22 Aprel 19:09
794
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın bəzi sərhəd yaşayış məntəqələrində kəndlərin təhvil verilməsinə qarşı aksiyalar keçirilir. Nikol Paşinyan daxili etirazlar qarşısında düşünmürəm ki, geri çəkilsin. Çünki bu, geriyədönməz proses alıb. Konkret iki dövlət arası yaradılan birgə komissiyanın protokolu imzalanıb. Sadəcə olaraq protokola görə deyil, artıq Ermənistan üçün başqa alternativ variantın müharibə olduğu anlayışı da ortadadır.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Natiq Miri deyib.

Onun sözlərinə görə, Paşinyan sadəcə olaraq istədi deyə bu nəticəyə gəlməyib:

“Bu məsələnin kökü 5 apreldə ABŞ, Avropa Birliyi və Ermənistan görüşündən sonra bu qənaətə gəldi. Paşinyan Ermənistana qayıdandan sonra, parlament üzvləri ilə görüşdə belə bir fikir səsləndirdi ki, İrəvanın problemlərini Ermənistandan başqa kimsə həll etməyəcək. Yəni bizim əvəzimizə hansısa qlobal güclər gəlib problemi həll etməyəcək. Bunu həm öz parlamentarilərinə, siyasi komandasına, həmçinin dolayısı ilə bəzi reallıqları erməni cəmiyyətinə ötürmək üçün bu açıqlama verilmişdi. Öncə “tarixi Ermənistan” və “real Ermənistan” arasında müqayisəni cəmiyyətə anlatmağa çalışdı. Sonradan “soyqırım”la bağlı bəzi ermənilərin eşitmək istəmədiyi fikirlər ortalığa çıxdı. Bunlar hamısı reallıqları əks etdirir. Bu həm də dolayısı ilə erməni ictimai rəyi uğrunda böyük bir mübarizənin getdiyini göstərir. Qarşı tərəf əgər təbliğat aparıb, Paşinyanın Ermənistanın guya ərazilərini Azərbaycana satdığını və xəyanətkar olduğunu əsas tuturlarsa, Paşinyan da ictimai rəyə yalanlardan oyanmağı və gələcəyə gerçəklərlə baxmağı tövsiyə edir ki, bunu da Ermənistanın yeganə çıxış yolu kimi dəyərləndirir. Düşünürəm ki, doğru olan budur. Bu da 5 apreldən sonra Ermənistan hökumətinin gəldiyi qənaətdir. Çünki bunun alternativi müharibədir. Sirr deyil ki, Azərbaycan işğaldakı torpaqlarını Ermənistanın işğalı altında saxlamayacaq. Zəif müxalifət fonunda Paşinyanın geri çəkilmə ehtimalı azdır. Müəyyən terror təşkilatlarını qabağa verib, Tavuşun kəndlərində dirəniş görüntüsü yaratmaq istəyirlər. Onların da sayı 20-25 nəfərdən artıq deyil. Müəyyən toqquşmalar, yol kəsmələr olur. Düşünürəm ki, bu elə də böyük ciddi dirəniş sayıla bilməz. Xüsusi xidmət orqanlarının əməkdaşları bunu çox rahatlıqla aradan qaldıra bilər. Bu kontekstdə fəaliyyəti görürük. Ötən gün terror təşkilatının 5 üzvü Tavuş rayon polis əməkdaşları tərəfindən həbs olunub. Bu davamlı olarsa düşünmürəm ki, yerli əhali ciddi dirəniş göstərsin. Çünki əhalinin böyük əksəriyyəti bunun alternativinin müharibə olacağını bilir. Paşinyanın da bu yöndə xəbərdarlığı var. Əgər əməkdaşlıq, dinc yanaşı qonşuluq olmasını istəmirsinizsə, o zaman müharibəyə hazırlaşın. Övladlarınız da getsinlər Azərbaycan torpaqları uğrunda döyüşsün. Yəni burada kütləvi Tavuş rayon kəndlərinin əhalisini görmürük. Buradakı təxribatçı qüvvələr müəyyən şəbəkələr tərəfindən irəliyə atılmış maliyyələşdirilmiş qruplardır. Bunları aradan qaldırmaq Paşinyan hökuməti üçün, böyük problem yaratmır”.

Politoloq bildirib ki, Qərb dövlətləri 5 apreldə Ermənistan rəhbərliyinə tövsiyə ediblər ki, əgər Rusiyanın təhlükəsindən sığortalamaq istəyirsənsə, mütləq Azərbaycanla sülh müqaviləsi imzalamağa, sərhədlərin müəyyənləşməsi prinsiplərini qəbul etməyə ehtiyac var:

Atılan addımda bu kontekstdədir. Qərbin vasitəçilik maraqlarına uyğun olmasa da, ancaq gerçəyi qəbul edirlər. Çünki nəticə sülhə doğru aparır. İran və Rusiyaya hələ də bu yöndə susmağa üstünlük verirlər. Bu çarəsizliyin göstəricisidir. Rusiya indiki vəziyyətdə özünün işdə iştirak etmədiyi prosesdə torpaqların qaytarılmasının tamamilə əleyhinədir. Onlar istəyir ki, məhz Rusiya qoşunlarının nəzarəti çərçivəsində sərhədlərin müəyyənləşməsi prosesində Kremlin nəzarəti kontekstində məsələ həll olunsun. İran ümumiyyətlə burada hər hansı bir anlaşmanın əleyhinədir. Ona görə səsləri çıxmır. Buna qarşı açığı çıxa bilmirlər. İki qonşu dövlət münaqişəni bitirmək, sərhədləri müəyyənləşdirmək, türk müqaviləsi iradəsini ortaya qoymağa başlayıb. Əgər fikirlərini açıq şəkildə ortaya qoysalar, bu regionda münaqişənin tərəfi olaraq ortaya çıxacaq ki, bu da İran və Rusiyanın beynəlxalq səviyyədə ifşası demək olacaq. Həmçinin bu Azərbaycan və Türkiyə ilə münasibətlərə xələl gətirəcək. Buna görə susmağa davam edirlər. Əminəm ki, bağlı qapılar arxasında müəyyən məsələlər, etirazlar səsləndirilib”.


Müəllif: Əsəd Məmmədəliyev