Gəncədə Nizami məqbərə kompleksində çatlar yaranıb, ərazidən keçən yol çöküb.
Teleqraf.com-un yerli bürosu xəbər verir ki, çatlaar məqbərənin pilləkənlərində və stünlarda yaranıb, bəzi üzlük lövhələr qopub.
Dərin çatlar aydın görünəcək həddə çatıb. Məsələ ilə bağlı Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən Teleqraf.com-un yerli bürosuna bildirilib ki, Nizami Gəncəvi məqbərə kompleksinin ərazisinin müəyyən hissələrində zamanla çatlar yaranıb.
Qeyd olunub ki, ərazi tökmə torpaq olduğundan, yaxınlıqdakı körpüdən minik və yük avtomobillərinin yüksək sürətlə keçidi nəticəsində yaranan titrəmələr çatların yaranmasına səbəb olub:
"Belə halların qarşısının alınması məqsədilə aidiyyəti üzrə Daxili İşlər Nazirliyinə ərazidə sürət həddinin aşağı salınması üçün müraciət olunub və sürət həddinin azaldılması ilə bağlı qərar verilib. Ərazidə sürət həddinin aşağı salınması ilə bağlı yeni yol nişanları da quraşdırılıb. Görülmüş tədbirlərdən sonra, yaranan çatlarda hər hansı genişlənmə müşahidə olunmayıb. Çatların aradan qaldırılması istiqamətində əlavə tədbirlərin görülməsi nəzərdə tutulur".
Qeyd edək ki, 1947-ci ildə görkəmli Azərbaycan şairinin qəbirüstü türbəsinin yerində inşa olunan məqbərədə 1991-ci ildə yenidən əsaslı təmir və tikinti işləri aparılıb. Ərazi böyüdülüb, məqbərənin önündən keçən magistral yolun üzərində körpü inşa olunub. 2011-2012-ci illərdə aparılan təmir işləri zamanı körpünün daşıyıcı sütunları yanında gücləndirici dayaqlar qoyulub. Ancaq bu da zamanla yeni çatların yaranmasına mane ola bilməyib. Məqbərə kompleksi tökmə torpaq üzərində inşa olunub.