağlı şərtləri dəyişir.

Hesab edirəm ki, ABŞ məqsədlərinə nail olmaq üçün bunu ən müxtəlif məsələlərlə əlaqələndirməsini bitirməyəcək. Hətta F-16-ları verməmək üçün şərtləri getdikcə artacaq. Amerika bu kimi kritik məsələlərdən istifadə edərək Türkiyəni öz nəzarətinə almağa, özündən asılı vəziyyətə salmağa çalışır. Rəcəb Tayyib Ərdoğan hakimiyyətdə olduqca, bu, mümkün olmayacaq.

Ərdoğanın xarici siyasəti müstəqildir, öz xətti ilə gedir, kimsəyə tabe olmur. Bu səbəbdən də ABŞ Türkiyəni əlinin altında saxlaya bilmir.

İsveçə gəlincə, Türkiyə bu ölkənin NATO-ya üzvlüyünə qarşı deyil. Sadəcə İsveç bunun üçün Türkiyə qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməlidir, əsas öhdəliklər isə hələ də reallaşmayıb. Zənnimcə, İsveç ABŞ-nin təlimatı ilə bu öhdəliklərdən yayınır. ABŞ bunu istəmir, çünki İsveçin yerinə yetirməli olduğu əsas şərtlər PKK terrorçuları ilə əlaqəlidir.

İsveçə sığınan terrorçuların hər biri Ankaraya təhvil verilməlidir. ABŞ buna mane olur, çünki həmin terrorçuları bəsləyən Vaşinqtondur. ABŞ PKK/YPG terrorçularını Yaxın Şərqdə elə-belə dəstəkləmir, indi onun sıradan çıxması maraqlarına uyğun gəlmir.

Görünən budur ki, ABŞ F-16-ları Türkiyəyə vermək niyyətində deyil. Hətta İkinci Qarabağ Müharibəsi zamanı Amerika bu məsələ üzərindən Türkiyəni şantaj etmişdi. Ankaraya şərt qoymuşdular ki, Azərbaycana dəstəyi dayandır, F-16-ları verək. Türkiyə bu şantaja boyun əymədi. Vaşinqton bu şantajının işə yaramayacağını bilirdi, sadəcə qırıcıları verməmək üçün bir az da vaxt uzadırdı. İndi elədiyi kimi...

ABŞ heç vaxt Türkiyə hərbi aviyasiyasının müasir silahlarla güclənməsini istəmir. Vaxtilə Türkiyəni F-35 proqramından bu məqsədlə çıxarmışdılar. Türkiyəyə verilməli olan F-35-lər hələ də Amerikada anqardadır. Ümumiyyətlə, Amerika kim onların maraqların uyğun davranırsa, onlara istədikləri silahları verir. Məsələn, ərəb dövlətlərinə. Türkiyə bu baxımdan maraqlara uyğun deyil.

- ABŞ-nin Azərbaycana qarşı münasibəti də suallar yaradır. Son olaraq Vaşinqton ölkəmizi dini müstəvidə ittiham etdi. Niyə ABŞ Azərbaycanı özündən narazı salmaq yolunu tutub, məqsədi nədir?

- ABŞ son zamanlarda Blinkenin timsalında müəmmalı geosiyasi oyunlara başlayıb. Öz hegemonluğunu sübut etməyə çalışan Amerika onun məqsədlərinə xidmət etməyənlərə dişini qıcayır. “Yeganə supergüc” olduğunu göstərmək üçün dünyanın istənilən yerində baş verən proseslərə əl atır. ABŞ çoxqütblü nizamı qəbul etmək istəmir, bu səbəbdən kritik bölgələri öz çətiri altında toplamağa çalışır.

Amma Amerikanın bu yöndəki xarici siyasəti fiaskodur. Məsələn, Ukraynada Rusiyaya uduzur, Yaxın Şərqdəki mövqelərini itirir.

Azərbaycana gəlincə, ABŞ bu yöndəki siyasətində də səhvlərə yol verib. Əslində son dövrlərə qədər ABŞ-Azərbaycan münasibətləri çox yaxşıydı. Amma Azərbaycanın Ermənistanla müharibədə qələbə qazanması və ərazilərini işğaldan azad etməsi, ardınca Türkiyə ilə əlaqələrin müttəfiqlik səviyyəsinə qalxması Amerikanı qıcıqlandırdı. Görünən o oldu ki, işğal faktı və bölgədəki gərginlik Amerikanın maraqlarında uyğun imiş. ABŞ bu amillərdən istifadə edərək bölgədə özünə yer etmək istəyirdi, amma bu alınmadı. Üstəgəl, Türkiyənin bölgədə yerləşməsi bu planını dalana dirədi.

ABŞ Cənubi Qafqazda möhkəmlənmək istəyir. Artıq bu məqsədlə Gürcüstanda yerləşib. İndi Ermənistanı özünə çəkməyə çalışır. Amma tam asılı vəziyyətdə olan Ermənistanı Rusiyadan qoparmaq asan məsələ deyil. Üstəgəl, bu bölgənin öz aktorları var – Türkiyə və Rusiya.

İndi Amerika xüsusən də Rusiyanı sıxışdırmaq üçün gah Fransanı, gah da Avropa Birliyini bura soxmağa çalışır. Hələlik Gürcüstan və Ermənistan üzərindən bu oyunu davam etdirir. Əlbəttə, bu iki ölkənin ABŞ üçün Azərbaycan qədər əhəmiyyəti yoxdur.

Azərbaycan təbii sərvətlər, iqtisadi, hərbi, ərazi və əhali baxımından regionun lider dövlətidir. İndi bölgənin lider dövləti müstəqil xarici siyasət yürüdür, xarici tərəfdaş və müttəfiqlərini özü seçir, bu da ABŞ-nin xoşuna gəlmir. Yəni Vaşinqton Ermənistan və Gürcüstanda olduğu kimi, Azərbaycanı da bölgədə Rusiyaya qarşı bir vasitəyə çevirməyə çalışır, amma bu alınmır.

Bir sözlə, ABŞ-nin Cənubi Qafqaz planı Azərbaycana çatanda pozulur. Azərbaycana qarşı bütün oyunların kökündə də bu amil dayanır.

- Türkiyənin nəqliyyat naziri Abdulkadir Uraloğlu Zəngəzur dəhlizinin 2028-ci ilə qədər açılacağını bəyan etdi. Ardınca İran Xarici İşlər Nazirliyi açıqlama verərək, buna qarşı olduqlarını bildirdi. Niyə Tehran bütün region dövlətlərinin, hətta Ermənistan və Qərbin belə açılmasına razı olduğu dəhlizə qarşı çıxır?

- İran Zəngəzur dəhlizindən qorxur. Tehranda fikirləşirlər ki, bu dəhliz açılsa, İran logistik xətt kimi sıradan çıxacaq və öz zəifliyini göstərmiş olacaq. Hazırda bir sıra beynəlxalq xətlər İrandan keçir. Zəngəzur dəhlizi açılsa, bu xətlərin əhəmiyyəti azalacaq. Yəni İran həmin xətlərdən qazandığı pulları itirəcək, ağır vəziyyətdə olan iqtisadiyyatı bir az da çökəcək.

İrəvan da sonradan dərk elədi ki, İran bu dəhlizi “Ermənistanın təhlükəsizliyi” üçün yox, öz maraqlarına uyğun gəlmədiyi üçün istəmir. Bu səbəbdən Ermənistan gec də olsa, buna razılıq verdi.

