30 Mart 10:35
1 779
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussenlə bir neçə dəfə Parlament Assambleyasında Azərbaycanın nümayəndə heyəti ilə görüşü olub. Əslən danimarkalı olan Rasmussen təqaüdə çıxandan özünə “yem” axtarırdı. Təəssüf ki, “yemi” erməni diasporunun timsalında tapıb. O, ermənilər tərəfindən “qidalandırılan” adamdır. Ermənistanın heç harada yerləşməsi barədə anlayışı yoxdur. Qarşısına Cənubi Qafqazın xəritəsini qoysan, Ermənistanı göstərə bilməz. Ermənilər ona yaxşı pul verir. Rasmussen pulun əvəzində ermənilər üçün qondarma sənədlər, hesabatlar hazırlayır.

Bunu Teleqraf.com-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

O qeyd edib ki, məqsəd Azərbaycan əleyhinə təbliğat aparmaqdır:

“Bu, erməni diasporunun, lobbisinin Azərbaycana qarşı apardığı işlərdir. Belə hallar bundan sonra da olacaq. Azərbaycan bu kimi hallara qarşı mübarizəsini aparır. Onlar ölkəmizin haqq işini görməzdən gəlir. Çünki onlar üçün pul beynəlxalq hüquqdan daha vacibdir. NATO-nun baş katibi olmuş bir şəxsin indiki səviyyəyə düşməsi, korrupsiyaya yuvarlanması Avropa strukturlarında kimlərin mövqe tutduğunu göstərir”.

Komitə sədri aprelin 5-də Brüsseldə ABŞ-Avropa İttifaqı və Ermənistanın iştirakı ilə keçiriləcək konfransın mahiyyətinə də toxunub:

“Hazırda Rusiya-Ukrayna müharibəsi davam edir. Gürcüstan ərazilərinin xeyli hissəsini itirib. Qərb Gürcüstana həmin əraziləri geri qaytarmaqda kömək edə bilmədi. İndi isə Ermənistanın timsalında Rusiyaya qarşı cinah açırlar. Beləliklə, Rusiyanı buradan uzaqlaşdırmağa çalışırlar”.

Ziyafət Əsgərov hesab edir ki, burada başlıca amil bölgənin təhlükəsizliyidir:

“Brüssel Azərbaycanla Ermənistan arasında sülhü dəstəklədiyini bəyan edir. Digər tərəfdən isə Ermənistan silahlandırılır. İrəvanın təhlükəsizliyinə qarant durmaq niyyətləri var. Paradoks odur ki, sülh müqaviləsi imzalamaq istəyən Ermənistan Avropada özünə təhlükəsizlik qarantı axtarır. Vaxtilə Rusiya Ermənistan üçün təhlükəsizlik qarantı idi. Hazırda Moska-İrəvan xəttində münasibətlər gərgindir. Belə olan halda Ermənistan özünə yeni qarant axtarır”.

Millət vəkilinə görə, Avropa İttifaqı və ABŞ Cənubi Qafqazın təhlükəsizliyi məsələsində diqqətli olmalıdır: “Azərbaycan Fransa və başqa bir tərəfin Cənubi Qafqazda öz maraqlarını formalaşdırmağa razı ola bilməz. Bu yaxınlarda Cozep Borrell (Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi) açıq şəkildə bəyan etdi ki, biz Ukraynanı deyil, öz mənafelərimizi müdafiə edirik. Sözsüz ki, Aİ və ABŞ-nin Ermənistanla bağlı da maraqları var”.


Müəllif: Tapdıq Qurbanlı