14 Sentyabr 21:26
2 249
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Zəngəzur dəhlizi ilə bağlı ritorikasını sərtləşdirib, Moskvanın dəhlizin açılması ilə bağlı qətiyyətli mövqeyi İranın narahatlığını artırıb.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin “Haber7” portalının analitiki Akif Küçükal deyib.

Onun sözlərinə görə, son zamanlarda Rusiyanın ardıcıl bəyanatları İranın dincliyini pozub:

“Tehran Zəngəzur dəhlizi sayəsində Türkiyə və Azərbaycanın mövqelərinin güclənməsini təhlükə kimi qəbul edir. Çünki bu addımın bölgədə, xüsusilə Güney Azərbaycanda milli şüuru gücləndirəcək bir addım olduğu düşünülür. Digər məsələ İranın regional geosiyasi önəminin azalması ehtimalıdır. Türk Birliyini təmin edəcək dəhliz sayəsində İran faktorunun Türkiyə ilə Orta Asiyanın türk dövlətləri arasında bugünkü qədər təsirli olub-olmayacağı Tehranda müzakirə olunur. Digər narahatlıq doğuran məqam isə İranın Ermənistan sərhədində nəzarətini məhdudlaşdırmasıdır.

Bütün bunlar İranın bölgəyə münasibətdə istifadə etdiyi dili də formalaşdırır. Tehran Ermənistanı önə çıxarmaqla əsas məqsədə kölgə salmağa çalışır. Bunun önünə keçmək üçün Ermənistanla diplomatik əlaqələrini gücləndirmək üçün də addımlar atırlar. Məsələn, Qafanda konsulluq açan İran Ermənistanın da Təbrizdə konsulluğunun açılmasını istəyir”.

Rusiyanın Zəngəzurla bağlı marağına gəlincə, analitik vurğulayıb ki, Kremlin əsas məqsədlərindən biri Ermənistanın Qərblə münasibətlərini nəzarətdə saxlamaqdır:

“Paşinyan həm Rusiya, həm də Qərbə göz yummağa çalışsa da, görünür, Ukraynaya edilən hərbi dəstək Moskvanı regionla bağlı planlarını daha da kəskinləşdirməyə vadar edib. Bu səbəbdən İranın Ermənistanın xeyrinə mövqe tutması Rusiyada narahatlıq yaradıb.

Digər tərəfdən, Moskva Ukrayna ilə savaşdan əvvəl İranla eyni narahatlığı bölüşdürdü, yəni Türkiyə və Azərbaycanın regionda güclərini artırma ehtimalına qarşı Zəngəzur dəhlizinə qarşı mövqe tutmuşdu. Amma müharibə ilə yanaşı, Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar və dəniz yollarının işləməməsi Moskvanın bölgədəki magistral yol layihələrinə marağını gücləndirdi.

Baş verənlər göstərir ki, İran və Rusiya arasındakı müttəfiqlik tarixi və ya mədəni səbəblərdən daha çox situativ xarakterdədir. İran məsələnin gərginlikdən çox diplomatik yolla həllinin tərəfdarı olduğunu bildirsə də, prosesin dalana dirənməsi tərəflərin yaxın günlərdə mövqelərini nə qədər sərtləşdirəcəklərini müəmmaya çevirir”.

Küçükal dəhlizlə bağlı başqa bir maraqlı məqama da diqqət çəkib:

“Rusiya ilə İran arasında Zəngəzur polemikası yaşanarkən, ABŞ hadisələri diqqətlə izləyir. Vaşinqton hələ bundan öncə Ankara ilə təmasa keçərək, Zəngəzur dəhlizi ilə bağlı məlumat alıb. Ağ Ev dəhlizin Rusiya və İrana ticarət baxımından üstünlük verəcəyindən narahatdır. Bu səbəbdən də Fransa ilə birlikdə Ermənistanda baza yaratmaq, Zəngəzurda konsulluq açmaq məsələləri gündəmə gəlib”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər