18 Sentyabr 16:20
903
12 Punto 14 Punto 16 Punto 18 Punto

Maliyyə Nazirliyi 2025-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlama yayıb. Azərbaycanın 2025-ci il üçün icmal və dövlət büdcələrinin layihələri hazırlanarkən "Azeri Light" markalı neftin 1 barelinin qiyməti 70 ABŞ dolları götürülüb.

Teleqraf.com xəbər verir ki, mövzuya münasibət bildirən iqtisadçı ekspert Eldəniz Əmirovun sözlərinə görə, dövlət büdcəsində neftin qiymətinin 70 dollardan götürülməsi riskli yanaşmadır:

"Maliyyə Nazirliyi 2025-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərini açıqlayıb. 2025-ci ildə dövlət büdcəsinin gəlirləri bu illə müqayisədə 0,6 faiz artaraq 36 milyard 616 milyon manat, xərcləri 0,2 faiz azalaraq 39 milyard 667,6 milyon manat proqnozlaşdırılır. Büdcə kəsiri isə 3 milyard 51,6 milyon manat proqnozlaşdırılır ki, bunun da 87,6 faizinin borclanma hesabına maliyyələşdirilməsi nəzərdə tutulur.

Burada əsas risk neftin ixrac qiymətinin 70 dollardan götürülməsidir. Aydın məsələdir ki, neft qiymətinin az götürülməsi gəlirlər üzrə proqnozları kəskin azaldacaq və bu da büdcə kəsirinin artmasına səbəb olacaq. Kəsirin qapadılması isə borclanmanı artıracaq. Buna görə də neft qiyməti 70 dollar olaraq götürülüb. Bəs, qlobal və geosiyasi proseslər arzuolunmaz gedərsə, neft qiymətiin uzun müddətli aşağı olması halında ödəliklər necə təmin ediləcək? Borclanmanın artırılması, transfert və digər vəsitələrlə xərclər qarşılansa da sonrakı proseslərdə əlavə qayğılar yaranacaq”.

Ekspert ilkin təsdiqlənəcək büdcədə neftin qiymətinin 65 dollardan yuxarı götürülməsini doğru hesab etmir:

“İlin əvvəlində ümumi xərc göstəricisinin aşağı olması sevindirici xəbər təsiri bağışlamasa da, qorxulu da deyil. Onsuz da, hər ilin ortalarında büdcəyə yenidən baxılır. O zaman xərclərə yenidən baxaraq əlavələr etmək və illik hədəflərə nail olmaq mümkündür. Yetər ki, hazırkı məqamda risklər doğru sığortalansın. Düşünürəm ki, Milli Məclisin yeni formalaşmış komandası qanun layihəsinin müzakirəsi zamanı bu risk faktorunun azaldılması üçün bu təkliflərlə çıxış edəcəklər”.


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər