Ermənistan Baş naziri Nikol Paşinyan hələlik Avropa Birliyinə (AB) üzvlüklə bağlı referenduma ehtiyac görmür.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Joqovurd” qəzeti məlumat yayıb.
Ermənistan hökumətinin 4 siyasi ortağı “Respublika”, “Respublika Naminə”, “Xristian-Demokratik” və “Avropa Ermənistanı” partiyaları ötən ay AB-yə üzvlük üçün referendumun keçirilməsi təklifi ilə hakimiyyətə müraciət etmişdi. Hakim “Vətəndaş Müqaviləsi” Partiyası bunu qəbul edərək, bu mövzuda parlamentdə dinləmələr keçirmişdi. Parlament sədri Alen Simonyan da öz növbəsində latviyalı həmkarı Dayqa Myerina ilə görüşdə yaxın gələcəkdə belə bir referendumun keçiriləcəyini demişdi. Amma “Joqovurd”un iddiasına görə, Baş nazir Nikol Paşinyanın tamam başqa planları var.
“İyulun 1-də Ermənistan Demokratiya Forumu zamanı Paşinyan bəyan etdi ki, referendum olmayacaq, çünki o, xalqın fikrini bilir. Paşinyan bu özbaşına qərarı ilə faktiki olaraq bunu təkzib etdi, həm Alen Simonyan, həm də bütün hakim partiyanı qeyri-müəyyən vəziyyətə saldı”, - nəşr yazır.