24 May 18:38
415
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin 32 illik işğaldan sonra geri qaytarılması Azərbaycan dövlətinin, onun siyasi rəhbərliyinin növbəti diplomatik qələbəsidir. 44 günlük Vətən Müharibəsi, 2022-ci ilin sentyabr döyüşləri və 2023-cü ilin sentyabrında Qarabağda həyata keçirilən anti-terror tədbirlərində əldə etdiyimiz uğurlar imkan verdi ki, biz siyasi meydanda da üstünlüyümüzü təmin edək. Delimitasiya prosesi çərçivəsində Azərbaycanın bir qarış da olsun torpağını Ermənistana güzəştə getməməsi bizim siyasi iradəmizi ortaya qoydu.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Ramiz Alıyev bildirdi.

Onun sözlərinə görə, delimitasiya prosesində çıxılmaz vəziyyətdə qalan Ermənistan məcbur olaraq kəndlərimizi geri qaytardı: “Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın 2024-cü il 19 apreldə əldə olunmuş razılaşma əsasında həyata keçirilən tədbirlər nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və Qazax rayonunun 4 kəndinin - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 kv. kilometr) Azərbaycana qaytarılması təmin edilib. Həmin kəndlərin əraziləri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb. Qazaxın 4 kəndinin 1 güllə atılmadan qaytarılması ilə Azərbaycan öz suverenliyini daha da möhkəmlətdi. İlk dəfə olaraq Ernənistanın Azərbaycanla dövlət sərhədinin delimitasiyası üzrə razılığa gəlməsi iki ölkənin sülhə çox yaxınlığına bir işarədir. Azərbaycan həm də Cənubi Qafqazda sabitliyə nail olmaq üçün Ermənistanı sülhə məcbur edir. Məhz bzim irəli sürdüyümüz təkliflər əsasında aparılan danışıqlar Ermənistan cəmiyyətində narazılıqlar doğursa da, İrəvan Azərbaycanın beynəlxalq hüquqa söykənən təzyiqləri qarşısında o kəndləri özündə saxlaya bilmədi. Azərbaycan Prezidentinin düşünülmüş siyasəti Ermənistanı beynəlxalq hüquqa hörmətlə yanaşmağa, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etməyə vadar etdi”.

R.Alıyev bildirdi ki, Prezident İlham Əliyev hələ bu il yanvarın 10-da yerli televiziyalara müsahibəsində kəndlərimizin Ermənistanın işğalı altında qalmasının dözülməz olduğunu xüsusi vurğulamışdı. “O kəndlər ki, anklav kəndlər deyil, həmin dörd kənd Azərbaycana qeyd-şərtsiz qaytarılmalıdır” deyən ölkə başçısı məsələnin həlli üçün Komissiyanın qarşısında mühüm vəzifələr qoymuşdu. Məhz Prezident İlham Əliyevin qətiyyəti sayəsində bu gün həmin kəndlər Azərbaycana qaytarıldı.

Prezidentin məlum tapşırığından 3 ay sonra məsələ öz həllini tapdı. Biz Ermənistan üzərində öz siyasi iradəmizi qısa müddət ərzində tətbiq etmək və nəticə əldə etmək gücündəyik. Ölkə başçısının anklav kəndlərlə bağlı da aydın, prinsipial mövqeyi var.

“O kəndlər ki, anklav kəndlərdir, - çünki Ermənistanın bir anklav kəndi Azərbaycan ərazisindədir, - həmin kəndlərlə əlaqədar ayrıca bir ekspert qrupu yaradılmalıdır və o, müzakirə edilməlidir. Biz hesab edirik ki, bütün anklavlar qaytarılmalıdır. Bu anklavlara gedən yollarda şərait olmalıdır və bu anklavlara orada yaşayan insanlar yerləşdirilməlidir”, deyən Prezident Əliyevin bu açıqlaması deməyə imkan verir ki, qarşıdakı aylarda Azərbaycan-Ermənistan şərti sərhədinin daha da dəqiqləşdirilməsi üçün real addımlar atılacaq. Növbəti hədəfimiz anklavlar və Zəngəzur dəhlizidir. İnanıram ki, biz danışıqlar yolu ilə bu hədəflərimizə çatacağıq. Kəndlərin qaytarılması növəbəti hədəflərimizi bizə daha da yaxınlaşdırdı Çünki müşahidələr də göstərir ki, Azərbaycanın hərbi qələbəsindən sonra Nikol Paşinyan da başa düşdü ki, xəyallarla yaşamaq Ermənistan dövlətini uçuruma aparır. Xaricdən Ermənistana edilən siyasi dəstəklər də heç bir fayda vermir. Əgər uzun müddət torpaqlarını işğal altında saxladığın güclü qonşunla münasibətləri yoluna qoya bilmirsənsə minlərlə kilometr uzaqlıqda yerləşən hansısa ölkənin, təşkilatların bəyanatları səni xilas edə bilməz. Bu mənada Paşinyanın kəndlərin qaytarılmasına qarşı çıxan narazı ermənilərə cavab olaraq açıq çıxış etməsi müsbət qiymətləndirilməlidir”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər