10:19
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Juninyo bizim üçün çox vacib oyunçu idi. Onun “Qarabağ”dan gedişinə hamımız kədərləndik. Çalışacağıq ki, üzərimizə düşən vəzifəni maksimum yerinə yetirərək, yoxluğunu dolduraq”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında “Qarabağ”ın futbolçusu Musa Qurbanlı Misli Premyer Liqasının XIX turunda “Şamaxı”ya qarşı keçirdikləri oyundan sonra deyib.

Ağdam klubunun forvardı Braziliya “Flamenqo”suna keçən sabiq komanda yoldaşına uğurlar arzulayıb: “Onu çox istəyirdik, həm də komandamızın vacib hissəsi idi. Şəxsi seçimidir, bu barədə heç nə deyə bilmərəm. Amma “Flamenqo” da çox böyük klubdur. Juninyo ölkəsinin ən böyük klublarından birinə transfer olundu. Bununla yanaşı, Braziliya onun evidir. Buna görə sevindik. Çünki karyerasında böyük addım oldu, arsusunu gerçəkləşdirdi. Ümid edirəm ki, hər şey onun üçün yaxşı olar. Juninyoya uğurlar arzulayırıq".

23 yaşlı hücumçu UEFA Avropa Liqasında sonadək mübarizə aparacaqlarını vurğulayıb: "Çalışırıq ki, öz üzərimizdə daha çox işləyək. “Şamaxı” ilə oyun tempə düşməyimiz üçün faydalı oldu. Əlimizdən gələnin ən yaxşısını edərək sonadək vuruşacağıq. Pley-off şansımızı düşünmədən maksimum hazırlaşırıq”.

Qurbanlı "Şamaxı"ya 3:2 hesabı ilə qalib gəldikləri matç haqqında da danışıb: “İlin ilk oyununda qələbə qazanmaq vacib idi. Çətin oyun idi. “Şamaxı” da bizə qarşı yaxşı mübarizə apardı. İki dəfə önə keçsək də, hesabı bərabərləşdirdilər. Əzmkarlıq göstərdik və çətin oyun olsa da, qalib gəldik. Rəqibimiz daim bizə qarşı yaxşı mübarizə aparır. Belə mübarizəli oyun özümüz üçün də xoşdur. Belə olduqda əzmkar və mübariz qarşılaşma alınır. Əsas odur ki, sonda qələbə qazandıq”.

Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının VII turu çərçivəsində yanvarın 23-də Ruminiyanin FCSB komandasını qəbul edəcək. Yanvarın 30-da isə Azərbaycan klubu Yunansıstanda “Olimpiakos”a qarşı VIII tur matçına çıxacaq. “Köhlən atlar” ilk 6 tur ərzində cəmi 1 xal qazana bilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər