11 İyun 16:13
1 014
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rus sülhməramlılarının vaxtından əvvəl iki ölkə arasında əldə edilən razılaşmaya uyğun Azərbaycan ərazisindən çıxarılması prosesi davam edir. Hazırda Xocalı aeroportu ətrafında olan rus sülhməramlılarının ərazini tərk etməsi prosesi gedir. Hərbi eşalonlar hissə-hissə ərazidən çıxarılır. Sözsüz ki, burada diqqət çəkən məqamlar hərbi arsenalın sayı və miqdarı ilə bağlıdır. Amma bütün hallarda proses rus sülhməramlılarının tam olaraq ərazilərimizdən çıxması ilə yekunlaşacaq.

Bunu Teleqraf.com-a hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.

O qeyd edib ki, çıxarılan texnikanın hərbçilərin sayına nə dərəcədə adekvat olub-olmaması yoxlanılmayıb:

“Ötən gün də yayılan görüntülərdə 60-dan çox hərbi avtomobilin ölkəmizdən çıxarıldığı müşahidə edilib. Sadəcə olaraq indiki halda Rusiyanın hərbi texnikaya və əsgərə daha çox ehtiyacı var. Ona görə də, ola bilsin Azərbaycan ərazisindən də daha tez çıxarılması bununla bağlıdır”.

Polkovnik bildirib ki, Rusiya Müdafiə Nazirliyinin saytında Azərbaycan ərazisində olan sülhməramlılarla bağlı heç bir qeyd yoxdur:

“Azərbaycanla Rusiya arasında olan münasibətlər fonunda bu proseslər öz axarına uyğun həll edilir. Hazırda sülhməramlıların çıxarılması ilə bağlı heç bir problem yoxdur. Sentyabra qədər onların çıxarılması ilə bağlı fikir səslənsə də, bu vaxt həddindən artıq çoxdur. Çünki burada heç də böyük ordudan söhbət getmir”.

Üzeyir Cəfərova görə, sülhməramlıların ərazidən çıxması ilə bağlı fərqli bir yanaşmalar da yoxdur:

“Sadəcə olaraq Rusiya-Ukrayna müharibəsi fonunda həmin hərbi texnikalar üçün zərurət yaranıb. Rusiya hazırda digər ərazilərdə olan texnikaları də bu cəbhəyə cəlb edir. Azərbaycandan çıxarılan şəxsi heyət və texnikaların də bu istiqamətə göndərilməsi istisna edilmir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər