Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 31-də keçirilən bələdiyyə seçkiləri barədə danışıb.
Teleqraf.com xəbər verir ki, dövlət başçısı seçkilərin nəticələrinə hörmət etdiyini deyib.
“Seçkilərin nəticəsi nə olur-olsun, hörmət edilməlidir, məqbuldur və başımızın üstündə yeri var. Bizə səs verib-verməmələrindən asılı olmayaraq seçkiyə gedən bütün vətəndaşlarımıza minnətdarıq”, - Ərdoğan bildirib.
Türkiyə lideri seçkilərə qatılım nisbətinin aşağı olduğunu da qeyd edib:
“16 milyon seçicinin iradəsi seçki qutularında öz əksini tapmayıb. İştirak nisbətinin aşağı olması partiyamızın səslərinə də təsir etdi”.
Prezident Ərdoğan yola əzmlə davam edəcəklərinin mesajını da verib: “Yolumuzu daha güclü şəkildə davam etdirəcəyik.
İndi görürəm ki, bir tərəf AK Partiyanın səs nisbətlərinə görə sevinərək qışqırır, digər tərəf isə mənfi atmosfer yaratmaq, təşkilatlarımızı ruhdan salmaq üçün kampaniya aparır. AK Partiyanın necə partiya olduğunu anlamayıblar. Bu hərəkatın kökünün çox dərində olduğunu dərk etməyiblər. Biz “bitdi” demədən heç nə bitmir və bitməyəcək.
Biz bu ölkənin ən dinamik, üzvlərin sayına görə Türkiyənin ən böyük partiyasıyıq. Seçicilərin mesajını düzgün oxuyuruq, səhvləri düzəldirik və yenidən yola davam edirik. Heç kim fərqli həvəs ardınca getməməlidir, biz buradayıq. Ən güclü halımızla ayaqdayıq. Bu seçkilərin nəticələrindən istifadə edib AK Partiyanı yıxmağa cəhd edənləri çox yaxşı tanıyırıq. Tənqid yaxşıdır, amma tənqid və ya özünütənqid maskası altında AK Partiyaya sataşmağa cəhd edənlərə əsla icazə verməyəcəyik.
AK Partiyaya yol göstərməyə çalışanlara imkan verməyəcəyik. Partiyamızın müvafiq qurumları hər bir detalı araşdırır. Şəxsi mənfəətləri üçün çalışanlara burada çörək yoxdur.
Lazımi addımları atmağa başlayırıq. Bu səlahiyyəti və məsuliyyəti 4 il çiynimizdə daşıyacağıq. Millətimizin bizdən nə gözlədiyini yaxşı bilirik.
İnflyasiya ilə mübarizəmizi seçkisiz 4 il içində zəfərlə yekunlaşdıracağıq. Bunu əvvəllər də etmişik, yenə də edəcəyik. Terrorla mübarizədə güzəştə getməyəcəyik. Təhlükəsizlik məsələlərində geri addım atmadan hüquqlarımızı qoruyacağıq”.