Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov aprelin 15-də Özbəkistana işgüzar səfəri çərçivəsində Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ilə Mərkəzi Asiya ölkələri arasında Strateji Dialoqun ikinci nazirlər iclasında fəxri qonaq qismində iştirak və çıxış edib.
XİN-dən Teleqraf.com-a bildirilib ki, o, rəsmi Bakının qardaş Mərkəzi Asiya ölkələri və KƏŞ üzvləri ilə ortaq tarixi və mədəni irsinin müxtəlif, o cümlədən, siyasi, iqtisadi, ticarət, investisiyalar, enerji təhlükəsizliyi, nəqliyyat və s. istiqamətlər üzrə əməkdaşlığın daha da genişləndirilməsi üçün əhəmiyyətli rol oynadığını diqqətə çatdırıb.
Hazırki qlobal transformasiya dövründə mövcud çağırışlarla mübarizə kontekstində regional əməkdaşlıq çərçivəsində KƏŞ-Mərkəzi Asiya Strateji Dialoq formatının əhəmiyyəti qeyd olunub.
Cari ildə ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri barədə məlumat verən nazir Ceyhun Bayramov, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə olduğu kimi, "Qlobal Şimal" və "Qlobal Cənub" arasında əməkdaşlığın genişləndirilməsinin də rəsmi Bakının əsas prioritetlərindən biri olduğunu bildirib. COP29-un bərpa olunan enerji potensialı yüksək olan Mərkəzi Asiya ilə texnoloji imkanları geniş KƏŞ ölkələri arasında əməkdaşlığın inkişafı üçün fürsət ola biləcəyi diqqətə çatdırılıb.
Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, mina təhlükəsi, habelə Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin gedişatı barədə iştirakçıları ətraflı məlumatlandıran nazir Ceyhun Bayramov, Azərbaycanın bölgədə sülh və quruculuq istiqamətində səylərinə Ermənistan tərəfindən qarşılıq verilməsinin vacibliyini vurğulayıb.
C.Bayramov Ermənistanın 30 ilə yaxın işğalı dövründə ölkəmizin mövqeyini dəstəkləyən, habelə postmünaqişə dövründə aparılan quruculuq işləri və minatəmizləmə fəaliyyətinə töhfə verən bütün tərəfdaşlara minnətdarlığını ifadə edib.
Nazir həmçinin ölkəmizin Yaxın Şərqdə gedən prosesləri yaxından izlədiyini və gərginlik coğrafiyasının daha da genişlənməsi riski ilə bağlı ciddi narahatlığını diqqətə çatdırıb. Beynəlxalq hüquqa, regional dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşılmasının əhəmiyyəti vurğulanıb.
Tədbirin yekununda strateji dialoq üzvlərinin birgə bəyanatı qəbul olunub.
***
10:56
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilk dəfə olaraq Özbəkistanda baş tutan “Mərkəzi Asiya – Körfəz Əməkdaşlıq Şurası” Strateji Dialoq Toplantısında fəxri qonaq qismində iştirak edir.
Teleqraf.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə "X"də yazıb.
"Ölkələrimiz arasında çox işlər görülüb və bundan sonra da görüləcək",- o qeyd edib.