Qərbə gəlincə, o da bu dəhlizin açılmasını istəyir. Çünki bu xəttin işə düşməsi Şərqlə Qərb arasında əlaqələri qısaldacaq, asanlaşdıracaq və daşımalar daha ucuz başa gələcək. Digər yandan, Qərb beynəlxalq xətlərin İrandan keçməsini istəmir. Xüsusən də ABŞ bunda maraqlı deyil. Bu gün ABŞ-nin ən böyük düşmənlərindən biri İrandır. Amerika İranı hər yerdə təcrid etməyə çalışır, bura Cənubi Qafqaz da daxildir. Bu səbəbdən Ermənistan da İranla arasında məsafə saxlamağa çalışır.

Digər yandan, Ermənistan sülh müqaviləsini imzalamağ çalışır, bu yolda ona maneə yaratmağa çalışanlardan biri də İrandır. İndi İran Ermənistanı həm sülhdən, həm də regionda reallaşan beynəlxalq nəqliyyat projelərindən kənarda qoymağa çalışır. Artıq İrəvanda bu oyunun Ermənistana zərərlərini dərk edirlər.

- Bəs İran niyə Ermənistanı dəstəklədiyi qədər Fələstini dəstəkləməkdə cəsarətli olmadı? Yaxın Şərqdə baş verənlərə münasibətinə baxdıqda Tehranın çəkindiyini görürük. Nə bir neçə gün əvvəl Suriyada SEPAH generalının öldürülməsinə, nə də Kirmanda baş verən partlayışlara adekvat cavab verə bildilər. Ermənistana gəldikdə isə “cəsarətlənirlər”.

- Hazırda Amerika İranı Yaxın Şərqdə baş verən savaşlara cəlb etmək və onu sıradan çıxarmaq üçün hər vasitəyə əl atır. Artıq buna görə Tehranın bölgədəki proksi qüvvələrinə qarşı əməliyyatların başlaması məsələsi gündəmdədir. Söhbət ilk növbədə Tehranın Yəməndə dəstək verdiyi qiyamçı “Ənsarallah” qruplaşmasına (Husilər) qarşı əməliyyatlardan gedir. Bölgədəki mövqelərini zəiflətmək üçün İranın bu kimi proksi qüvvələrini sıradan çıxarmaq ağır zərbə olardı. ABŞ İsrail-HƏMAS savaşından bu yöndə istifadə etməyə çalışır.

İran savaşa girməkdən çəkinir, çünki bunun bədəli onun üçün ağır ola bilər. Bu səbəbdən də nə SEPAH generalı və “Hizbullah” komandirinin öldürülməsinə, nə də Kirmandakı olaylara reaksiya verdilər. Tehranda başa düşürlər ki, bütün bunlar onu savaşa çəkmək üçündür. Fələstinə də bu səbəbdən açıq yardıma edə bilmir.

Əgər Tehran hansısa formada savaşa girsə, ABŞ İranı və oradakı rejimi məhv etmək üçün fürsət əldə edəcək. İndi İran proksi qüvvələri vasitəsilə proseslərə müdaxilə etməyə çalışır.

İndi sual budur ki, həmin proksi qüvvələri sıradan çıxarılsa, İran nə edəcək? Bu qüvvələrin məhv edlməsi İranın Yaxın Şərqdəki mövqelərini itirməsi demək olacaq. Çünki Tehranın bölgədə bunlardan başqa elə də ciddi qüvvəsi yoxdur. Artıq ABŞ-nin İranın proksi qüvvələrinə qarşı əməliyyata hazırlaşması haqda məlumatlar var. Husilər onun, “Hizbullah” isə İsrailin hədəfindədir.

Bu əməliyyatlar başlasa və Tehran öz proksilərinin silahlı müdafiəsinə qalxsa, İran ərazisi avtomatik olaraq ABŞ, İsrail, eləcə də son aylarda Yaxın Şərqdəki hərbi qüvvələrinin sayını artıran Britaniyanın hərbi aviasiyasının zərbəsi altında qalacaq.

Belə bir ssenari bütün bölgəni qarışdıracaq, savaşan tərəfləri artıracaq. Hələlik İranın öz ərazisini hədəfə gətirəcəyini düşünmürəm, çünki bunun bədələnin çəkisini bilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər