16:15
3 725
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın hakim dairələrinin dəstəyi ilə hərəkət edən simasız şəxslər və manipulyasiya alətinə çevrilmiş medianın Azərbaycan və xalqımızın ünvanına səsləndirdiyi təhqirlərin şahidi oluruq. Ukrayna ilə müharibə şəraitində Rusiyanın maraqlarına zidd çıxış edən hər kəsin dərhal susdurulduğu bir dövrdə, Azərbaycanın ünvanına səsləndirilən bu həqarətlərin hakimiyyətin iradəsindən kənar baş verdiyini iddia etmək absurd görünür.

Teleqraf.com xəbər verir ki, bu sözləri jurnalist Elçin Alıoğlu deyib.

Onun sözlərinə görə, bu həqarətlər Kremlin icazəsi olmadan səsləndirilsəydi, həmin şəxslər çoxdan cəzalandırılmışdı, amma bu baş vermir:

“Bu isə yalnız bir şeyi göstərir: təhqirlər idarə olunur, Azərbaycan xalqını qəsdən təhqir edirlər. Bu çirkin kampaniyanın başında Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) dayanır. Gah neonasistlərin dili ilə Azərbaycanı hədələyir, gah da “Komsomolskaya Pravda” kimi təbliğat vasitələrində sifarişli məqalələr dərc etdirirlər. Bununla da Rusiya yalnız özünü daha da gülünc vəziyyətə salır, çünki belə davranışlar bir dövlətin nüfuzuna ləkə gətirməkdən başqa bir şey deyil.

Rusiya dostlarını qorumaq əvəzinə, düşmənlər qazanan siyasət yürüdür. Hətta Azərbaycan sərnişin təyyarəsi Rusiya səmasında vurulub, onlarla günahsız sərnişin həlak olduqdan sonra belə, Azərbaycan tərəfi heç bir təhqirə və təhdidə yol vermədi. Yalnız haqlı suallar verildi: bu faciəyə kim cavabdehdir?

Azərbaycan prezidenti məsələyə münasibət bildirərkən diqqəti yalnız obyektiv araşdırma və ədalətin təmin edilməsinə yönəltdi. Prezident günahkarların cəzalandırılması, məsuliyyətin qəbul edilməsi və zərərçəkənlərə kompensasiyanın ödənilməsinin vacibliyini vurğuladı. Ancaq Rusiya bu məsələdə dürüst davranmaq əvəzinə, həqiqəti gizlətmək üçün çirkin oyunlara üstünlük verir”.

Elçin Alıoğlu bildirib ki, pilotların danışıqlarını yaymaq, məsələnin mahiyyətindən diqqəti yayındırmaq üçün manipulyasiya etmək, günahı öz üzərindən atmaq cəhdindən başqa bir şey deyil:

“Əsas məsələ Azərbaycan təyyarəsinin vurulmasıdır, hansı hava limanına enmək qərarının kim tərəfindən qəbul edilməsi yox. Təyyarənin gövdəsində aşkar olunan “Pantsir” zenit sisteminin qəlpələrinə, partlamış oturacaqlara və sərnişinlərin aldığı qəlpə yaralarına izahat vermək əvəzinə, Rusiya məsuliyyətdən yayınmağa çalışır.

Azərbaycan həmişə etik normalara riayət edib. Nə Azərbaycan mediası, nə ekspertlər, nə də ictimaiyyət səviyyəsiz təhqirlərə yol verib. Amma Rusiyadan gələn iyrənc sovet dövrü təbliğatları, təhqiredici şoular heç bir halda qəbul edilə bilməz.

Azərbaycan xalqı Rusiyadan məsuliyyətli davranış gözləyir. Ədalətli istintaqın aparılması, cinayətkarların cəzalandırılması və kompensasiyaların ödənilməsi bu məsələdə ən təbii gözləntilərdir. Amma bunun əvəzinə, Rusiya ucuz manipulyasiyalarla öz cinayətkar səhlənkarlığını ört-basdır etməyə çalışır”.

Jurnalist əlavə edib ki, bu məsuliyyətsizlik təkcə Azərbaycan xalqına yox, həm də Rusiyanın öz beynəlxalq imicinə ağır zərbədir:

“Əgər Rusiya ədalətli davranmasa, bu, onun öz təcridini daha da dərinləşdirəcək. Azərbaycan ədalətsizliyə göz yuma bilməz və yummayacaq. Bu məsələ mütləq ədalətli həllini tapmalıdır. Rusiya anlamalıdır ki, həqiqəti nə qədər gizlətməyə çalışsa da, həmişə gün işığına çıxacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər