15:20
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin ATƏT Parlament Assambleyasında (PA) nümayəndə heyəti ATƏT PA və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu tərəfindən “Pekin Fəaliyyət Platforması: Parlamentlərin rolu” mövzusunda təşkil edilmiş onlayn seminarda iştirak edib.

Bu barədə Teleqraf.com-a Milli Məclisdən məlumat verilib.

Tədbirdə Milli Məclisin ATƏT PA-da nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva çıxış edərək, Azərbaycanın gender bərabərliyinin təmin edilməsi və qadın hüquqlarının gücləndirilməsi sahəsində əldə etdiyi əlamətdar nailiyyətlərdən bəhs edib.

Deputat vurğulayıb ki, ölkəmizdə qəbul edilmiş “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanun qadınlara qarşı zorakılığın aradan qaldırılmasında, gender stereotiplərinin sarsıdılmasında və cəmiyyətdə bərabər imkanların təmin olunmasında əhəmiyyətli rol oynayır.

Həmçinin qadınların iqtisadi və sosial sahələrdə aktiv iştirakını təmin etmək məqsədilə həyata keçirilən “Məşğulluq Strategiyası (2019–2030)”, “Qadın Resurs Mərkəzləri” və “Rəqəmsal Qızlar” kimi layihələrin əhəmiyyəti xüsusi qeyd edilib. Bildirilib ki, “Məşğulluq Strategiyası (2019–2030)” qadınlar arasında işsizliyin və əməkhaqqı bərabərsizliyinin azaldılmasına, onların əmək bazarına daha aktiv inteqrasiyasına, eləcə də qadın sahibkarlığının dəstəklənməsi və rəqəmsal bacarıqların inkişafının təşviqinə mühüm töhfə verir.

Bununla yanaşı, Azərbaycanın post-münaqişə dövründə gender əsaslı mövzulara üstünlük verdiyi də diqqətə çatdırılıb. Vurğulanıb ki, işğaldan azad edilmiş ərazilərdə qadınlar minalardan təmizləmə prosesində, məcburi köçkünlərin təhlükəsiz şəkildə yenidən inteqrasiyasında və yenidənqurma layihələrində mühüm rol oynayırlar. Bu sahədə beynəlxalq əməkdaşlığın və təcrübə mübadiləsinin dayanıqlı nəticələrin əldə edilməsi üçün vacibliyindən bəhs edilib.

Sevinc Fətəliyeva Azərbaycanın Pekin Fəaliyyət Platformasının prinsiplərinə sadiqliyini və gender bərabərliyi sahəsində davamlı irəliləyişlərə nail olmaq üçün göstərilən səylərin ardıcıl şəkildə davam etdiriləcəyini söyləyib.

Xatırladaq ki, 1995-ci ildə qəbul edilmiş Pekin Bəyannaməsi və Pekin Fəaliyyət Platformasının məqsədi qadınların siyasi, iqtisadi və sosial vəziyyətlərinin yaxşılaşdırılmasına nail olmaq, o cümlədən, onların inkişaf proseslərində yaxından iştiraklarına mane olan amilləri aradan qaldırmaq və cəmiyyətdə rollarını artırmaq üçün milli səviyyədə və beynəlxalq əməkdaşlıq çərçivəsində səylər göstərməkdən ibarətdir. Bir sıra regional təşkilatlar, o cümlədən, ATƏT bu istiqamətdə müvafiq fəaliyyət həyata keçirir. Milli Məclis beynəlxalq parlament platformalarında sözügedən sahədə həyata keçirilən proseslərdə həmişə yaxından iştirak edir.


Müəllif: Məlik Məlikov

Oxşar xəbərlər