“Yanvarın 16-da Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə iki ölkə arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyasının on birinci görüşündə əldə olunan razılaşma əhəmiyyətlidir. Bu fakt onu göstərir ki, danışıqlar prosesində Azərbaycanla Ermənistan üçün ikitərəfli format daha məqsədəuyğundur”.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.
Deputat bildirib ki, iki ölkə arasında sərhədlərin delimitasiyasına ötən ilin aprelindən başlanıb. Əldə edilən razılığa uyğun olaraq həmin ilin may ayında isə Qazaxın işğal altında olan 4 kəndi Azərbaycana qaytarılıb. Belə ki, ikitərəfli dialoqun nəticəsi olaraq Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndləri ölkəmizə təhvil verilib. Mayın 24-də qeyd olunan kəndlərin əraziləri Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb. Delimitasiya işləri nəticəsində 12,7 kilometr uzunluğunda sərhəd xətti artıq müəyyən edilib.
“Heç bir vasitəçi olmadan, heç bir üçüncü dövlətin və yaxud təşkilatın dəstəyinə zərurət duyulmadan bu razılaşmalar əldə olunur. İndiyə qədər müəyyən bir ərazi, yəni Azərbaycanla Ermənistan sərhədlərinin şimal hissəsində razılaşma var. 12.7 km olsa da, çox müsbət nəticədir. Hesab edirəm ki, komissiyanın iclasında əldə edilmiş razılaşma prosesi daha da sürətləndirəcək. Növbəti mərhələlərdə Ermənistan konstruktiv mövqe tutarsa bütün bunlara nail olmaq mümkündür”, - deyə millət vəkili vurğulayıb.