6 İyun 19:57
566
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sülh müqaviləsinin paytaxtımızda imzalanacağı ilə bağlı iddialarda Ermənistan baş naziri Nikol Paşinyanın noyabrda Bakıda keçiriləcək COP-29-a qatılacaq, sazişin də bu mümkün səfər çərçivəsində imzalanması əslində ən doğru yanaşmadır.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Natiq Miri deyib.

Onun sözlərinə görə, hər hansı prosesdə geosiyasi maraqları olan güc mərkəzinin paytaxtında və ya iri şəhərlərinin birində sülh müqaviləsinin imzalanması digər güc mərkəzlərinin intriqasına səbəb olacaq:

“Üstəlik, son hadisələr də göstərdi ki, əsas nailiyyətlər məhz geosiyasi maraqları olan güc mərkəzlərinin vasitəçiliyi çərçivəsində yox, ikili müstəvidə mümkün olub. Ayrıca olaraq bu doğru olmaqla bərabər həm də məntiqlidir. İki yanaşı yaşayan qonşu ölkələr arasında hər hansı bir vasitəçiyə ehtiyac yoxdur. Çünki müharibə bitib. Ortada qalib və məğlub bəllidir. Belə olduğu təqdirdə oturub beynəlxalq hüquq səviyyəsində anlaşa bilməmək həmin dövlətlərin gələcəkdə dinc yanaşı yaşamaq imkanının olmadığını göstərəcək. Düşünürəm ki, ən azından bunun fərqinə vararaq addım atmaq lazımdır. Gec də olsa İrəvan tərəfi bunu anladı ki, regionda Azərbaycan və qardaş Türkiyə ilə normal sülh əməkdaşlıq münasibətləri olmadan Ermənistanın heç bir sahə üzrə təhlükəsizliyini təmin etmək mümkün olmayacaq. Ona görə də Azərbaycanın ərazisində istənilən bir şəhərdə hətta Qazax da belə sülh müqavilənin imzalanması ən doğru addımlardan biri olardı.

COP-29 konfransı Azərbaycanın və müəyyən dünya mərkəzlərinin marağında olan bir məsələ deyil. Bu, bəşəriyyətin bütün insanların problemi olan bir məsələdir. Ona görə bu konfrans hər kəsi maraqlandırır. Miqyasına görə də qlobal səviyyədə bir tədbirdir. Bu tədbirin dünyada mövcud olan bir münaqişəni bitirə biləcək sülh müqaviləsinin imzalanması ilə yekunlaşdırmaq bu həm konfransın həm də Azərbaycanın mövqelərini daha da gücləndirər. Eyni zamanda bu məsələdə bu günə qədər “vasitəçi” rolunda iştirak etmiş ölkələrin proseslərə müdaxilə imkanını məhdudlaşdırardı. Ən məntiqli addım budur. Əgər bir saziş imzalanacaqsa bu, Bakıda imzalana bilər. Bu da münaqişə tərəfi ölkənin baş naziri Nikol Paşinyanın Bakı şəhərinə dəvəti ilə həm də bu dəvət çərçivəsində sülh müqaviləsinin imzalanması ilə müşayiət oluna bilər. Bu da qlobal səviyyədə çox əhəmiyyətli siyasi hadisə olardı”.

Politoloq bildirib ki, sülh müqaviləsinin Almatı bəyannaməsinə istinad olunması SSRİ dönəmində xüsusilə 1991-ci ildə mövcud olan inzibati sərhədlər çərçivəsində bütün sərhədlərin müəyyənləşməsini həm delimitasiya həm demarkasiya prosesini ehtiva edir:

“Bu, Azərbaycana lazım olan məsələ deyil. Çünki SSRİ dönəmi sadəcə son illər 1991-ci ildən ibarət deyil:

"Sovet bolşeviklərin işğal etdiyi 15 respublikanın daxil olduğu bu ittifaq bir bütündür. 1920-ci il aprelin 28-dən 1991-ci ilə dekabr ayına qədər 71 il 7 ay bir bütündür. Ona görə də sadəcə 1991-ci ili götürmək doğru yanaşma deyil. Çünki 71 il ərzində Azərbaycanın haqsız olaraq heç bir hüquqi və siyasi əsaslandırma olmadan Ermənistana peşkəş edilən torpaqları var. Bu xüsusda konkret hüquqi sənədlər və xəritələr var. Buna görə də 1991-ci il Almatı bəyannaməsini əsas götürərək çərçivə sülh sazişində qeyd etdirmək, bu Azərbaycana gələcəkdə bir öhdəlik boynuna qoyur. Belə olduğu təqdirdə Azərbaycan öz təhlükəsizliyini təmin etmək üçün əldə etdiyi bir çox yüksəkliklərdə Azərbaycanın imtina etməsi lazım olur. Bu da təhlükəsizlik nöqteyi nəzərdən Azərbaycanın maraqlarına uyğun davranış deyil. Düşünürəm ki, müxtəlif illərdə hüquqi xəritələr mövcuddur. Müəyyən ərazilər var ki, bu ərazilər əsaslandırmadan Ermənistana verilib. Bu müzakirə predmeti olmalıdır. Eyni zamanda, bu cür vəziyyət Azərbaycana imkan tanıyır ki, Ermənistana istənilən zaman ərazi iddiası qoya bilsin. Bu da Azərbaycanın mövqelərini gücləndirən amildir. Çünki istənilən zaman Ermənistan sabotaj edib gələcək perspektivdə yekun sülh müqaviləsini imzalamaqdan imtina edər və yaxud bəhanə edərsə, Azərbaycan məhz bu cür ərazi iddialarını ortalığa qoymaqla “Damokl qılıncı” olan təzyiq mexanizmlərindən istifadə edə bilər. Bu məsələ hər zaman Azərbaycanın mövqelərini güclü tutmalıdır. Düşünürəm ki, Azərbaycan doğru mövqedədir. Bu bəyannamənin orada qeyd olunmasına qətiyyən ehtiyac yoxdur. Sadəcə bəzi coğrafi relyeflər var ki, orada ərazi ilə bağlı heç bir iddia yoxdur. Eyni zamanda bu relyeflər normal düzəngahlı olduğu üçün bu ərazilərdə çox sürətlə irəliləmək olar. Düyün nöqtələri isə növbəti illərə-aylara növbəti danışıq müzakirəsinə saxlamaq olar”.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər