“Ermənistan açıq-aşkar Azərbaycan ərazisində olan dörd kəndi geri qaytarmaq addımını atdı ki, bu da cəsarətli addımlar atmağa hazır olduğunu göstərir. Hətta ölkə daxilində bəzi siyasi bədəllər bahasına olsa belə, bu hərəkətlər inam yaratdı. Bu addımları atmaq vacibdir".
Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycanda səfərdə olan Amerika Birləşmiş Ştatları Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, müharibənin mirası inanılmaz dərəcədə bölücüdür: "Müəyyən səviyyədə etibar tərəflər arasında əsas məsələdir. Fikrimcə, indiki administrasiyalar yaxşı ünsiyyət və güclü iş əlaqələri qura biliblər. Son sərhəd tənzimləməsi, hər iki tərəfin demarkasiyanın əsasını təsdiqləməsi əhəmiyyətli, irəliyə doğru bir addım idi. Mən bilirəm ki, Ermənistan və Azərbaycan cəmiyyətləri yetkindir, hər iki cəmiyyət şimaldan böyük dövlətin onların normallaşma prosesinə münasibət bildirməməsi ilə bağlı qərarlarını çox aydın ifadə ediblər. Sülhlə bağlı qərarı özünüz verin, amma bu çox uzanarsa, Rusiyaya regionda problem yaratmağa cəhd etmək imkanı verir. Ona görə deyərdim ki, hazırda etibarın yaradılması, tərəflərin sürətlə irəliləməsi vacibdir. Sürətlə gedin, amma tələsməyin, diqqətli olun”, - deyə, ABŞ rəsmisi qeyd edib.